Tanınmış şairin 5000 manatını və elmi məqalələri əlyazmaları olan kompüteri də oğurlanıb
"Bizim söz" qəzetinin baş redaktoru, tanınmş şair Ələmdar Cabbarlının evi qarət olunub. Bu barədə Milli.Az xəbər portalına zərərçəkmişin özü məlumat verib. Ə.Cabbarlı bildirib ki, Xətai rayonu, Zığ şossesi, Naximov küçəsində yerləşən evi avqustun 18-dən 19-na keçən gecə qarət olunub.
Şairin sözlərinə görə, hadisə onun evdə olmadığı vaxt törədilib. Avqustun 19-da evə qayıdan zaman qapının və pəncərənin dəmir barmaqlıqlarının sındırıldığının şahidi olub. Oğrular evdən 5000 manat məbləğində pulla yanaşı, şairin içərisində dissertasiya işi, elmi məqalələri, mühazirə mətnləri və kitabının əlyazmaları olan kompüteri aparıblar.
Hadisə ilə bağlı Xətai rayon Polis İdarəsinin 35-ci polis bölməsinə məlumat verilib. Faktla bağlı Cinayət Məcəlləsinin oğurluq (177) maddəsi ilə cinayət işi başlanıb.