"Bu musiqimiz üçün qara ləkədir”
Müğənni Səməd Səmədovun xalq artisti adına layiq görülməsi cəmiyyətdə böyük ictimai təpki doğurub. Əksəriyyət sual edir: “Azərbaycanın dövlət himinin sözlərini, müəlliflərinin adını belə bilməyən bir insan necə xalq artisti adı ala bilər?”
Onun bir çox həmkarları da bunu düzgün saymırlar. Müğənni Əli Mirəliyev 24saat.az-a deyib ki, S.Səmədovun bu fəxri ada layiq görülməsi Azərbaycan musiqisi üçün qara ləkədir: “Mən Mədəniyyət və Turizim Nazirliyinə, cənab nazirə şəxsən “təşşəkür” edirəm ki, ömrünü musiqi sənətinin inkişafına həsr etmiş, yaşları 80-ni haqlamış Süleyman Abdullayev, Nazim Ağayev qala-qala, Səməd Səmədova xalq artisti adı verdi. Yəqin ki, yaxşı “görüm-baxım” edib. Amma bir papaqlarını qabalarına qoyub fikirləşsinlər ki, Səməd kimilər belə adlar aldıqca Azərbaycan musiqisinin axırı necə olacaq”.
Ə.Mirəliyev əlavə edib ki, S.Səmədovun musiqi sənətindən xəbəri yoxdur.
“Səməd Səmədovun Azərbaycanın himnini bilməməsi təbidir. Çünki Azərbaycan musiqisi ona yaddır. Səmədin anası onun beşiyi başında lay-lay deməyib. Ümumiyyətlə, bu adam musiqi nədir bilmir. Adamı ən çox yandıran isə onun bu adı alması üçün təqdimat verənlərin hərəkətidir. Bir nazir ki, Azərbaycan musiqisini bilmir, kimin sənətçi, kimin qoyunotaran olduğunu aydınlaşdıra bilmir, onun nə haqqı var bu vəzifədə oturmağa. Hesab edirəm ki, Səməd Səmədova xalq artisti adı verilməsi bizim musiqimiz üçün qara ləkədir”.