Türkiyə Respublikasının milli müdafiə naziri İsmət Yılmazın başçılıq etdiyi nümayəndə heyəti ilə Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyevin görüşü olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, qonaq Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin və Zərifə Əliyevanın məzarlarını, Şəhidlər Xiyabanda Azərbaycan və türk şəhidliyini ziyarət edib. Türkiyəli nazirin Azərbaycan Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi keçirilib, hər iki ölkənin dövlət himni səslənib.
Səfər Əbiyev İsmət Yılmazı milli müdafiə naziri təyin edilməsi münasibəti ilə təbrik edib və ona bu işində uğurlar arzulayıb. Nazirlər iki ölkə arasında mövcud hərbi əməkdaşlıq əlaqələrinin daha yüksək səviyyəyə qaldırılması istiqamətində ətraflı fikir mübadiləsi aparıblar. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ konfliktinin həllinə toxunan nazirlər Azərbaycanın ərazi bütövlüyünün bərpasını, işğalçı Ermənistanın tez bir zamanda torpaqlarımızdan geri çəkilməsinin vaxtının çatdığını xüsusi qeyd ediblər.
Nazir Səfər Əbiyev bildirib ki, problemin sülh şəraitində həlli üçün danışıqlar getsə də, hələlik konkret nəticə yoxdur və Ermənistan öz təcavüzkarlığını davam etdirir. Onun fikrincə, belə bir vəziyyətdə Silahlı Qüvvələrimizdə ciddi hazırlıq işlərinin aparılmasından özgə yol qalmır.
Görüşdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hülusi Kılınc da iştirak edib.
DİGƏR XƏBƏRLƏR