Davudoğlu ölkəsinin Liviya, Suriya və İraqla bağlı mövqeyini açıqladı
NTV televiziya kanalında çıxış edən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Liviyanın yeni bir mərhələyə keçdiyini söyləyərək, Liviyadaki qarşıdurmanın ardından yaşanacaq prosesin önəmini vurğulayıb. O, “Sülhü bərqərar etmək müharibəni udmaqdan daha çətindir” deyib.
Simsar.az-ın Türkiyə mətbuatına istinadən xəbər verir ki, Suriyada təhlükəsizliyin təmin olunması üçün görülən tədbirlərin islahatlara imkan vermədiyini deyən Davudoğlu, son səfərində Suriya ldieri ilə bu məsələni saatlarla danışdıqlarını xatırladıb, səbrlə əməliyyatların dayanmasını gözlədiklərini, Türkiyənin hər bir “ssenari” üçün hazır olduğunu diqqətə çatdırıb.
Davudoğlu Suriya hökumətinə bu mesajı verib: “Başqa ölkələrin müdaxiləsinə qarşı çıxaraq sizin yanınızda dayandıq. Amma indi probleminiz öz xalqınızladır. Sizinlə xalq arasında bir seçim etmək məcburiyyətində qalsaq, xalqı seçərik. Çünki bizim üçün qalıcı olan, qədim və əbədiyyətə qədər davam edəcək olan Türkiyə və Suriya xalqlarının qardaşlığıdır”.
Terrorla mübarizə mövzusunda “yeni dövrün” nələrdən ibarət olacağı sualına cavab verən xarici işlər naziri, başqa bir ölkədən qaynaqlanan və Türkiyəyə yönəlmiş bir terror olarsa, Türkiyənin lazım gördüyü anda lazımi əməliyyatlar həyata keçirəcəyini bildirib. Sərhəddən kənar həyata keçirilən əməliyyatlara hansısa beynəlxalq reaksiya gəlmədiyini bildirən Ə.Davudoğlu, İraqdakı regional rəhbərliyin bu torpaqlardakı terroru təmizləməsinin lazım olduğunu, bunu etmədikləri halda, Türkiyənin müdaxilə etməyə haqqı olduğunu vurğulayıb.