Yaxın dəqiqələrdə finalçı məlum olacaq.
Milli.Az xəbər portalının məlumatına  görə, hal-hazırda Akademik Milli Dram Teatrında İTV-nin canlı yayımı ilə  "Eurovision-2011"in milli seçim turu çərçivəsində final gecəsi  keçirilir. Hazırda davam edən final yarışmasında, Azərbaycanı  "Eurovision-2011" mahnı müsabiqəsində təmsil etmək üçün beş finalçı -  Nigar Camal, Eldar Qasımov, Aynişan Quliyeva, İlqarə İbrahimova və  İlhamə Qasımova çıxış edirlər.
 
 İfaçıların hər biri 4 mahnıdan ibarət xüsusi repertuarla çıxış edirlər.  Konsert proqramında finalçılarla yanaşı, Bakıda qonaq olan “Eurovision”  ulduzları da qonaq qismində iştirak edirlər. Gürcüstan təmsilçisi Sofia  Nijaradze də səhnəyə çıxaraq, özünün Eurovision mahnısını ifa etdi,  Azərbaycan finalçılarına uğurlar dilədi.
 
 Finalçıların çıxışları davam edir. Yaxın dəqiqələrdə qalib münsiflər heyəti tərəfindən müəyyənləşəcək.
 
 Finaıçıları bir daha təqdim edirik:
 
 Eldar Qasımov
 
 Eldar 1989-cu ildə Bakıda anadan olub. 1995-2006-cı illərdə 160 saylı  məktəbdə oxuyub. 2001-2005-ci illərdə 2 saylı musiqi məktəbində  fortepiano sinfində musiqi təhsili alıb. 2008-ci ildə Almaniyada olarkən  vokal dərsləri alıb. Almanca sərbəst danışır. 2006-2010- cı ildə Bakı  Slavyan Universitetinin Beynəlxalq əlaqələr və regionşünaslıq  fakültəsində təhsil alıb. Hazırda həmin universitetin magistratura  pilləsində təhsilini davam etdirir. Çox kiçik yaşlarından mahnı oxumağa  başlayıb, Azərbaycan və Rusiyanın müxtəlif şəhərlərində təşkil olunmuş  konsert proqramlarında iştirak edib.
 
 İlhamə Qasımova
 
 1976-cı ildə Lənkəran şəhərində doğulub. 2000-ci ildə “Bakı Payızı”  müsabiqəsinin laureatı olub. 2006-cı ildə “Yeni Ulduz” yarışmasının  qalibi olub. Hazırda Avropada tanınmış prodüserlər Mark Dollar ve Mayk  Mayls ilə yeni albom üzərində çalışır.
 
 İlqarə İbrahimova
 
 İlqarə İbrahimova 1990-cı ildə Bakı şəhərində anadan olub. Müasir Təhsil  Kompleksində təhsil alıb. Moskva Dövlət Universitetinin tələbəsidir.
 
 Nigar Camal
 
 1980-ci ildə Bakıda doğulub. 1985-1986-cı illərdə uşaq ansamblının  solisti olub. 1988-1995-ci illərdə musiqi məktəbində təhsil aldığı  müddətdə bir neçə mahnı da bəstələyib. 1996-cı ildə “Pöhrə” musiqi  yarışmasında diplomla təltif olunub. 2005-ci ildən Londonda yaşayır.  RnB, Soul, Pop janrlarında mahnılar ifa edir.
 
 Quliyeva Aynişan
 
 1991-ci ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə Ukraynanın Yalta  şəhərində keçirilən “Lets  the world to the better” festivalında  “Bülbüllər” qrupu ilə gümüş medal qazanıb. 2003-cü ildə Andrey Babiçin  qrupunda rəqsdən dərs alıb. Aynişan 2009-cu ildən Azərbaycan Dövlət  Mədəniyyət Universitetində təhsil olur.
 
 Məlumat üçün bildirək ki, münsiflər heyəti 7 nəfər üzvdən və 1 səsvermə  katibindən ibarətdir. Münsiflər heyətinin sədri İctimai Televiziya və  Radio Yayımları Şirkətinin Baş direktoru İsmayıl Ömərovdur. İ. Ömərovdan  başqa, münsiflər heyətinə Beynəlxalq Musiqi Şurasının Azərbaycan Milli  Musiqi Komitəsinin prezidenti Lalə Kazımova, Mədəniyyət və Turizm  Nazirliyinin nümayəndəsi Mənzər Nurəliyeva və digər peşəkarlar daxildir.
 
 Qeyd edək ki, milli final konserti Azərbaycanın İctimai Televiziyası ilə  yanaşı, Eurovision TV, TRT və Gürcüstanın İctimai Televiziyası ilə də  canlı yayımlanır.
DİGƏR XƏBƏRLƏR