Bir qərarla dəyişən həyat
Salam, mən Zeynəb Allahverdiyevayam. Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseyin IB proqramının məzunuyam və hazırda Böyük Britaniyanın Manchester Universitetində Biotexnologiya ixtisası üzrə təhsil alıram.
Həyatımın son bir neçə ili mühüm qərarlar, yeni başlanğıclar və uğurlarla yadda qalıb. Mənim üçün ən vacib qərarlardan biri 17 yaşımda xaricdə təhsil almaq üçün Azərbaycandan ayrılmaq idi.
Bu məqsədə çatmaq üçün çox çalışdım və Imperial College London, King's College London, Edinburgh Universiteti və Illinois Urbana-Champaign Universiteti də daxil olmaqla bir sıra nüfuzlu universitetlərdən qəbul aldım. Lakin seçimim Manchester Universiteti oldu. Yeni ölkəyə və fərqli təhsil sisteminə uyğunlaşmaq asan olmasa da, bu təcrübə mənə müstəqil olmağı, özümə inanmağı və çətinliklər qarşısında daha güclü olmağı öyrətdi.
Bu il isə həyatımın ən böyük uğurlarından birinə imza ataraq Azərbaycan Respublikasının 2022–2028-ci illəri əhatə edən Dövlət Proqramına qəbul oldum. Mənim üçün bu, təkcə təqaüd qazanmaq deyil, həm də dövlətimin mənə göstərdiyi etimadın göstəricisidir. Gələcəkdə əldə etdiyim bilik və təcrübəni ölkəmin inkişafına yönəltmək ən böyük məqsədlərimdən biridir.
Bu uğurlarımda valideynlərimin və müəllimlərimin rolu əvəzsizdir. Onlar hər zaman mənə inanıb, məni dəstəkləyib və arzularımın arxasınca getməyim üçün mənə güc veriblər. Buna görə də əldə etdiyim hər bir nailiyyətdə onların da böyük payı var.
Mən öz hekayəmi yazmağa davam edirəm və inanıram ki, onun ən gözəl səhifələri hələ qarşıdadır.