|
YAP "YOL XƏRİTƏSİ" Nİ CIRDI
Müxalifətin təklifləri hakim partiyada ürəkbulanması yaradıb
Müxalifətin təkliflərini rədd edən hakim partiyanın rəsmisi İctimai Palatanı ələ salmaqdan çəkinmədi
Hakim Yeni Azərbaycan Partiyası müxalifətçi İctimai Palatanın ölkədə demokratik dəyişikliklər üçün hakimiyyətə təqdim etdiyi “Yol xəritəsi” adlı sənədi rədd edib. Bu barədə Modern.az-a açılamasında YAP icra katibinin müavini, deputat Mübariz Qurbanlı sənədin müzakirəsi ilə bağlı hakim partiyaya ünvanlanmış müraciəti şərh edərkən bildirib. “İctimai Palata adlanan qurumun toplantısı və onun sənədi ölkənin ictimai rəyi üçün heç bir əhəmiyyət kəsb etmir. İctimai Palata guya “demokratiyaya keçid haqqında” hansısa sənəd hazırlayıb. Əvvəla Azərbaycan demokratik ölkədir. Ölkədə keçid dövrü başa çatıb. Bu gün ölkədə hansısa prosesdə keçidə ehtiyac varsa, bu da həmin o radikal, pas atmış müxalifətin yeniləşməsinə, yeni dövrə uyğunlaşmasına keçid ola bilər”-deyə YAP icra katibinin müavini bildirib.
M.Qurbanlı deyib ki, İctimai Palatanın hazırladığı sənədi oxumağa belə, ehtiyac yoxdur.
“Bunlar pas atıblar. İctimai Palatadan naftalin iyi gəlir. Naftalin iyi gələnlərin sözlərinə qulaq asmaq adamda ürəkbulanması yaradır. Buna görə, nə onların yazdığı sənədi oxumağa, nə də onlara qulaq asmağa ehtiyac var. Mənasız çıxışlar, mənasız söhbətlərdir. “İctimai Palata” adlanan qurum mənasız adamların mənasız yığnağından ibarətdir”-deyə YAP rəsmisi qeyd edib.
Deputat “İctimai Palata” anlayışını da ələ salıb: “Palata nə deməkdir? Palata sözünü başqa sözlə ifadə etsək, siyasi baxımdan xəstələrin palatasıdır. Ona görə də orada nə iştiraka, nə də müzakirəyə ehtiyac var. Yığışırlar, mənasız danışıb, dağılışırlar”. Hakim partiyanın icra katibi “Yol xəritəsi” adlı ifadənin kənardan gətirilmə olduğunu bildirib: “Nə “Yol xəritəsi”? Amerikada bir söz ifadə olunan kimi, onu öz leksikonlarına daxil edirlər. İngilis dilində bu termin işlədilir. Bizdə o ifadəni dilə gətirməklə nə demək istəyirlər? Hansısa siyasi prosesdən hansı prosesə keçməklə bağlı danışırlar. Belə mənasız adamlara cavab vermək belə istəmirəm”.
Qeyd edək ki, dünən Müsavat Partiyasının qərargahında İctimai Palatanın “Avtoritarizmdən demokratiyaya yumşaq keçid - Yol xəritəsi” adlı sənədinin ictimai müzakirəsi keçirilib. Rəsmi dəvət olunmalarına baxmayaraq, YAP nümayəndələri müzakirələrə qatılmayıb.
İctimai Palatanın hazırladığı “Yol xəritəsi”ndə demokratiyaya keçid üç mərhələdə nəzərdə tutulur. Birinci mərhələyə görə, demokratiyaya keçid üçün real siyasi mühit yaradılmalıdır. Bu baxımdan sərbəst toplaşmaq və mətbuat azadlığının təmini, siyasi məhbus probleminin həlli vacibdir.
İkinci mərhələdə demokratik islahatlar üçün qanunverici və təşkilati bazanın yaradılması təklif olunur. Bu istiqamətdə keçid dövründə həm islahatların həyata keçirilməsinə nəzarət etmək, həm də həmin islahatları hazırlayıb təklif etmək üçün xüsusi Demokratik İslahatlar Şurası yaradılması təkilf edilir. Bu şura ya Prezidentin, ya da Prezident Administrasiyasının yanında fəaliyyət göstərə bilər. Bu şura seçki qanunvericiliyinə, Konstitusiyaya bir sıra dəyişiklikləri gerçəkləşdirməlidir. Məsələn, seçki sistemində mühüm dəyişiklik yenidən proporsional seçki sisteminə qayıtmaqdan ibarətdir. Bundan başqa, bu mərhələdə iri bələdiyyələr yaradılmalı və İcra hakimiyyətlərin səlahiyyətlərinin böyük hissəsi məhz bələdiyyələrə verilməlidir. Korrupsiyaya qarşı Mübarizə Komissiyası yenidən formalaşdırılmalıdır. Bu qurumda ictimai iştirak, İctimai Palatanın nümayəndələrinin təmsilçiliyi təmin edilməlidir.
Bütün bu məsələlər reallaşdırıldıqdan sonra nəhayət, üçüncü mərhələdə demokratik seçki keçirilməlidir. Bu seçkilər növbədənkənar parlament, bələdiyyə və prezident seçkisi olmalıdır.
18 Avqust, 2011 19:24 ⁄ Baxılıb: 1205 ⁄ Çap
Bu bölmədə
|
|
|