DTX səfirliyə terror hücumunun qarşısını aldı - XÜSUSİ ƏMƏLİYYAT
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri zamanı Azərbaycan Respublikasının vətəndaşları - 2000-ci il təvəllüdlü, "Abu Zər əl-Mühacir" dini ləqəbli İlqar İlham oğlu Quliyev, 2005-ci il təvəllüdlü, "Abdurəşid" dini ləqəbli Amin Elşad oğlu Piriyev və 2005-ci il təvəllüdlü, "Abdurrahman əl-Azəri" dini ləqəbli Elvin Sənan oğlu Əlizadənin dini düşmənçilik zəminində Bakı şəhərində xarici ölkənin səfirliyinə terror hücumu törətməyə hazırlıq görmələrinə əsaslı şübhələr yaranıb. Simsar.az xəbər verir ki, bu barədə DTX məlumat yayıb. Bildirilib ki, adıçəkilən şəxslər İŞİD terror təşkilatının "Vilayəti-Xorasan" silahlı qruplaşmasının üzvləri ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında xarici dövlətin Azərbaycan Respublikasındakı səfirliyinə terror hücumu etmək üçün silah qismində istifadə edilən predmetlər əldə edib səfirliyin yerləşdiyi əraziyə yaxınlaşarkən DTX-nin əməkdaşları tərəfindən saxlanılıblar. Faktla bağlı İlqar Quliyev, Amin Piriyev və Elvin Əlizadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3 və 28, 214.2.6 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə, dini düşmənçilik zəminində terrorçuluğa hazırlıq) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.