Pullar yerli QHT-lərə veriləcək
Avropa İttifaqı ölkədə demokratiyanın inkişafı, insan hüquq və azadlıqları sahəsində vəziyyətin yaxşılaşdırılması üçün Azərbaycana 2 milyon avro vəsait ayırıb. Bu barədə SalamNews-a eksklüziv açıqlamasında Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi, səfir Roland Kobia bildirib.
Səfir deyib ki, yaxın gələcəkdə daha çox vəsaitin ayrılması gözlənilir. Onun sözlərinə görə, həmin vəsait əsasən Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları (QHT) vasitəsilə paylanılacaq: “Onların arasında bəzi beynəlxalq QHT-lər olsa da, əksəriyyəti yerli təşkilatlar olacaq. Biz təkcə vəsait ayırmaqla kifayətlənmirik, həm də gündəlik demokratiyanın inkişafı, insan hüquq və azadlıqları sahəsində vəziyyətin yaxşılaşdırılması məsələləri ilə əlaqədar Azərbaycan hökuməti ilə dialoq aparırıq. Apardığımız dialoqlarda Azərbaycan hökumətini demokratiyanın inkişafı, insan hüquq və azadlıqları sahəsində vəziyyətin yaxşılaşdırılması istiqamətində intensiv işlər görməyə çağırırıq”.