"Biz ümid edirik ki, onlar müttəfiqlik münasibətlərini yaxşılaşdırmaq imkanlarını axtarmaqda davam edəcəklər və iki ölkəni hər yolla buna təşviq edəcəyik"
Anspress xəbər verir ki, Birləşmiş Ştatlar İsrail və Türkiyənin "Azadlıq donanması" ilə bağlı insidentdən sonra gərginləşən münasibətləri yaxşılaşdıracaq. ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Viktoriya Nuland bildirib ki, ABŞ BMT-nin insidenti araşdıran xüsusi komissiyasının hesabatını araşdırır. "ABŞ-ın həm İsrail, həm də Türkiyə ilə münasibətləri çoxdan qurulub. Təəssüflənirik ki, bu ölkələr hesabat açıqlanmazdan əvvəl birgə addımlarla bağlı razılığa gələ və fikir ayrılıqlarını aradan qaldıra bilməyiblər. Biz ümid edirik ki, onlar müttəfiqlik münasibətlərini yaxşılaşdırmaq imkanlarını axtarmaqda davam edəcəklər və iki ölkəni hər yolla buna təşviq edəcəyik", - Dövlət Departamenti rəsmisinin bəyanatında deyilir.
Viktoriya Nuland xatırladıb ki, ABŞ əvvəllər dəfələrlə "Azadlıq donanması" ilə bağlı insident nəticəsində bir neçə nəfərin həlak olmasından təəssüfləndiyini bildirib.
Xatırladaq ki, BMT-nin hesabatı açıqlanmadan "New York Times" qəzetində dərc edilib. Bu informasiya sızıntısından sonra Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bəyan edib ki, Ankara İsraillə diplomatik əlaqələri minimuma - ikinci katiblər səviyyəsinə endirir və hərbi sahədə əməkdaşlığı dayandırır. Əhməd Davudoğlu hesabatın rəsmən açıqlanmadan mətbuata düşməsindən narazılığını da ifadə edib.