Azərbaycanın əksər ərazilərində bayram günlərində - dekabrın 31-i və yanvarın 1-də ilkin proqnoza görə, qar yağmayacaq.
Bu barədə Trend-ə  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya  Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra  Tağıyeva məlumat verib: “31 dekabrda günün ikinci yarısında  respublikanın Qərb rayonlarından başlayaraq hava dəyişəcək, temperatur  5-6 dərəcəyədək düşəcək və beləliklə iqlim normasına yaxın olacaq”.
Umayra  Tağıyeva deyib ki, dekabrın 31-də günün ikinci yarısından başlayaraq  Bakı və Abşeron yarımadasında uzun müddətli cənub küləyi şimal küləyi  ilə əvəz olunacaq. Yanvarın 1-də Bakı və Abşeron yarımadasında yağışın  yağacağı istisna deyil. Dekabrın 31-i və yanvarın 1-də Bakı və Abşeron  yarımadasında temperatur gündüz saatlarında 9-10 dərəcə olacaq. Yanvarın  1-də bir sıra rayonlarda yağış yağması gözlənilir, dağətəyi və dağlıq  rayonlarda yağıntıların sulu qar və qara keçəcəyi istisna deyil.
Umayra  Tağıyeva bildirib ki, Azərbaycanda dekabr ayına xas olmayan anomal isti  hava şəraiti dekabrın 30-na kimi davam edəcək. Bakı və Abşeron  yarımadasında temperatur gündüz saatlarında 15, Aran rayonlarında 15-17,  dağlıq ərazilərdə isə 7-12 dərəcə olacaq.
DİGƏR XƏBƏRLƏR