Liviya liderinin iqamətgahda heykəli dağıdılıb, şəxsi əşyaları oğurlanıb
Liviya lideri Müammər Qəddafinin iqamətgahına soxulan qiyamçılar onun heykəlini sındırıblar, şəxsi əşyalarını və silah oğurlayıblar. Bu barədə məlumatı Britaniyanın “Sky News” telekanalı yayıb. Nmüayiş etdirilən kadrlardan görünür ki, qiyamçılardan biri heykəlin başını qoparır.
Telekanalın məlumatına görə, Qəddafiyə sadiq qüvvələr iqamətgahın ərazisindən Tripolinin yaşayış məntəqələrindən birinə hücm ediblər. Mərmilərdən biri yaşayış evinə düşüb, iki nəfər ölüb, bir neçə adam yaralanıb.
Bu insident müxalifətçilər tərəfindən iqamətgahın ələ keçirilməsindən bir qədər əvvəl baş verib. Qiyamçılar iqamətgaha 8-10 avtomobillə gəliblər. Müxbirlərin sözlərinə görə, onlar binanı belə tez ələ keçirəcəklərini gözləmirlərmiş.
Bundan başqa, kadrlarda görünür ki, qiyamçılar bir-biri ilə mübahisə edirlər, xırda toqquşmalar baş verir. Bu isə onu göstərir ki, Liviyanı xaos və klanlar arasında hakimiyyət uğrunda silahlı mübarizə gözləyir. Hələlik onları ümumi düşmənin - Müammər Qəddafinin mövcudluğu birləşdirir. Lakin gələcəkdə - qiyamçılar quruculuq işləri ilə məşğul olmağa başladıqda maraqlar toqquşacaq. Hazırkı müxalifətçilər indi əlində tutduğu silahı təhvil verəcəyi və mübahisələri danışıqlar masası arxasında həll edəcəyi az ehtimal olunur.
Qiyamçılar iqamətgahdakı dövlət bayrağını çıxararaq, müxalifətin bayrağını asıblar.
Bu arada isə məlum olub ki, Liviya paytaxtına hücumda İngiltərə xüsusi təyinatlıları da iştirak ediblər. Bunu London KİV-i iddia edir.