Sabir İbrahimov: “Vərəm tapandan sonra vaxtında müalicə müəssisəsinə köçürülsəydim, xəstəliyim dərinləşməzdi”
Mədət Quliyev:“İndi vərəmli məhbuslar başqalarından təcrid olunaraq müalicə müəssisəsinə yerləşdirilir”
2006-2010-cu illərdə Bakının Qaradağ ərazisindəki 14 saylı cəzaçəkmə müəssisəsində məhbus həyatı yaşamış Sabir İbrahimov orada vərəmə yoluxduğunu deyir.
Simsar.az saytının Azadlıq.org-a istinadən verdiyi xəbərə görə, S.İbrahimovun cəza çəkdiyi müəssisədə dustaqlar səhərlər təmiz hava əvəzinə ciyərlərinə müəssisə yaxınlığındakı daş karxanasının tozunu çəkirlər. Buna görə də müəssisədəki dustaqların çoxu vərəmdir. Onun sözlərinə görə, xəstə dustaqlar vaxtında sağlam dustaqlardan təcrid olunub müalicə müəssisəsinə göndərilmədiyindən, vərəmə yoluxma halları çoxalır: “Doğranan daşın tozunu külək “zon”un içinə vurur. Gözünü aça bilmirsən, daşın, betonun tozu dolur dustaqların ciyərlərinə. Bir barakda 160 nəfər dustaq saxlanılır. Nəfəs almaq mümkün deyil. Şəxsən məni həkim yoxladı, dedi səndə vərəm var, vaxtı çatanda müalicə müəssisəsinə göndərəcəyik”.
Keşmiş dustaq deyir ki, onda vərəm aşkar olunduqdan sonra vaxtında müalicə müəssisəsinə köçürülsəydi, xəstəliyi dərinləşməzdi. İndi o, Ədliyyə nazirini məhkəməyə verib və 200 min manat mənəvi təzminat tələb edir.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəisi Mədət Quliyev də səsləndirilən iradlarla razıdır. O, bi xidmətə yeni rəis təyin olunduğunu əsas gətirərək, deyir ki, hazırda bu problemlərin bir qismi öz həllini tapıb: “Şikayətlərə görə rəislər müəssisə ərazilərində şəxsi təsərrüfatlarını saxlayırlar və həmin təsərrüfatlarda dustaqları işlədirlər. Həqiqətən də cəzaçəkmə müəssisələrində belə faktlar aşkar edildi. İndi vərəmli məhbuslar başqalarından təcrid olunaraq müalicə müəssisəsinə yerləşdirilir və onların müalicəsi ən yüksək səviyyədə həyata keçirilir. Ancaq nə indi, nə də gələcəkdə “Hepatit” və AIDS xəstələrinin sağlam dustaqlardan təcrid olunması gözlənilmir”.
M.Quliyevin sözlərinə görə, hazırda Avropa standartlarına cavab verən 7 cəzaçəkmə müəssisəsinin tikintisi başa çatmaq üzrədir: “Kamera tipli, 1-2 nəfərlik kondisionerli otaqlar olacaq. Dustaqlar üçün hamam, kitab oxumaq üçün yer, digər texniki məsələlər də nəzərdə tutulub. İstəyirik ki, internet, telefon da olsun. Məhkumlar öz üzərilərində işləsinlər”.