"Veto qoyacaqsansa, müttəfiqini itirəcəksən"
Simsar.az-ın verdiyi məlumata görə, şahzadə “New York Times” qəzetində dərc olunan məqaləsində ABŞ-ın Fələstinin müstəqilliyinin elan olunması barədə BMT qətnaməsinə veto qoyacağı halda Vaşinqtonu Səudiyyə Ərəbistanı və ABŞ arasında ittifaqın dağılacağı ilə hədələyib.
“Veto qoyacaqsansa, müttəfiqini itirəcəksən” başlıqlı yazıda vurğulanır ki, Fələstinin müstəqilliyinə veto qoyacağı təqdirdə ABŞ və Səudiyyə Ərəbistanının yolları birmənalı ayrılacaq. Turki bin Fayzall əl-Saud qeyd edib ki, bu halda Səudiyyə Ərəbistanı ABŞ-la əməkdaşlıq edəcək durumda olmayacaq: “Ərəb dünyası tektonik dəyişikliklər yaşayır. ABŞ-la xüsusi münasibətlərə ərəb və müsəlman dünyasında ikrahla baxılır. İslam xalqları Fələstinə azadlıq tələb edirlər. Daxili və xarici təzyiqlər nəticəsində Səudiyyə Ərəbistanının liderləri daha müstəqil və inadlı xarici siyasət həyata keçirmək məcburiyyətində qalacaqlar. Səudiyyə Ərəbistanı ABŞ-a qarşı çıxaraq, Bəhreyndəki monarxiyanı qoruduğu kimi Vaşinqtonun maraqlarına zidd siyasət həyata keçirə bilər. Məsələn, İraqdakı Nuri əl-Maliki hökumətini tanımamağa davam edər və bu ölkədə səfirlik açmaz. Eyni sözləri Əfqanıstan və Yəmən haqqında da söyləmək olar”.
Şahzadə yazıb ki, ABŞ daxili iqtisadi problemlərlə daha çox məşğuldur və Fələstin-İsrail münaqişəsinin həllinə diqqət yetirə bilməz: “Ona görə də ABŞ səhnəni tərk etməli, Səudiyyə Ərəbistanının, avropalıların və ağıllı ərəb rejimlərinin Fələstinin hüquqlarının BMT-də tanınması istiqamətində irəliləyişlə bağlı səylərinə mane olmamalıdır. İsraillilər özləri də etiraf edirlər ki, məhz Səudiyyə Ərəbistanı Fələstinin siyasi və maliyyə müstəqilliyinə real dəstək verə bilər. 2009-cu ilin iyunundan Səudiyyə Ərəbistanı Fələstin hökumətinə 2,5 milyard dollar yardım edib və bu sahədə ən böyük donordur. Fələstinlilər fundamental hüquqlarını təmin edənə qədər bu maliyyə yardımları əvəzsiz olaraq ayrılmağa davam edəcək”.
Turki bin Fayzall əl-Saud baş verən inqilab dalğasından Səudiyyə Ərəbistanının ziyan çəkməyəcəyini, Suriya və İranın isə uduzacağına inanır.
Qeyd edək ki, Turki bin Fayzall əl-Saud Sədudiyyə Ərəbistanının Milli Kəşfiyyat Xidmətinin direktoru, ABŞ və Böyük Britaniyada səfir olub, hazırda Səudiyyə Ərəbistanının xarici işlər naziri postuna ən real namizəddir. Turki bin Fayzall əl-Saudun məhz ölkədəki hakim rejimin mesajını çatdırdığı şübhə doğurmur.