Əziz Adelina! Sənin həmyaşıdların ümidlə yaşayırlar
Azərbaycanın işğal altındakı Xankəndi şəhərində yaşayan 13 yaşlı erməni qızı Adelina Avaqimyan bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əlyevə məktub yazıb.
Simsar.az “Armtoday”a istinadən bildirir ki, öz məktubunda 13 yaşlı qız ermənilərin Stepanakert adlandırdığı Xankəndi şəhərində doğulduğunu, Qarabağı çox sevdiyini qeyd edib. Adelina hər dəfə televizora baxarkən İlham Əliyevin Qarabağdan danışan gördüyünü və Qarabağın Azərbaycanın nəyinə lazım olduğunu soruşur.
Atasının Qarabağ müharibəsi iştirakçısı olduğunu xatırladan 13 yaşlı erməni qızı müharibə istəmədiyini, amma müharibə başlayacağı təqdirdə valideynlərinə kömək edəcəyini, Qarabağın Azərbaycana məxsus torpaqlar olmadığını vurğulayıb.
Modern.az-ın məlumatına görə, Xankəndi şəhərinin yeniyetmə sakininin bu müraciətinə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin rəhbəri Elnur Aslanov cavab verib.
Erməni qızına yazılan cavab məktubunda bildirilib:
“Əziz Adelina,
Azərbaycan Respublikası Prezidenti Administrasiyası hər bir Azərbaycan sakininin Prezident İlham Əliyevin adına olan müraciətlərinə diqqətlə yanaşır və buna görə də, sənin məktubun cavabsız qala bilməzdi.
Səmimi qəlbdən ümid edirəm ki, sən bu məktubu heç bir kabinet siyasi texnoloqları olmadan, sülh şəraitində yaşama olan şəxsi dönməz istəyindən və Cənubi Qafqaz adlı ümumi evimizə həmrəylik və sabitlik gətirmək arzularından çıxış edərək, özün yazmısan.
Sən yazırsan ki, Stepanakert şəhərində anadan olmusan və orada yaşayırsan. Əslində bu şəhər Xankəndi adlanır. Sən yazırsan ki, öz diyarını sevirsən, çünki Qarabağ sənin, eləcə də, sənin ata və ananın, baba və nənənin vətənidir. Lakin, ana və ataları, baba və nənələri orada doğulmuş azərbaycanlılar da, sənin kimi Xankəndini öz vətənləri hesab edirlər. Axı bu şəhərin əsası XVIII əsrdə, Qarabağ xanları tərəfindən – o dövrün azərbaycanlılarının yaratdığı dövlət qurumlarından birinin başçıları tərəfindən qoyulub.
O, xan ailəsinin üzvləri və yaxınlarının istirahəti üçün bir qəsəbə kimi yarandı. Xanın rahatlığı üçün ilk saraylar xanlığın paytaxtı Pənahabaddan, indiki Şuşa şəhərindən bir neçə kilometr məsafədə, dağ yamaclarında tikilmişdi. Zaman-zaman xanın ailə üzvlərinin yaşadıqları kənd “Xanın kəndi” adını aldı ki, bu da sonradan müəyyən dəyişikliklərə uğrayaraq, qısalaraq, indiki “Xankəndi” şəklinə düşüb. Yalnız yaradılmasından 100 ildən çox vaxt ötdükdən sonra, Xankəndini bolşevik Stepan Şaumyanın şərəfinə Stepanakert adlandırdılar.
Yeri gəlmişkən, yəqin sənin üçün bilmək maraqlı olacaq ki, həmin Şuşa və Qarabağ xanlığı 1805-ci il mayın 14-də Şuşalı İbrahim xan və Ümumrusiya qoşunları generalı knyaz Pavel Sisianov arasında imzalanmış Kürəkçay müqaviləsinə əsasən Rusiya imperiyasının tərkibinə daxil oldu. İmzalanmış traktatın mətninə, həmçinin onu imzalayan tərəflərə baxsaq, görərik ki, heç yerdə ermənilərin Qarabağdakı hər hansı siyasi roluna dair bir işarə belə yoxdur. Düzdür, biz inkar etmirik, ermənilər Dağlıq Qarabağda yaşayıblar, lakin onlar yalnız əhalinin ümumi sayından azlığı təşkil ediblər.
Sənə regionun tarixi üzrə darıxdırıcı mühazirələr oxumağa çalışmayaraq, qeyd edim ki, ermənilər Cənubi Qafqazda, o cümlədən də Qarabağda yalnız bu torpaqların Rusiya imperiyasının tərkibinə daxil olmasından sonra məskunlaşmağa başladılar. Azərbaycanı Rusiya və Fars dövləti arasında iki hissəyə ayırmış 1828-ci il tarixli Türkmənçay müqaviləsində Fars dövlətinin tərkibinə daxil olmuş Cənubi Azərbaycandan Rusiyanın işğal etdiyi Qafqaza köçürülmə və hər kəsin öz istəyi ilə oradan çıxa bilməsi şərtləri razılaşdırılır. Nəticədə, bu Müqaviləyə əsasən, Azərbaycan xanlıqlarının on minlərlə müsəlman sakini xristian Rusiyasına keçmiş Qafqazı tərk edərək, Cənubi Azərbaycanda məskunlaşdılar.
Polkovnik Lazarevin (yeri gəlmişkən, milliyyətcə erməni olan) və Rusiyanın Fars dövlətindəki səfiri A.S.Qriboyedovun təşəbbüsü ilə Qafqaza, azərbaycanlıların tarixi torpaqlarına on minlərlə erməni köçürüldü. Bununla da, çar administrasiyası şəxsi məqsədlərini güdərək, Dağlıq Qarabağdakı etnik tərkibi müəyyən dərəcədə dəyişirdi.
Ümid edirəm ki, Qarabağda xüsusilə gözəl olan ulduzlu gecələrdən birində, sən səmaya baxarkən və öz aydın gələcəyin haqqında arzulara dalarkən, öz babandan bu barədə soruşacaqsan. 1978-ci ildə Dağlıq Qarabağ ermənilərinin burada yerləşdirilmələrinin 150 illiyini qeyd etmələrini və bu bayram şərəfinə Mardakert – Ağdərə rayonunun Marqaşen – Leninavan kəndində abidənin ucaldılmasını öz ata və anana, nənə və babana xatırlatmağın da yerinə düşərdi. Lakin ilk erməni ailələrinin Qarabağa köçürülməsinin şərəfinə ucaldılmış bu abidə 1988-ci ildə, Qarabağ müharibəsinin ilk vaxtlarında erməni silahlı birləşmələri tərəfindən dağıdıldı.
İndi isə, Adelina, təsəvvür et ki, bir milyona yaxın azərbaycanlı təkcə Xankəndinə deyil, Ermənistanın işğal etdiyi Azərbaycanın digər şəhər və rayonları – Şuşa, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə və Hadruta, Laçın , Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilandakı öz uşaqlıq yerlərinə, öz babalarının vətənlərinə qayıda bilmirlər. Sənin həmyaşıdların – azərbaycanlılar nə vaxtsa öz nənə və babalarının, öz əcdadlarının evlərini görəcəkləri ümidi ilə yaşayırlar. Ümid edirəm ki, sən, onların sənin yaşadığın müddətdən də artıq bir vaxt ərzində - iyirmi ilə yaxındır ki, necə ağrılar çəkdiyini başa düşəcəksən. Səncə, doğma ocaqdan uzaqlarda yaşamaq necədir?
Əminəm, başa düşəcəksən ki, əgər Yer kürəsinin hansısa bir guşəsində bu və ya digər erməni qızı, həmçinin onun valideynləri dünyaya gəlibsə, bu, həmin torpağı tarixi erməni əraziləri hesab etməyə əsas vermir. Yəqin sənə məlumdur ki, əsl adı Şerilin Sarkisyan olan erməni əsilli amerikalı pop-ifaçı Şer ABŞ-da dünyaya gəlib. Erməni əsilli tanınmış fransız aktyoru və şanson ifaçısı Şarl Aznavur isə Parisdə doğulub. Lakin bu heç də o demək deyil ki, ABŞ və ya ayrıca götürülmüş Kaliforniya, Fransa və ya ayrıca götürülmüş Paris Ermənistanın qədim əyalətləridir. Baxmayaraq ki, tamamilə ola bilər ki, sənin Xankəndidə məktəbdə bilik öyrəndiyin tarix dərsliləri və əhatəndə olan böyüklər məhz bunu iddia edirlər.
Əlbəttə ki, onlar, bu böyüklər öz yaşlarında çox şey görüblər və onların şəxsi rəyə malik olmaq hüququ var. Sadəcə, onlar növbəti dəfə sənə Qarabağın həmişə tarixi erməni ərazisi olması barədə danışmağa başlayarkən, ermənilərin Dağlıq Qarabağda məskunlaşdırılmalarının 150 illiyini onlara xatırlat. Böyüklər Arsaxın Ermənistanın qədim əyaləti olması barədə danışmağa başlarkən, görkəmli erməni tarixçi, qədim erməni deyil, qədim alban vilayətləri Arsax və Utik haqqında yazmış akademik Suren Tiqranoviç Yeremyanın sözlərini onlara xatırlat. Böyüklər Sumqayıt, Kirovabad və Bakı haqqında iddia etməyə başladıqda, qoy ilk növbədə özlərinin Qafan, Meqri, Əsgəran, Qukarkdakı talanları və qətllərindən danışsınlar. Orada daha çox azərbaycan əsilli Ermənistan vətəndaşı zərər çəkdi, nəinki Azərbaycan şəhərlərindəki ermənilər. Böyüklərdən soruş, Qukarkda və Ermənistanın digər rayonlarında sumqayıtlı qatil Eduard Qriqoryan kimi öz həmvətənlərinə qarşı talanlarda iştirak etmiş heç olmazsa bir azərbaycanlı olubmu? Öz evində azərbaycanlını gizlətmiş və qonşusunu ölümdən xilas etmiş bir Ermənistan sakini tapılıbmı?
Adelina, bu gün sənin 13 yaşın var. 1992-ci il fevralın 26-da Xocalıda Ermənistan Prezidenti Serj Sarkisyanın sözləri ilə desək, yalnız “stereotipi qırmaq” üçün amansızlıqla və vəhşicəsinə həyatdan məhrum edilən bir çox azərbaycanlı da bu yaşda idi. Bu tarixi yadda saxla. Bu əsl soyqırım idi. Xocalıda qətlə yetirilmiş 613 nəfərin 106-sı qadın, 63-ü uşaq, 70-i ahıl insanlar idi. 25 uşaq hər iki valideynini itirib, daha 76 nəfər yaralanıb, 19 nəfər sonradan dəyişdirilmə məqsədilə əsir götürülüb. Adelina, o uşaqların bir çoxları səndən yaşca kiçik idilər. Onların bəziləri diri-diri yandırıldı, başları kəsildi, körpələrin gözləri çıxarıldı. İnan, bu sətirləri gözlərdə yaş olmadan yazmaq son dərəcə çətindir. Artıq həmin məşum gün tarixə bəşəriyyətə qarşı ən qanlı cinayətlərdən biri kimi daxil olub. Heç bir müharibə belə barbar və vəhşi əməlləri doğrulda bilməz.
Yazırsan ki, böyüklər sənə danışıblar ki, “müharibəyə qədər, hətta 50 və ya 100 il əvvəl, azərbaycanlılar burada yaşayan vaxtlar onlar vəfat etdikdə, onları Qarabağdan çıxarır və əsl vətənlərində dəfn edirdilər, çünki bilirdilər ki, bura onların vətəni, onların torpağı deyil. Buna görə də, burada demək olar ki, azərbaycanlı qəbiristanlığı yoxdur...”. Yəqin ki, sən bilməlisən ki, əslində dediklərin Dağlıq Qarabağda və onunla qonşu rayonlarda azərbaycanlı, müsəlman qəbiristanlıqları, məbədləri və mavzoleylərinin kütləvi məhv edilməsi faktını təsdiqləyir.
Heç zaman azərbaycanlı görməyən biri kimi, həm də, nənə və babanın heç zaman danışmayacağı üçün sənə maraqlı olar ki, Dağlıq Qarabağda, yalnız Azərbaycanın Şuşa şəhəri ətrafında 37 Azərbaycan kəndində 21-dən çox böyük qəbiristanlıq olub. Şuşa şəhərinin özündə 2 böyük azərbaycanlı qəbiristanlığı olub: “Mirzə Həsən” və “Mir Faseh”. Şuşa şəhərinin mərkəzində, qədim Yuxarı Gövhər ağa və Aşağı Gövhər ağa məscidləri ətrafında indi dağıdılmış qəbiristanlıqlar olub. Qədim qəbiristanlıqlar Qaybalı, Quşçular, Zarıflı, Səfi Xanlar, Xəlfəli, Xanəli, Quşçu və başqa kəndlərdə mövcud olub. Məgər sənin baba və nənələrin Dağlıq Qarabağda demək olar ki, hər bir məscidin ətrafında, Cıdır Düzündə, Molla Pənah Vaqifin mavzoleyi ətrafında, həmçinin Şuşa şəhərinin aşağısında olan azərbaycanlı qəbiristanlıqlarını unudublar?
Qarabağda İnternet qadağan edilməyibsə, “Google Earth” proqramından istifadə edərək, kosmosdan çəkilmiş fotoşəkillərdə sənin evindən bir neçə kilometr məsafədə yerləşən dağıdılmış, boş qalmış Azərbaycan şəhərləri, kəndləri, məscid və qəbiristanlıqlarını görəcəksən. Tut, Ahıllı, Salakətin, Qarabağlı, Əmirallar, Muğanlı kəndləri və Xocavənd rayonunun digər yaşayış məntəqələri ətrafındakı qəbiristanlıqlar qara ləkələr kimi görünür. Ermənilərin 1930-cu illərdə məskunlaşdırıldıqları Xocavənd (Martuni) şəhərinin mərkəzində qədim qəbiristanlıq və ermənilərin 1989-cu ildə dağıtdıqları Aşıqlı Qoşa Gümbəz mavzoleyi yerləşirdi. Yeri gəlmişkən, Xocavənd şəhəri yaxınlığında, cəbhəyanı ərazidə oğuz xanları, həmçinin barəsində 7-ci əsrin eposu “Dədə Qorqud”da danışılan Qaraca Çobanın dəfn olunduğu qədim “Nərgiztəpə” qəbiristanlığı yerləşir. “Fındıqlı yastan” adlanan yerdə bəzi məzarların yaşının 2500-3000 ili ötdüyü qədim Azərbaycan qəbiristanlığı olub. Bu siyahını davam etdirmək çox asandır.
Adelina, bil ki, sən bu həqiqəti əvvəl bilsəydin, valideynlərinin sənin gözlərinə baxaraq, Qarabağda azərbaycanlı qəbiristanlıqlarının olmadığını söyləməyə cəsarəti çatardımı?
Səni tarixi faktların zənginliyi ilə yormaq istəməzdim, lakin “70 il əvvəl Stalin adlı rəhbərin qəsdən bizim torpaqları Azərbaycana verməsi” barədə söhbətlər az məkrlilik deyil.
İş ondadır ki, o zaman Stalinin səs hüququ yox idi və o sadəcə böyük əksəriyyətin “Qarabağın dağlıq hissəsini Azərbaycanın tərkibində saxlamağın” lehinə səs verdiyi iclasda iştirak etmirdi. Guya bu torpaqların verilməsi haqqında danışıqlar isə, yalnız tarixin erməni tərzində şərhidir. Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) ittifaq və beynəlxalq qanunvericiliyi pozaraq, Azərbaycanın tərkibindən birtərəfli qaydada çıxması barədə qeyri-qanuni qərara qanuni xarakter vermək cəhdləri də analoji münasibətə layiqdirlər.
Adelina, çox təəssüflər olsun ki, sənə münaqişəmizin köklərindən danışan böyüklər tarixi sərt şəkildə təhrif edir və faktları qulaq ardına vururlar. Sən Heydər Əliyevin sənin xalqına qarşı müharibəyə başladığını yazarkən, dərin səhvə yol vermiş olursan. 1989-cu ildə DQMV-nin erməni icmasının nümayəndələri adından birtərəfli qərarı azərbaycanlılar qəbul etmədilər. Bu qərar isə, əvvəla vilayətin azərbaycanlı icmasının rəyinə etinasızlıq göstərir, ikincisi, qanunun müəyyən etdiyi qaydanı pozurdu. Yeri gəlmişkən, yəqin sən bilməlisən ki, beynəlxalq ictimaiyyət indiyədək Dağlıq Qarabağı Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi hesab edir ki, bu da sənə məlum olan BMT Baş Assambleyası da daxil olmaqla, bir çox beynəlxalq təşkilatların qətnamələri ilə öz təsdiqini tapır. Və birdə, ermənilərin Azərbaycan kəndlərinə və şəhərlərinə hücum çəkmələri, Dağlıq Qarabağın dinc azərbaycanlı əhalisinə qarşı yönəlmiş etnik təmizləmələr həyata keçirməsi ilə nəticələnmiş münaqişəyə azərbaycanlılar başlamayıblar. Qeyd etmək yerinə düşər ki, məhz 1993-cü ilin iyununda Bakıya qayıtmış Heydər Əliyevin sayəsində 1994-cü ilin mayında atəşkəs haqqında razılaşma imzalandı. Beləliklə də, sənin atan sağ-salamat evə qayıda bildi və bundan 4 il sonra sən dünyaya gəldin.
Yazırsan ki, heç zaman azərbaycanlı görməmisən. Başa düşürəm. İndi elə bir zaman gəlib ki, tarixən Azərbaycanın olmuş Dağlıq Qarabağda azərbaycanlı, Ermənistanda isə ermənilərdən başqa heç kəs qalmayıb. Azərbaycanda isə onlarla müxtəlif millətin, o cümlədən də yaşıdlarının burada görə biləcəkləri ermənilər firavan həyat sürürlər. Yazırsan ki, boş vaxtlarında çox şey haqqında düşünürsən. Onda düşün, necə olub ki, hal-hazırda Ermənistan monoetnik, Azərbaycan isə çoxmillətli dövlətdir? Monoetnik dövlətin nə olduğunu bilmirsənsə, böyüklərə müraciət et. Onlar Ermənistanın timsalında bu sözün mənasını sənə izah edəcəklər.
Təəssüf ki, hazırda iki qonşu xalq arasında hələ sənin dünyaya gəlməyindən əvvəl başlamış və indiyədək nizamlanmamış münaqişə mövcuddur. Başa düşürəm, azərbaycanlılar haqqında, xalqlarımızın nümayəndələrinin genetik baxımdan bir yerə sığmaz olması barədə çox düşünür və oxuyursan. Axı bu tezis Ermənistanın ikinci prezidenti Robert Köçəryan tərəfindən səsləndirilib və bu gün erməni qəzetləri, İnternet-saytları tərəfindən fəal şəkildə yayımlanır. Ona görə də, bil, Adelina, çox-çox illər Almaniyada da hakimiyyətə genetika, ari irqinin təmziliyi haqqında mülahizə yürüdən siyasətçilər gəldi. Nəticədə bu siyasət yəhudilərin Almaniyada kütləvi soyqırımına, həmçinin İkinci Dünya Müharibəsinin başlamasına gətirdi. Bu müharibə on milyonlarla həyat bahasına başa gəldi. Biz müharibə istəmirik, biz azərbaycanlı və ermənilərin Azərbaycan və Ermənistanın tərkibinə daxil olduğu Cənubi Qafqaz adlı inkişaf edən, çiçəklənən regionda birgə yaşamasını istəyirik.
Axı vaxt var idi ki, biz, ermənilər və azərbaycanlılar SSRİ adlı dövlətin bir dövlətin tərkibində tamamilə dinc yaşayırdıq. O zamanlar xeyli sayda azərbaycanlı-erməni ailələri qurulmuşdu, dahi Azərbaycan və sovet müğənnisi Müslüm Maqomayev isə erməni və sovet bəstəkarı Arno Babacanyanın mahnılarını oxuyurdu. Atanla anandan, nənənlə babandan soruş – onlar sənə o vaxtlar haqqında danışacaqlar.
Biz bir yerdə öz sözümüzü deyən kimi, münaqişəni həll edən və öz doğma evlərimizə qayıdan kimi Cənubi Qafqazda mütləq sülh bərqərar olacaq. Münaqişənin tezliklə həlli hər kəs üçün, o cümlədən də sənin aid olduğun Dağlıq Qarabağın erməni icması üçün faydalıdır. Və heç kəs heç zaman səni Qarabağda doğma torpağında yaşamaq imkanından məhrum etməyəcək və eyni zamanda, heç kəsin hüququ yoxdur ki, yüz minlərlə azərbaycanlını Xankəndi, Şuşa, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə, Hadrut, Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilandakı doğma ocaqlarına qayıtmaqdan məhrum etsin.
Ola bilsin sənə elə gəlir ki, bu diyar həmişə səhralıq, insan yaşamayan və inkişaf etməmiş olub. Belə yanlışlığa yol verməkdə sənin günahın yoxdur – sən yalnız Azərbaycandan qoparılmış Dağlıq Qarabağı – dağıdılmış və talan edilmiş Dağlıq Qarabağı görmüsən. Lakin başqa, bu diyarın çiçəkləndiyi, burada həyat səviyyəsinin bütün Cənubi Qafqazdan yüksək olduğu, azərbaycanlıların etnik təmizləmələrinin aparılmadığı vaxtlar da olub.
İndi isə, təəssüf ki, Dağlıq Qarabağda həyat səviyyəsi insanların qaçıb getdiyi Ermənistandan da pisdir. “Daşnaklar – erməni hökumətinin agentləri Qarabağın Ermənistana birləşməsinə nail olurlar, lakin bu Qarabağ əhalisi üçün əsas həyat mənbəyindən – Bakıdan məhrum olmaq və heç zaman və heç nə ilə əlaqələnmədikləri Erivanla bağlanmaq deməkdir” deyən Anastas Mikoyanın peyğəmbərliyi həyata keçdi. Əminəm ki, artıq böyüklər sənə Anastas Mikoyanın kim olması barədə danışıblar.
Təəssüf ki, Yerevanda hələ də anlamayıblar ki, əslində qonşu dövlətin ərazisini işğal edərək və həm Azərbaycanda, həm də Ermənistanda etnik təmizləmələr apararaq, Dağlıq Qarabağ və onunla qonşu yeddi rayonun şəhər və kəndlərini dağıdaraq, Ermənistan məğlubiyyətə uğrayıb! O, sənin kimi gənc insanların, erməni xalqının siyasi və iqtisadi gələcəyini uduzub və bu gün, dünyanın ikinci pis iqtisadiyyatı olaraq, uçuruma doğru yuvarlanır.
“Bu gün Ermənistanda ərə getmək şansı olmayan qızlar nəsli yaranıb, çünki, bütün oğlanlar ölkəni tərk edirlər” – bir müddət əvvəl erməni siyasi və ictimai xadim Karine Danielyan hökumətə məktubunda yazıb. İndi sənin 13 yaşın var, Adelina, lakin bir müddət sonra sən də ailə qurmaq haqqında düşünəcək, uzaq ulduzlara baxarkən, elə yaxın və real görünən o insan xoşbəxtliyi haqqında düşünməyə başlayacaqsan.
Lakin axı Dağlıq Qarabağın erməni əhalisi və Ermənistan sakinlərini bu vəziyyətə azərbaycanlılar çatdırmayıblar. Buna, Qarabağ avantürasına başlayan, Ermənistanı idarə etmiş və indi də idarə edən kəslər bais olublar. Onların özləri çox yaxşı yaşayırlar, amma bax Dağlıq Qarabağın erməni icması üçün vəziyyət pisdir. Lakin ən qorxulusu odur ki, həm Qarabağda, həm də Ermənistanda yüz minlərlə insan səhra komandirləri və ağıldan kəm ekstremistlərin girovuna çevrilir. Hər şey başqa cür ola bilərdi, Adelina.
Və sonda. Xalq müdrikliyi deyir ki, yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Səni, Adelina, Bakını, Gəncəni, Sumqayıtı ziyarət etməyə, Azərbaycanın rayonlarında olmağa və onların inkişafını, yeni görünüşünü görməyə çağırıram. Valideynlərin, atan, anan, nənən və babanla gəl, onlar azərbaycanlı qonaqpərvərliyi və xalqımın yaradıcı xarakteri haqqında yalnız sözdə eşitməyiblər. Bir yerdə gəlin və görəcəksiniz ki, Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ nələri itirir. Əminəm ki, bundan sonra sənin Azərbaycan haqqında da, heç zaman görmədiyin azərbaycanlılar haqqında da rəyin dəyişəcək”.