İlin sonunadək "Eks-prezidentlərin statusu haqqında" qanun layihəsi Milli Məclisin plenar iclasına çıxarılacaq
Bəlli olduğu kimi, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında “Eks-prezidentlərin statusu haqqında” qanun layihəsi müzakirə olunub. Bu sənəddə Azərbaycanın sabiq prezidentləri və onların ailə üzvlərinin sosial təminatı, təhlükəsizliyi kimi məsələlər əksini tapıb.
“Eks-prezidentlərin statusu haqqında” qanun layihəsi 12 maddədən ibarətdir. Amerika və Rusiya təcrübəsinə əsasən hazırlanmış sənədə görə, keçmiş prezident konstitusiyaya uyğun olaraq prezident vəzifəsini tutmuş, bu vəzifəni tutub vəfat etmiş, həmçinin konstitusiyanın 104-cü maddəsinə uyğun olaraq səlahiyyətlərinə xitam verilmiş şəxslər hesab olunur.
Qeyd edək ki, bundan əvvəl bəzi millət vəkilləri barələrində cinayət işi açılan şəxslərə bu statusun verilməməsini təklif edirdilər. Amma millət vəkili Çingiz Qənizadənin sözlərinə görə, həmin müddəa qanun layihəsində öz əksini tapmayıb. Onun sözlərinə görə, layihəyə əsasən müstəqillik dövründə prezident səlahiyyətlərini icra edən 3 prezidentə bu statusun şamil olunacağı nəzərdə tutulub: “3 sabiq prezidentdən ikisi dünyasını dəyişib, Ayaz Mütəllibov isə hələlik Moskvada yaşarır. Belə hesab edirəm ki, qanun qəbul olunandan sonra o artıq sərbəst olacaq və qanunda nəzərdə tulan müddəalar ona şamil olunacaq”.
Qanun layihəsinə əsasən, eks-prezidentə toxunulmazlıq statusu verilir. Bundan başqa, sənəddə keçmiş dövlət başçılarının və onların ailə üzvlərinin tibbi, maddi və sosial baxımdan təminatı ilə bağlı məsələlər də əksini tapıb. Qanunla keçmiş prezidentin pensiyası prezident vəzifəsində olan şəxsin əsas aylıq əmək haqqının 50 faizinə bərabər tutulur. Vəfat etmiş prezidentin arvadı və 18 yaşına çatmamış uşaqlarına bu məbləğin yarısının verilməsi nəzərdə tutulub.
Ç. Qənizadənin sözlərinə görə, qanun layihəsinin komitədə daha bir müzakirəsinin keçiriləcəyi planlaşdırlır. İlin sonuna qədər isə layihənin Milli Məclisin plenar iclasına çıxarılacağı gözlənilir.
DİGƏR XƏBƏRLƏR