Seymur İsayev: 2026-cı il şəhərsalma və memarlıq baxımından Azərbaycan üçün əlamətdar və fərqli bir il olacaq
Prezident İlham Əliyevin Sərəncamı ilə 2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edildi. Bu sərəncam ictimaiyyət tərəfindən böyük maraq və rəğbətlə qarşılandı. Sipark İnşaat tikinti şirkətinin rəhbəri, iş adamı Seymur İsayev də belə bir sərəncamın verilməsinin ölkəmiz üçün önəmli olduğunu bildirib. Onun sözlərinə görə sərəncam davamlı inkişaf strategiyasında şəhərsalma siyasətinin, müasir memarlıq yanaşmalarının və tarixi-mədəni irsin qorunmasının xüsusi önəm daşıdığını göstərir. "Sərəncamda bir çox mühüm məsələlərə diqqət yetirilib. Bu məsələlər şəhərsalma üçün çox önəm daşıyacaq və nəticə etibarilə uğurlu memarlıq əsərlərini meydana gətirəcək. Qeyd edim ki, Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi nailiyyətlərdə ulu öndər Heydər Əliyevin xidmətləri də xüsusi yer tutur. Onun irəli sürdüyü siyasət nəticəsində milli memarlıq dəyərləri mühafizə olunaraq, müasir memarlıq layihələrində yaradıcı şəkildə istifadə edilib. 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması işğaldan azad olunan ərazilərimizdə yeni şəhər və qəsəbələrin inşa edilməsi, müasir memarlıq və şəhərsalma prinsiplərinin geniş tətbiq olmasıdır. Beləliklə, 2026-cı il şəhərsalma və memarlıq baxımından Azərbaycan üçün əlamətdar və fərqli bir il olacaq. Ölkəmiz həm azad edilmiş ərazilərdə, həm də digər bölgələrdə yeni, müasir və ağıllı şəhərsalma ənənəsini daha da genişləndirəcək."