“Bəli, mən müxalif mövqeyindəyəm”
“Mən müxalifət partiyasının üzvü deyiləm. Jurnalist fəaliyyətim zamanı hisslərimə deyil, faktlara üstünlük vermişəm. Ona görə də, WikiLeaksdə barəmdə qeyd olunanlar həqiqəti əks etdirmir”.
Bunu Simsar.az-a açıqlamasında AzadlıqRadiosu Bakı bürosunun keçmiş koordinatoru Xədicə İsmayılova
qalmaqallı WikiLeaks saytında ABŞ dipolamtlarının hakimiyyət nümayəndələrinə istinadən Ağ Evə ötürdükləri məlumatlara münasibət olaraq bildirib.
WikiLeaks saytı Azərbaycanla bağlı sənədləri də kütləvi şəkildə yaymaqda davam edir. Son 10 gündə artıq üçüncü dəfə Bakıdakı ABŞ səfirliyindən göndərilən onlarla yeni sənədi yayıb. Sənədlərin çoxu “Məxfi” qriflidir və istər ABŞ-Azərbaycan münasibətlərinə, istər Azərbaycan iqtidarının qonşu ölkələrlə münasibətlərinə dair səs-küylü məqamları, sirləri əks etdirir.
Məlumatların birində qeyd olunur ki, Hakimiyyət nümayəndələri Brayzaya ”Azadlıq" radiosunun fəaliyyətindən şikayətləniblər.
“Prezident daha açıq danışaraq radioların bağlanması qərarının üç səbəbə əsaslandığını deyib. Birincisi, Azərbaycan qanunları xarici radioların ölkədə yayımlanmasına icazə vermir. İkincisi, Rusiya və İranın yerli radiodalğalarda yayımlar həyata keçirməsinə mane olmaq. Üçüncüsü, “Azadlıq”ın verilişlərinin məzmunu: Radionun veb-saytında yanvarın ortalarında Azərbaycanın Qafqazın Türkmənistanına çevrildiyi barədə yerləşdirilmiş məqalədən şikayət olunub. “Azadlıq” radiosunun hakimiyyəti Bayraq Meydanının tikintisinə görə tənqid etməsi də qarşı tərəfdə qəzəb doğurub. Bildirilib ki, hökumətin bu cür işlərinə müdaxilə yolverilməzdir, çünki o, dövlətin simvolları ilə bağlıdır”- deyə, məxfi materiallarda bildirilir.
Məlumata görə, prezident deyib ki, “Azadlıq”ın Bakı bürosunda işləmək üçün müxalfətdən adamlar yığıb. O deyib ki, büronun rəhbəri Xədicə İsmayılova çoxdankı müxalifət fəalıdır və hakimiyyəti düşmən hesab edir. Prezident deyib ki, “Azadlıq”ın tonu ona sovet vaxtında radiounun SSRİ-ni dağıtmağa yönələn yayımlarını xatırladır.
Qeyd edək ki, məxfi sənədlərdə qeyd olunanlar bu günə qədər rəsmən təsdiq olunmayıb və təxribat kimi qiymətləndirilib.
Azadlıq Radiosunda hakimiyyətə qarşı ən ciddi araşdırmaların müəllifi kimi tanınan X.İsmayılova Simsar.az bildirib ki, araşdırmaların səbəblərinə deyil, aşkar olunan faktlara diqqət yetirilsə, daha yaxşı olar: “Mən jurnalist peşəkarlığını, etikanı pozmamışamsa, nə üçün ittiham olunmalıyam. Mənim fəaliyyətimə fikir versəniz görərsiniz ki, orada müxalifəti də tənqid etmişəm, iqtidarı da. Bəli, mən neqativ hallara qarşı müxalif mövqeyindəyəm”.
RUSLAN