Gənclərə güvənən, gəncləri dəstəkləyən lider
Müasir Azərbaycan gənci olaraq bu gün qürurla deyə bilərəm ki, ölkəmizin inkişaf strategiyasında gənclər sadəcə gələcəyin deyil, həm də bu günün əsas aparıcı qüvvəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti gənclərin hərtərəfli inkişafını prioritet istiqamət kimi müəyyən edib və bu siyasətin real nəticələrini biz – gənclər – öz həyatımızda açıq şəkildə hiss edirik. Gənclərin potensialından səmərəli istifadə olunması müasir, müstəqil Azərbaycanın dayanıqlı və intensiv inkişafını təmin edən fundamental amillərdən biridir. Prezident İlham Əliyevin gənclərin bilikli, vətənpərvər, təşəbbüskar və məsuliyyətli vətəndaş kimi formalaşmasına yönəlmiş siyasəti uzaqgörən dövlət idarəçiliyinin bariz nümunəsidir. Bu siyasətin nəticəsidir ki, bu gün Azərbaycan gəncliyində özünəinam, milli kimliyə bağlılıq və ölkənin gələcəyində fəal iştirak istəyi daha da güclənib. Prezident İlham Əliyevin rəhbərliyi dövründə ölkədə bütün sahələrdə davamlı sosial-iqtisadi inkişaf təmin olunub. Həyata keçirilən genişmiqyaslı islahatlar, sosial rifahı artıran dövlət proqramları, təhsil və insan kapitalına yönəlmiş investisiyalar gənclər üçün yeni imkanlar yaradıb. Müasir təhsil infrastrukturu, rəqəmsal texnologiyalara əsaslanan yeniliklər, elmi tədqiqatların və innovasiyaların dəstəklənməsi gənclərin bilik və bacarıqlarının inkişafına güclü təkan verir. Bu gün gənclər artıq yalnız bilik alan deyil, eyni zamanda yaradan, təşəbbüs göstərən və məsuliyyət daşıyan bir qüvvə kimi çıxış edirlər. “Azərbaycan–2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində də gənclərin rolu xüsusi yer tutur. Rəqabətli insan kapitalının formalaşdırılması, innovasiya mühitinin gücləndirilməsi və inklüziv cəmiyyətin qurulması birbaşa gənclərin fəal iştirakını tələb edir. Bu prioritetlər gənclərə göstərilən etimadın və onların gələcək inkişaf modelində əsas dayaqlardan biri olmasının göstəricisidir. Vətən müharibəsində qazanılmış tarixi Zəfər isə Azərbaycan gəncliyinin vətənpərvərlik ruhunun, milli birliyinin və dövlətə sədaqətinin ən parlaq nümunəsi oldu. Bu Qələbə yalnız hərbi uğur deyil, həm də gənclərin öz liderinə, Prezident İlham Əliyevə olan inamının təcəssümü idi. Müzəffər Ali Baş Komandanın qətiyyəti, uzaqgörən siyasəti və xalqla birliyi nəticəsində Azərbaycan gəncliyi qalib ölkənin vətəndaşı olmağın qürurunu yaşayır. Postmüharibə dövründə həyata keçirilən “Böyük Qayıdış” strategiyası da gənclər üçün yeni üfüqlər açır. Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri, yeni universitetlərin, sənaye parklarının, yaşayış məntəqələrinin salınması gənclərin doğma torpaqlarda yaşaması, işləməsi və ölkənin inkişafına birbaşa töhfə verməsi üçün geniş imkanlar yaradır. Bir gənc kimi əminliklə deyə bilərəm ki, Prezident İlham Əliyevin gənclərə yönəlmiş siyasəti bizə sadəcə dəstək vermir, həm də məsuliyyət yükləyir. Bu məsuliyyət ölkəmizin müstəqilliyini, suverenliyini və inkişafını qorumaq, onu daha da gücləndirmək məsuliyyətidir. Dövlətin gənclərə olan inamı bizim üçün ən böyük motivasiyadır. Bu gün Azərbaycan gənci güclü dövlətin, qalib xalqın və aydın gələcəyin daşıyıcısıdır. Gənclərə güvənən Prezident, gənclərə arxalanan dövlət və inkişaf edən Azərbaycan – bu birlik ölkəmizin sabahının ən möhkəm təminatıdır. Nərgiz Nağıyeva, Sumqayıt Gənclər Evinin direktoru