|
“QADIN DOSTLARIMLA DAHA ÇOX PAYLAŞA BİLİRƏM, NƏİNKİ KİŞİLƏRLƏ” - FOTOSESSİYA
“İndi çoxu AYB-yə göz dikib, amma buranın bir illik puluna hansısa məmur hovuzuna delfin alır”
“Cavanşirlərlərin, pornoqrafik sayt yaradan Qanturalının fikirləri mənim üçün o dərəcədə maraqlı deyil”
Azərbaycan Yazıçılar Birliyinin katibi kimi hesab edirəm ki, ”Ədəbiyyat" qəzetinin rəhbərliyi dəyişdirilməlidir. “Ədəbiyyat” qəzetinin ona ayrılan maliyyə ilə belə zəif çıxması bizim üçün də təəssüfləndiricidir”. Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi Rəşad Məcidin açıqlamalarından biri.
Bura Rəşad Məcidin Yazıçılar Birliyindəki katib otağıdı. Stolun üstündə tənqid etdiyi “Ədəbiyyat” qəzeti var. Hər nə olsa da, Yazıçılar Birliyinin orqanını onun katibi necə oxumasın axı...
Rəşad Məcid təyin etdiyimz vaxtda gəlmədi. Gecikdi. Düz 45 dıəqiqə. Artıq zəng çölə vurulmuşdu. Necə deyərlər, ikinci dərsə başlamalıydıq. Ona görə də ilk verəcəyim sualdan öncə situasiyaya uyğun iki ard-arda sual verdim.
Simsar.az saytının oxucuları üçün müsahibə belə başladı. Kiminlə? Əlbəttə, Azərbaycan Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi, “525-ci qəzet”in baş redaktoru, publisist, yazıçı, şair Rəşad Məcidlə.
- Müsahibənin vaxtını saat 12:30-a təyin etsək də, 45 dəqiqə gec gəldiz. Həmçinin gələndə də dediz ki, Çingiz Abdullayevi 1 saat gözləyə bilirsən, məni 15 dəqiqə yox?...Bu müqayisəni necə başa düşək?
- Yadımdadır ki, sən Çingiz müəllimdən müsahibə almaq istəyəndə onu düz 1 saat gözlədin. Mən isə bu gün tədbirdə idim, ona görə gecikdim. Hər halda 15 dəqiqə gözləmək olar.
- Özünüzü Çingiz Abdullayevlə niyə müqayisə etdiz?
- Bilirəm ki, Çingiz müəllimin dostusan, ona görə bunu sənə zarafatla dedim. Müqayisə etmədim, Çingiz müəlim onsuz da dünyada məşhur yazıçıdır.
- Yazıçı, publisist, şair və qəzetçi. Bunlardan hansı daha çox Rəşad Məciddir?
- Baxır məqamına. Hərəsinin öz yeri, öz məqamı var. Elə vaxt olub ki, özümü daha çox şeirlə ifadə etmişəm. Elə vaxt olub ki, hansısa hekayədə nasir olmuşam. Amma mənə elə gəlir ki, daha çox redaktor və publisist kimi öz fikrimi çatdırmağı sevirəm. Məni daha çox redaktor və publisist hesab etmək olar.
- Baş redaktoru olduğunuz “525-ci qəzet” niyə əvvəlki kimi çıxmır?
- Biz jurnalistikada xeyli işlər gördük. Hazırda müxtəlif mətbu orqanlarda çalışan jurnalistlər var. Onlar vaxtı ilə elə “525-ci qəzet”də yetişiblər, inkişaf edib, tanınıblar. Hesab edirəm ki, bu gün jurnalistikamızın parlaq dövrü deyil. Bir sıra qəzet, jurnal və saytların yenilik adı ilə təqdim etdiklərini biz 10, 15 il bundan əvvəl “525-ci qəzet”də etmişik. Ona görə də, indi onların etdiyi bizə gülməli görsənir, hətta bu işləri görənlərə də sadəlövh kimi baxırıq. “525-ci qəzet” son 10, 15 ildə müstəqil sözün inkişafında, Azərbaycan mədəniyyətinin, ədəbiyyatının təbliğində yeri və rolu olan bir qəzetdir. Biz də onunla fəxr edirik.
- Əvvəl bu qəzet missiyasına uyğun olaraq, daha müstəqil idi. Bu gün məsələn, hakimiyyətin siyasətini ciddi tənqid edən yazılar dərc edə bilirsizmi?
- Hakimiyyətin ayrı-ayrı qurumları, müxtəlif məmurlar barədə tənqidi yazılarımız olur. “525-ci qəzet” 90-cı illərin əvvəllərində və ortalarında hökümətə qarşı sərt mövqedə dayanan, müxalif qəzet idi. 2000-ci ilin əvvəllərində bir fərd, vətəndaş və ziyalı kimi öz mövqeyimi bildirdim və hesab etdim ki, bu cür sərt tənqidçi qəzet olmaq o dərəcədə mətbuata və ölkəmizə xeyir gətirməyəcək. Bu baxımdan təxminən 2000-ci illərdən sonra “525-ci qəzet” hökümətə qarşı tənqidlərində loyal mövqe tutur. Təəssüf ki, hazırda ölkəmizdə sərt iqditar və müxalifət bölgüsü var. Biz isə orta mövqeyi tutmaq istəyirik. Qismən buna nail olmuşuq. Ortaq mövqedə dayanan qəzet yaratmq ideyası həmişə olub, amma təəssüf ki, onların ömrü cəmi 3, 5, 6 ay sürüb. Elə bir qəzet istəmişik ki, orada hökümət və müxalifət nümayəndələri rahat çıxış edə bilsinlər. “525-ci qəzet” belələrindəndir. Bizim elə ən böyük qəhrəmanlığımız “525-ci qəzet”in bu mövqeyini qoruyub saxlamaqdır.
- Əli Həsənov mətbuata açıqlamasında bildirib ki, Azərbaycanda qəzetlər ya ifrat dərəcədə tərifləyir, ya da pisləyir. “525-ci qəzet” hansı katiqoriyaya aiddir? Deyirsiz ortaq mövqedəsiz...
- Son 10 ildə mətbuat iqtidarla müxalifət arasında bir-birinə kəskin mövqedə dayanan iki cəbhəyə ayrılıb. Heç bir məqbul ölkələrdə belə hallar baş vermir. Ona görə də biz həmişə çalışmışıq ki, həm iqtidarla, həm müxalifətlə eyni məsafədə, yəni ortada dayanaq. Müəyyən vaxtlarda dayanmağı bacarmışıq, müəyyən vaxtlarda ola bilsin birinə qarşı daha çox tərəfkeşlik etmişik. Bununla belə düşünürəm ki, orta mövqedə dayanan qəzetlər çox olmalıdır. Gərək hökümət çoxsaylı dövlət tərəfindən maliyyələşən, dövlətin təsisçisi olduğu mətbu orqanlardan əl çəksin. Çünki Azərbaycanda həddindən artıq rəsmi qəzetlər var. Azərbaycanda reklamların hamısı tender haqqında qanuna görə rəsmi qəzetlərdə çap olunmalıdır. Hesab edirəm ki, ölkədə bu qədər rəsmi qəzetin olması absurddur. Gərək dövlət də bu qədər rəsmi qəzetlərin hamısından imtina edərdi, tək birini saxlayardı. Rəsmi qurumların qəzetlərinə ehtiyac yox idi. Biri olsa kifayət edərdi. Normal reklam bazarı olsa Azərbaycanda müstəqil mətbuat inkişaf edərdi. Müstəqilliyimizin 20 illiyini keçiririk, amma təəssüf ki, bizim istədiyimiz, arzuladığımız müstəqil mətbuat hələ də formalaşmayıb.
- Deyirsiz ki, “525-ci qəzet” orta mövqedə dayanan qəzetdir. Yəni hər iki tərəfə söz haqqı verir. Bəs Əli Həsənovun yanaşmasını necə başa düşək?
- Həmişə istəmişik ki, ortaq mövqedə dayanaq. Amma çox vaxt obyektiv və subyektiv səbəblər buna mane olub. Əli Həsənov bizim qəzetin 10 illik yubileyi zamanı çıxışında da bildirib ki, “525- ci qəzet” ortaq mövqedə dayanan, informasiyaları obyektiv çatdıran qəzetdir. Yəqin ki, o, müxalifət qəzetlərinin hədsiz radikallığını, rəsmi dövlət mətbuatının da birtərəfli, yalnız mədhiyyə deməsini nəzərdə tutub belə deyib.
- Yeri gəlmişkən Əli Həsənov deyir ki, oxucular mətbuata inanmır.
- Bu peşəyə çoxlu təsadüfü, kənar adamlar gəldi. Çoxu qəzet açdı, yalan, şaiə yazmağa başladı. İnsanların mətbuata olan etibarı azaldı. Bu gün jurnalistika öz dəyərini itirib. Daha ciddi problem isə internet medianın yaranmasıdır. Məsuliyyətsiz yazılar hədsiz dərəcədə çoxalıb. İntellektual mülkiyyət maddi qarşılığını itirib.
- KİV fondundan artıq 4cü dəfədir ki, qəzetlərə pul ayrılır. Eləcə də sizin qəzetə. O puldan əməkdaşların maaşının üstünə pul gəldimi? Məsələn, 300 manat alan əməkdaşınız indi 600 manat ala bilirmi?
- Elə bir dəyişiklik olmadı. Layihədə iştirak edənlər aldığı maaşdan bir qədər çox aldılar. Bu gün jurnalistlər ölkənin ən kasıb təbəqəsidir.
-İlk dəfə MDB məkanında Mətbuat Şurası yaradıldı. Sizcə onun yaranması Azərbaycan mətbuatının inkşafına səbəb oldu yoxsa geriləməsinə?
- Mətbuat Şurası sadəcə tənizmləyici bir qurumdur. Bu qurum ictimaiyyət ilə məmurlar və dövlət arasında bir vasitədir. Bu qurumun mətbuata çox köməyi olub.
- Amma mətbuat bunu öz həyatında hiss etmədi...
- Çünki mətbuatın inkişafı çox geridədir.
- Sizin nəslin nümayəndələri cəmiyyət üçün daha gərəkli işlər görürdülər, yoxsa sonrakı nəslin nümayəndələri?
- Biz keşməkeşli bir dövrdə yaşamışıq. Sovet dövrü dağıldıqdan sonra çox ilklər yaşamışıq. Bu, taleyin bizə yazdığı bəxtdi. İndiki nəsil isə hər şeyin hazırına sahib çıxıb.
- 3 şeiri olana AYB-nin təqdimatı ilə prezident təqaüdü verilir. Sayı heç, hətta o şeirlərin səviyyəsi belə, nəzərə alınmır. Qurumun rəhbər vəzifəsində çalışan şəxs kimi sizcə bu hallar necə baş verir?
- Təqaüd alanların hamısı dahi deyil. Bu təqaüdün verilməsinin mahiyyətində də o durur ki, onlar kitablarını dərc edə bilsinlər. Həm yaşlı, həm cavan yazıçılara bu təqaüdlər verilir. Yazıçılar Birliyində gənclər aktiv olduqlarına görə, bu qurumdan umacaqları çoxdur. Ola bilsin, bu daha bariz görünür.
- AYB-nin gənclər üzrə katibisiz. Sizdən razılıq edən yaradıcı gənclərlə yanaşı narazılıq edənlər də var. Onların iradlarını dinləmisiz?
- Həmişə dinləyirəm. Narazı gənclərin iradları əsasən onunla bağlıdır ki, onlar Yazıçılar Birliyindən təqaüd almırlar.Daha bilmirlər ki, bu quruma üzv olmadan təqaüd almaq mümkün deyil. Narazılar da üzv olsa, təqaüd alarlar. Bir sıra gənclər isə özünü təsdiq etmək üçün, Yazıçılar Birliyinin rəhbərini tənqid edirlər. Bu onların tutduğu yalançı bir yoldur. Ədəbiyyata təsadüfü gələnlərin hamısı elə gəldiyi kimi də bir-bir çıxıb gedəcək. Ədəbiyyatın ağırlığını, çətinliyini öz çiyinində daşımağı bacaranlar isə qalacaq. - Təsadüfü gələnlər kimlərdi?
- O qədər var ki...Bu günə kimi ədəbiyyata yüzlərlə insan gəlib. Çoxunun da arzusu tez məşhurlaşmaqdır. Yazırlar, çap olunurlar, amma 5, 10 il keçir görürsən ki, həmin şəxslər ədəbiyyatda yoxdur və tamam başqa sahəni seçiblər.
- Ömrünün sonuna kimi ədəbiyyatda qalan, saysız, hesabsız kitablar nəşr etdirən əsl ədəbiyyatçılar hesab olunur? Bəlkə subyektiv yanaşırsız. Bir çoxları da sizin barənizdə bu cür düşünür. Deyirlət ki, siz də ədəbiyyata təsüdüf gələnlərdənsiz?
(Sualım Rəşad müəllimi bir xeyli əsəbləşdirir. Amma özünü təmkinli apararaq, cavablandırır)
- 47 yaşım var və 47 ildir ki, ədəbi mühitin içərisindəyəm. Hansısa ticarətlə məşğul olmadım, polisdə işləmədim. 20 ildir “525-ci qəzet”i çıxarıram. Hələ mətbu orqanlar az olanda, heç kim ədəbiyyatı çap etməyəndə, “525-ci qəzet” bütün bunlara yer verib. Bugünkü gözə girən oğlanlar “tumançaq” gəzəndə, biz daha vacib işlər görmüşük. Cavanşirlərlərin, pornoqrafik sayt yaradan Qanturalının fikirləri mənim üçün o dərəcədə maraqlı deyil.
- Belə bir məşhur fikir var:yaşamaq istədiyini dünyanı özün qur. Rəşad Məcid media açarı mükafatının qaliblərindən biri oldu etirza etdi, Milli Kitab mükafatının münsiflər heyyətindən nəticələrə etiraz olaraq getdi...
- Mənə elə gəlir ki, sənin yadında mənimlə bağlı ancaq mənfi informasiyalar qalıb.
- Sualım sizi niyə qıcıqlandırdı? Mən sizi iradəli insan kimi tanıyıram.
- Əlbəttə iradəli insanam. Qətiyyən qıcıqlanmadım.
- Demək istəyirəm ki, bəlkə özünüz yaradıcı adamlara hesablanan mükafat təsis edəsiz. Hər halda sizin ictimai vəzifələriniz də buna imkan verir...
- Bu barədə Yazıçılar Birliyində müzakirələrimiz olub. Ola bilsin bu ilin axırı, gələn ilin əvvəlinə belə bir mükafat təsis edilsin. Amma bu mükafatların hamısını müstəqillik dövründə “525-ci qəzet” edib.
- Çoxları ədəbi mühitdə mükafataların əleyhinədir...
- Çoxları fəxri adların da əleyhinədir. Ədəbiyyata illərini verən yazıçının əməyi hansısa bir formada qiymətləndirilməlidir. Mükafatların, fərxi adların olması vacibdir. Bu mükafatlar stimuldu. Milli Kitab mükafatı da maraqlı mükafatlardandır. Ədəbi mühitdə canlanma yarada bildi. Problem orasındadır ki, müsabiqənin münsif heyətinə brendləri seçsələr də, onlar onluğa düşən müəllifin kitablarını oxumurlar. Elə adamlar olmalıdır ki, heç olmasa o kitabları oxusun.
- Sizin sözünüzdən belə çıxır ki, münsiflər o kürsüdə maryanetka kimi otuzdurulur? O zaman qaliblər necə müəyyənləşir?
- Münsif oxumur, sadəcə kənar adamların rəyi ilə qiymət verilir.
- O kənar adamlar kimlərdir?
- Məsələn, təşkilatçı, ya da başqa adamlar ola bilər.
- Kənar adama da seçim səlahiyyəti verilər?
- Ola bilər. Başqa münsiflərdən də soruşa bilərlər. Bu dəfə belə oldu. Münsifin həmin əsərləri oxumağa vaxtı və imkanı yoxdur. Gələcəkdə münsiflər heyyətinə obyektiv, ədəbiyyatı bilən adamlar əlavə olunsa, obyektiv müsabiqə keçirtmək olar.
- Bir yaradıcı adam kimi Azərbaycan cəmiyyətinin bu günkü durumuna necə qiymətləndirərsiz?
- Azərbaycan cəmiyyətinin indiki durumuna birmənalı qiymət vermək olmaz. Bu gün cəmiyyətimizin ən böyük problemi insanların madiyyat uğrunda mubarizəyə qoşulmasıdır. Bu həm də kapitalizmin gətirdiyi bir bəladır. Mənəviyyata, ədəbiyyata diqqət sonkarı plana keçib. Yüngül, boz şou-biznes daha çox irəli keçib. Bu da insanları xeyli dərəcədə depressiyaya salıb. İnsanlar öz həyatını qura bilmir. Bu gün cəmiyyətdə laqeydlik, məsuliyyətsizlik baş alıb gedir. İctimai rəy çox zəifdir. Azərbaycan məmurlarında, iş adamlarında ölkəmizin sərvətlərinə qarşı həddindən artıq görməmişlik var. Dənizin sahillərini hasarlamaqdan tutmuş, digər yerləri hasralmağacan görməmişlik baş alıb gedir. Ümid edirəm ki, bizdə bu çalxalanmalar sakitləşdikdən sonra artıq həqiqi dəyərlər ortaya çıxacaq və insanlar belə çətin yaşamdan daha rahat yaşama keçəcəklər.
- İnanırısz?..
- Əlbəttə inanıram. Sovet vaxtı jurnalist olmaq istəyəndə 4, 5 qəzet var idi. Jurnalistin ən böyük arzusu qəzet redaktoru olmaq idi. O arzuma çatmışam. Vaxtilə Yazıçılar Birliyinin qarşısında dayanıb, katib olmaq arzusu ürəyimdən keçirdi. Bu gün burada katibəm. Hər iki arzuma çatmışam. Hazırda elə bir böyük arzum, iddiam yoxdur. Hərisliklə nəyisə əldə etmək hissindən uzağam. Məni sevənlər var, telefonumda onların sevgi mesajları, dəstəkləri mənə ruh verir.
- Sevgi mesajlarını qadınlar yazır?
- Bəli. Mən qadın dostlarımla daha çox bölüşə, paylaşa bilirəm, nəinki kişilərlə. Qadın dostları daha çox etibarlıdır. Onlar hadisələri dərindən təhlil edə bilirlər.
(Söhbətimizin bu məqamında Çingiz Abdullayevin otağa daxil olması, fasilə verməyimizə səbəb olur. Görünür müsahibənin əvvəlində Rəşad müəllimə verdiyim sual onda bir xeyli nigarançılıq yaratmışdı. Çünki içəri daxil olan Çingiz müəllimə sualın yaranma səbəbini aydınlaşdırır. Deyir ki, müsahibəyə gecikdiyim üçün mənə zəng vuran Aynurə xanıma zarafatla dedim ki, Çingiz Abdullayevi 1 saaat gözləyə bilirsən, məni 15 dəqiqə yox. Sonra da xəfif bir təbbəsümlə üzümə baxaraq, deyir, səni satdım. Mənsə onu yazımda satacağımı deyirəm. Gülürük və söhbətimizə davam edirik )
- Arzularınızdan danışdız. 3 dəfə deputat olmaq istəmisiz, alınmayıb. Ürəyinizdə yenə deputat olmaq arzusu qalıbmı?
- Əvvəl bir neçə dəfə deputatlığa namizədliyimi irəli sürmüşəm. Düzü indi belə bir arzum yoxdur.
- AYB-nin sədri olmaq istəyənlər arasında sizin də adınız hallanır. Bu posta sahib çıxmağa hazırsız?
- Nəinki Yazıçılar Birliyinin sədri postuna, ondan da yüksək postlara özümü hazır və layiq görürəm. Anar müəllim 22 ildir Yazıçılar Birliyinin sədridir, 7 ildir ki, onunla bir yerdə işləyirəm. Onu yaxından tanımaq şanısım olub, başa düşmüşəm ki, bu tipli insanlar bir də olmayacaq. Bu insanlar sovet dövrünün yetişdirdiyi nəhəng insanlardır. Zaman gələcək Anar müəllimin əleyhinə olanlar səhvlərini anlayacaq. İndi sədd yoxdur, sədr iki dəfədən artıq da seçilə bilər. Mən istəyirəm ki, Yazıçılar Birliyinin sədri yenə də Anar müəllim olsun. İndi çoxu AYB-yə göz dikib, amma buranın bir illik puluna hansısa məmur hovuzuna delfin alır.
- Adicə Yazıçılar Birliyinin təsisçiliyi çıxan qəzetlərə yetərincə maliyyə ayrılır. Niyə göz dikməsinlər ki...
- Yazıçılar Birliyinin jurnallarla birgə bir illik büdcəsi 1 milyon 2 yüz min manatdı. Bu nə puldur ki?..
- 1 milyon iki yüz min manat az məbləğ deyil...
- Yazıçılar Birliyinin bir illik büdcəsi bütün xərclərlə birgə 1 milyon 2 yüz min manatdı. Bu məbləği də Mədəniyyət Naziliyi verir. - AYB sədri olsanız Anardan fərqli olaraq, nə edərdiz?
- Anar müəllimin gördüyü işlərin davamını görərdim.
- O zaman sədrin dəyişməyinə nə ehtiyac var...
- Mən də elə onu deyirəm də. Ehtiyac yoxdur. Anar müəllimi çox sevirəm, ona görə, onun təklifi ilə Yazıçılar Birliyinə gəlmişəm. Çox istəyirəm ki, növbəti qurultay olsun və biz yenə Anar müəllimi bu posta seçək.
Aynurə Həsənova
8 Sentyabr, 2011 15:53 ⁄ Baxılıb: 2584 ⁄ Çap
Bu bölmədə
|
|
|