Yaşar Nuri: “Bu yaşımda da özümü lap əla, həm də cavan hiss edirəm”
Bu gün Azərbaycan teatr və kinosunun görkəmli siması, Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Yaşar Nurinin doğum günüdür. Aktyorun 60 yaşı tamam olur.
Yaşar Nuri 1951-ci il sentyabrın 3-də Bakıda tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlib. Səhnəyə ilk dəfə on bir yaşında “Toy kimindir?” tamaşasında Tapdıq rolunda çıxıb. O vaxtdan Azərbaycan televiziyasında uşaq verilişlərində çəkilən və teatr səhnələrində uşaq rollarını ifa edən aktyor 1968-ci ildə Bakıdakı 173 nömrəli orta məktəbi bitirib Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Orada kurs rəhbərləri, tanınmış səhnə xadimləri Rza Təhmasib və Əliheydər Ələkbərovdan aktyorluq sənətinin incəliklərini öyrənib.
1974-cü il dekabr ayının 1-də Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun dəvətilə bu kollektivin aktyor truppasına qəbul olunub. Bu teatrda işlədiyi gündən indiyədək repertuarda olan bir çox tamaşalarda iştirak edib.
Teatr aktyoru kimi görkəmli sənətkar olan Yaşar Nuri həm də məşhur kino ustasıdır. Onun böyük populyarlıq qazandığı çoxlu ekran obrazları var. Əlliyə yaxın bədii filmə çəkilib, Azərbaycan Dövlət Televiziyasında hazırlanmış yüzdən çox tamaşada, bədii kompozisiyada, satirik səhnəciklərdə iştirak edib. Onun əsasən baş rolları ifa etdiyi teletamaşalar televiziyanın fondunda daimi sənət nümunələri kimi qorunur. Bunlardan “Yollar Görüşəndə...”, “Ömrün yolları”, “Qatarda”, “Evləri Köndələn yar”, “Kökdən düşmüş piano”, “Topal Teymur”, “Səni axtarıram”, “Bağışla”, “Səndən xəbərsiz” trilogiyası, “Göz Həkimi”, “Ac həriflər” televiziya tamaşalarının adlarını çəkmək olar.
Yaşar Nuri 1981-ci ildə 30 illik yubileyində ilk fəxri adını-əməkdar artist adını alıb. 1991-ci ildə 40 illik yubileyində ona “Yaramaz” filmindəki roluna görə Dövlət Mükafatı verilib. 1996-cı ildə 45 illiyinə həsr olunmuş “Səhnəmizin Yaşarı”, 2001-ci ildə isə 50 illiyi ilə əlaqədar “Yaşar olduğu kimi” sənədli filmləri çəkilib. 60 illik yubileyi ərəfəsində isə prezident İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeninə təltif olunub.
Yaşar Nuri mətbuata göstərdiyi isti münasibətinə görə də fərqlənir. Görkəmli aktyor dəfələrlə müxtəlif jurnalist təşkilatlarının təsis etdiyi mətbuatın dostu mükafatına layiq görülüb. O, 60 yaşın tamamında da mətbuatdakı jurnalist dostlarının suallarını həvəslə cavablandırıb.
Sevimli aktyor Simsar.az-a açıqlamasında doğum gününü ailəsi ilə birlikdə keçirəcəyini deyib: “Doğum günümü evdəkilərlə birgə keçirəcəyik. Mənim üçün həyatda ən böyük hədiyyə də elə budur. 60 illik ömür az vaxt deyil. Sevinirəm ki, bu müddətdə sevilən obrazlar yaratmışam, xalqımın yaddaşına həkk olunmuşam. Bu yaşımda da özümü lap əla, həm də cavan hiss edirəm”.
Aktyor, dünəndən başlayaraq xeyli sayda təbrik və hədiyyələr qəbul edib. Təbrik edənlər içərisində doğmaları, dostları, mətbuat işçiləri həmçinin onun sənətinin heyranları da olub: “İki gündür çox insanlar tərəfindən təbrik almışam. Onların içərisində heç tanımadıqlarım da olub. Onlar mənim sənətimi və yaradıcılıq fəaliyyətimi daim izləyən və bəyənənlərdi”.
Ancaq aktyor üçün ən gözəl hədiyyə prezident İlham Əliyev tərəfindən Azərbaycanda teatr sənətinin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilməsidir: “Düzü, dövlətimizin, hörmətli prezidentimizin mənim əməyimi qiymətləndirməsini gözləyirdim. Xəbəri eşidəndə isə çox sevindim. Şöhrət ordeninə layiq görülməyim mənim üçün fəxrdir. Bu ordeni elə şöhrətli insanlar sinəsində daşıyır”.
Oktyabrın 15-də dövlət səviyyəsində Akademik Milli Dram Teatrının səhnəsində aktyorun 60 illik yubiley qeyd olunacaq.
Aynurə Həsənova