"İstəyirəm ki, hər bir yerdəişlər yüksək səviyyədə aparılsın
Bu gün Azərbaycan iqtisadi və sosial inkişaf templərinə görə dünya miqyasında ən qabaqcıl yerlərdədir. Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Siyəzən rayonunda Heydər Əliyev mərkəzinin açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı deyib. Ölkə başçısı Heydər Əliyev Mərkəzinin açılışı münasibətilə rayon ictimaiyyətinin nümayəndələrini ürəkdən təbrik edib və mərkəzin gözəl bir meydanda olduğunu vurğulayıb.
"Mərkəzdə həm ulu öndərin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər nümayiş etdirilir, eyni zamanda, dərnəklər fəaliyyət göstərəcəkdir. Bir sözlə, bu mərkəz rayon sakinlərinə xidmət edəcəkdir." - Prezident İlham Əliyev əlavə edib.
Dövlət başçısı Siyəzən rayonunun inkişafı ilə bağlı ona kiçik təqdimat verildiyini söyləyib və bu planları dəstəklədiyini bildirib.
"Çox şadam ki, yeni rəhbərlik qısa müddət ərzində rayonun hərtərəfli inkişafı üçün artıq konkret təkliflər hazırlamışdır. Güman edirəm ki, qısa müddət - bir neçə il ərzində Siyəzən rayonunun və rayon mərkəzinin siması tamamilə dəyişdiriləcəkdir. Yəni, Siyəzən müasir, gözəl rayon mərkəzinə çevriləcəkdir. Əlbəttə ki, kəndlərdə də bütün quruculuq, abadlıq işləri aparılmalıdır." - Prezident İlham Əliyev vurğulayıb.
Dövlət başçısı, həmçinin Azərbaycanda son illər ərzində geniş quruculuq işlərinin aparıldığını da diqqətə çatdırıb.
"Bütün bölgələrdə canlanma, inkişaf vardır, konkret layihələr icra edilir. Mən istəyirəm ki, hər bir yerdə, hər bir rayonda işlər yüksək səviyyədə aparılsın. İlk növbədə insanları narahat edən problemlər tezliklə aradan qaldırılsın və bu istiqamətdə konkret addımlar atılmışdır.
Bunu Siyəzən rayonunun timsalında da görə bilərik, infrastruktur layihələri icra edilir, yollar salınır, magistral yol çəkilmişdir, Bakıya gediş-gəliş çox rahatdır. Eyni zamanda, kənd yollarının çəkilişi ilə bağlı əlavə konkret tədbirlər görülməlidir və görüləcəkdir. Elektrik enerjisi təchizatı. Bu məsələ ilə bağlı heç bir problem yoxdur. Qazlaşdırma proqramı icra edilir. Bilirsiniz ki, Siyəzəndə bütün dövrlərdə qaz təchizatı başqa rayonlara nisbətən daha da yaxşı olmuşdur. Ancaq qarşıya vəzifə qoymuşuq ki, bütün kəndlərə qaz xətləri çəkilsin.
İndi bu istiqamətdə işlər görülür. İçməli su, kanalizasiya layihələrinin icrası ilə bağlı işlər gedir və bu proqram da demək olar ki, bütün bölgələri əhatə edir. İllər boyu yığılıb qalmış problemlər Azərbaycanda birdəfəlik həll olunmalıdır. İndi hər bir yerdə içməli su, kanalizasiya layihələri icra edilir, ya da ki, hazırlıq işləri aparılır." - İlham Əliyev qeyd edib.
Sosial infrastrukturun yeniləşməsi ilə bağlı Siyəzən rayonunda müəyyən işlər görüldüyünü xatırladan dövlət başçısı, bir neçə məktəbin tikildiyini və təmir olunduğunu xatırladıb.
"Növbəti illərdə ehtiyac olan məktəblərdə də təmir-bərpa işləri aparılmalıdır. Məndə olan məlumata görə, iş yerlərinin yaradılması ilə bağlı Siyəzən rayonunda o qədər də ciddi problem yoxdur. Burada ənənəvi neft sənayesində işləyənlər kifayət qədər olmuşdur. Vaxtilə burada ulu öndərin rəhbərliyi ilə broyler fabriki yaradılmışdır. İndi o da, iş yerlərinin yaradılması üçün çox vacib funksiyaları icra edir. Ancaq Azərbaycanda əhalinin sayı artır və nə qədər yeni iş yerləri yaradılsa da, yenə də iş yerlərinin açılmasına ehtiyac vardır. Ona görə, biznes mühitinin yaxşılaşdırılması, biznesmenləri təşviq etmək, kreditlərin verilməsi, bütün başqa məsələlərin həlli üçün konkret proqramlar vardır." - Prezident İlham Əliyev deyib.
Ölkə başçısı çıxışı zamanı Siyəzən rayonunun turizm imkanlarından da daha geniş şəkildə istifadə edilməsinin vacibliyini vurğulayıb.
"Bu rayonun özünəməxsus zəngin turizm potensialı vardır. Böyük dəniz zolağı, eyni zamanda, gözəl hava, dağlar. Azərbaycanda indi, demək olar ki, turizm üçün yararlı, əlverişli olan yerlərdə böyük komplekslər tikilir, otellər, istirahət zonaları, parklar yaradılır. Biz bu istiqamətdə də, əlbəttə ki, özəl sektoru bu işlərə daha çox cəlb etməliyik. Ancaq hamınız yaxşı bilirsiniz ki, infrastruktur olmadan turizmin inkişafı mümkün deyildir. Ona görə, hər bir yerdə, hər bir rayonda, ilk növbədə infrastruktur layihələri icra edilməli, yollar tikilməli, necə deyərlər, müasir memarlıq təcrübəsi tətbiq olunmalıdır. İndi rayonun gələcək inkişafı ilə bağlı mənə göstərilən stendlərdə əksini tapan təkliflər hesab edirəm ki, təqdirəlayiqdir. Bütün bu işləri biz - rayon ictimaiyyəti, əlbəttə ki, icra nümayəndələri, dövlət rəhbərliyi birlikdə etməliyik. Biz ölkəmizi gücləndiririk, inkişaf etdiririk. " - Azərbaycan Prezidenti bildirib.
Prezident İlham Əliyev onu da qeyd edib ki, bu gün Azərbaycan iqtisadi və sosial inkişaf templərinə görə dünya miqyasında ən qabaqcıl yerlərdədir.
"Yaxşı bilirsiniz və mətbuatdan izləyirsiniz ki, indi bəzi ölkələrdə iqtisadi-maliyyə böhranının ikinci dalğası başlanmışdır. Azərbaycanda biz bunun tam əksini görürük. Bizim siyasətimizin təməlində Azərbaycan vətəndaşıdır. Bütün görülən işlər bir məqsədi güdür ki, Azərbaycan vətəndaşı daha da yaxşı yaşasın. Bu il həyata keçirilən pensiya islahatı nəticəsində 900 minə qədər pensiyaçının pensiyası orta hesabla 40 faiz artır.
İnkişaf etmiş ölkələrdə sosial ödəmələr, sosial proqramlar kəsilir, azalır, ixtisar edilir, maaşlar kəsilir, dövlət qurumlarında işləyənlərin iş yerləri bağlanır. Biz görürük ki,Azərbaycanda iş yerləri açılır, maaşlar, pensiyalar artırılır, sosial proqramlar icra edilir. Bir dənə də olsun sosial proqramda geriləmə, yaxud da ki, ixtisar olmamışdır.
Biz də böhrandan əziyyət çəkmişik. 2008-ci, 2009-cu, hətta 2010-cu illərdə neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi bizə də problemlər yaratmışdı. Ancaq biz bu vəziyyətdən çıxa bilmişik. Çünki biz artıq qeyri-neft sektorunun inkişafına nail olmuşuq. Əgər iqtisadi göstəricilərə nəzər salsaq görərik ki, bu ilin altı ayında qeyri-neft sektoru 6 faiz artmışdır.
Yəni, bu rəqəmlər əlbəttə ki, statistika üçün göstəricidir. Ancaq bu rəqəmlərin arxasında gərgin iş, məqsədyönlü siyasət, strateji xəttimiz dayanır. Bütün bölgələrin inkişafı bizə imkan verir ki, ölkə hərtərəfli inkişaf etsin." - dövlət başçısı bildirib.
Ölkə başçısı İlham Əliyev qeyd edib ki, Azərbaycanda böyük rayonlar, o qədər də böyük olmayan rayonlar da vardır. Hətta əhalisi 100 min, 200 min sayda olan rayonlar vardır.
Siyəzən rayonunun əhali baxımından böyük rayon olmadığını bildirən dövlət başçısı vurğulayıb ki, buna baxmayaraq, Siyəzən rayonuna da başqa, əhalisi çox olan rayonlara göstərilən qədər diqqət göstərilir.
"Bu gün görülən işlər bunun nümunəsidir. Onu da qeyd etməliyəm ki, bildiyiniz kimi, indi bölgədə yeni xəstəxanaların tikintisi geniş vüsət almışdır. O proqramın da təməli burada qoyulmuşdur, 2004-cü ildə bölgələrdə tikilən birinci xəstəxana Siyəzəndə olmuşdur və mən, yadımdadır, xəstəxananın açılışında iştirak etmişdim.
Mən sizi ürəkdən salamlayıram və gələcək uğurlar arzulayıram. Rayon rəhbərliyinə yeni başçı təyin edilmişdir. Ona bütün göstərişlər verilib ki, burada fəal işləsin, insanlarla daim təmasda olsun, insanların problemləri ilə yaşasın. Siyəzən rayonu qısa müddət ərzində Azərbaycanın ən qabaqcıl rayonlarından birinə çevrilməlidir. Siz də, əlbəttə ki, bütün bu işlərdə fəal iştirak etməlisiniz." - Prezident İlham Əliyev vurğulayıb.