|
İQTİSADİ İNKİŞAF NAZİRLİYİ İSMƏT ABBASOVUN YALANINI ORTAYA QOYDU
Ətin bahalaşmasının gerçək səbəbi üzə çıxdı
Azərbaycanda mal və qoyun ətinin qiyməti son bir ayda xeyli bahalaşıb. Maraqlıdır ki, ətin qiymətinin başalaşma səbəbi ayrı-ayrı dövlət qurumları tərəfindən fərqli səbəblərlə izah olunur. Məsələn Kənd Təsərrüfatı Nazirliyi və Dövlət Statistika Komitəsi ətin süni surətdə bahalaşdırıldığını bildirirlər, İqtisadi İnkişaf Nazirliyi isə onların əksini deyir. İqtisadi İnkişaf Nazirliyi bu gün bəyan edib ki, ətin bahalşaması suni qiymət artımı ilə bağlı deyil.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bəyan edib ki, qurum tərəfindən aparılan monitorinqlər zamanı son vaxtlar ətin qiymətində müəyyən artım müşahidə olunur.
“Bununla belə, ət satışı məntəqələrində mütəmadi aparılan monitorinqlərdə ətin qiymətində süni artımı halları qeydə alınmayıb”-deyə Dövlət Xidməti bildirib.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bəyan edib ki, "araşdırmalar göstərir ki, ətin qiymətindəki artım yem və yem komponentlərinin qiymətinin artması, habelə mal-qaranın idxal olunduğu qonşu ölkələrdə ətin bahalaşması ilə əlaqədardır”.
Qeyd edək ki, indi Bakıda mal və qoyun əti 8 manat - 9 manat 50 qəpiyə, bəzi yerlərdə hətta 10 manata satılır.
Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev hələ may ayındakı qiymət artımı zamanı jurnalistlərə demişdi ki, ətin bahalaşması süni xarakter daşıyır. “Çünki biz bu məhsulları özümüz istehsal edirik, idxal etmirik"-deyə A.Vəliyev bildirmişdi.
Kənd Təsərrüfatı Nazirliyindən Modern.az saytına bildirilib ki, Azərbaycanda ət istehsalı ildən-ilə artır. Məsələn, ötən il ət istehsalı (diri çəkidə) 7,1 faiz artıb. Nazirlikdən verilən məlumata görə, 2010-cu ildə respublikada diri çəkidə 439 min 954 ton ət istehsal olunub. Kəsilmiş çəkidə isə ötən il 253,8 min ton ət istehsal olunub.
“Respublikada minimum istehlak səbətinin tərkibinə görə keçən il adambaşına 27,8 kq əvəzinə 26,8 kq ət istehlak olunub”-deyə nazirlikdən bildirilib.
“Uzun illər boyu heyvandarlıq məhsullarını idxal edən ölkə kimi tanınan Azərbaycan son 5 ildə heyvandarlıq məhsulları ixrac etməyə başlamışdır”-deyən Kənd Təsərrüfatı Nazirliyinin rəsmiləri də ətin qiymətinin artmasını süni amillərlə izah edirlər.
Kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov bir neçə gün öncə rəsmi "Azərbaycan" qəzetindəki məqaləsində bildirib ki, qiymətlərin qalxmasının əsas səbəbi kənd təsərrüfatı məhsullarının nəql edilməsi zamanı müxtəlif subyektiv maneələrin yaradılması və satışının bilavasitə möhtəkirlərlə əlaqədə olması və eyni zamanda ixrac əməliyyatlarının artmasıdır.
Kənd təsərrüfatı nazirinin digər müavini Bəhram Əliyev də bir neçə gün öncəki açıqlamasında bildirib ki, "Azərbaycanda bəzi ərzaq mallarının qiymətinin kəskin artması süni xarakter daşıyır və təbii iqtisadi proseslərin deyil, işbazların fəaliyyətinin nəticəsidir".
Mediaya müsahibəsində ətin və yumurtanın qiymətinin artmasını misal gətirən nazir müavininin sözlərinə görə, qiymət artımlarının qarşısının alınması üçün ölçü götürülməlidir: «Məsələn, araşdırılmalıdır ki, yumurtanın qiyməti niyə dəyişilməlidir və ya ət məhsullarının qiyməti niyə artmalıdır. Əgər bu gün ölkə özünün ətə olan tələbatının 80-85%-ni ödəyirsə və ölkədə ət qıtlığı yoxdursa, qiymətlər niyə artmalıdır?». Nazir müavininin sözlərinə görə, qiymət artımının əsas səbəbkarı işbazlardır: «İşbazlar var və onlara qarşı ölçü götürülməlidir. Bununla bağlı İqtisadi İnkişaf Nazirliyinin qurumları var və yəqin ki, onlar bu məsələlərlə məşğul olacaq və buna imkan verməyəcək».
B.Əliyev bildirib ki, qiymət artımı Azərbaycanda həmin məhsulların bazarı idxaldan asılı olduğu halda təbii sayıla bilər: «Belə olsaydı biz qiymət artımından danışa bilərdik, amma biz bu məhsulları ölkə daxilində yetişdiririk, bunların qiyməti niyə artmalıdır?».
İndi hansı düzdür, kimə innansan: əti süni yolla bahalaşdırıblar, yoxsa qiymət artımı təbii olaraq baş verir..?
Xatırladaq ki, Prezident İlham Əliyev mayın 6-da Ağcabədidə kənd təsərrüfatı sahəsində sahibkarlığın inkişafı məsələlərinə həsr olunmuş müşavirədə süni qiymət artımının qarşısının alınması və yerli bazarın keyfiyyətli məhsullarla təminatı üçün ardıcıl tədbirlər görüldüyünü qeyd etmişdi. Və tapşırıqlar vermişdi. Bəs Prezidentin tapşırığını hansı dövlət orqanları qulaqardına vurur...?
7 Sentyabr, 2011 16:52 ⁄ Baxılıb: 1173 ⁄ Çap
Bu bölmədə
|
|
|