Məktubda Hərbi Akademiyadakı özbaşnalıqdan danışılıb
Türkiyənin “Ensonhaber.com” saytı Azərbaycandakı Hərbi Akademiyada təhsil alan müdavimlərin müdafiə naziri Səfər Əbiyevlə bağlı şikayətlərini dərc edib.
Türk əsilli öyrəncilərə Hərbi Akademiyada ağır təzyiqlərin edilidiyini yazan saytın xəbərinə görə, Ali Baş Komandan İlham Əliyev iddialara ciddi yanaşaraq Təhlükəsizlik Şurasının toplantısını keçirib.
Qeyd edək ki, gənc hərbçilərin məktubu anonim xarakter daşıyır və bu günlərdə məktub “Yeni Müsavat” qəzetində dərc edilib. “Yeni Müsavat” qəzeti isə anonim məktub müəlliflərinin Hərbi Akademiyanın zabitləri olduğu bildirilir.
Anonim müəlliflər bildiriblər ki, Hərbi Akademiyada təhsil alan azəri türklərinə qarşı ögey münasibət var.
“Akademiyada təhsil alanların 92 faizinin türk olmasına baxmayaraq rəhbərlikdə təmsil olunanların əksəriyyə ləzki əsilli müdafiə nazirinin soydaşlarıdır” deyə qeyd edən, müdavimlər rəhbərlikdə təmsil olunan və bir müddət öncə prezident tərəfindən cəzalandırılaraq korpus komandiri vəzifəsindən uzaqlaşdırılan Çingiz Şəfiyevdən şikayətləniblər: “O, müəllimlikdən çıxarılmasa dərslərə girməyəcəyik. Həmçinin Rusya Hərbi Akademiyasında rüşvət yolu ilə oxumuş Akademiyanın rəhbəri Nəcəf Qumbarov istefaya gönderilsin. Səhər 08:00-da işə gəlir, uzun bir qəhvəaltından sonra 13:00-a qədər yatır”.
Müdavimlər S.Əbiyev barədə də tənqidi fikirlər səsləndiriblər və onu korrupsiyada ittiham ediblər.
Müdafiə Nazirliyindən isə bildiriblər ki, mətbuat anonim, heç bir fakta söykənməyən məlumatlar dərc etməklə dümən ölkənin mediasına mövzular verir: “Azərbaycan ordusunu zəif göstərmək istəyirlər. İddialar əsassızdır.
İmzasız yazılarla naziri ləkələmək istəyirlər”.
Türkiyə mətbuatının yazdığına görə, bütün bunlara baxmayaraq prezident İlham Əliyev təhlükəsizlik şurasını toplayaraq məktubda qeyd olunanları bir-bir araşdıracaq.
RAMİL