Şair yüzə çata bilmədi...
Heç əlinə alma əsa,
Yetmişində batma yasa,
Hər kim yüz il yaşamasa
Günah onun özündədir
-desə də, özü 100 yox, 85 il yaşadı. Və bəlkə də ömrünün son çağlarında ömrünün bitməsində öz günahının olmadığını anladı.
Bu gün Osman Sarıvəllinin doğum günüdür. “Kür qırağında”, “Dəmir sətirlərim”, “Bənövşə”, “Şairin hədiyyəsi”, ”Gətir, oğlum, gətir”, “Gənclik eşqi”, “Bahar çiçəkləri”, “Yeni dünyanın qapısı”, “İqlimdən-iqlimə” və s.kimi kitabların müəllifi O.Sarıvəlli 1905-ci il dekabrın 17-də Qazax rayonunun İkinci Şıxlı (Sarıvəlli) kəndində anadan olub. Orta təhsilini Qazax Müəllimlər Seminariyasında aldıqdan sonra bir müddət Göyçay rayonunun Qaraməryəm və Bığır – kənd məktəblərində müəllim işləyib. Sonra isə Moskva Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb.
O. Sarıvəlli yaradıcılığa 1928-ci ildə başlayıb. Həmin ildə "Gənc işçi" qəzetində "Ayaqsız" adlı ilk şeiri çap olunub. O, şerlərində aşıq poeziyasına geniş yer verib. 1944-1945-ci illərdə müharibədə iştirak edən şairin yaradıcıllığında bu illərin çətinlikləri, mərhumiyyətləri də qabarıq şəkildə öz əksini tapıb. "Qan qardaşı", "Müharibənin ilk günü", "Bütün bunlar yaşayacaq" kimi şerləri poeziyamızın ən yaxşı nümunələrindəndir.
Müharibədən sonra Osman Sarıvəlli qəzetçiliklə də məşğul olub, mətbuatda satirik şeirlərlə çıxış edib. Ədəbiyyatşünaslıq sahəsində bir sıra əsərlərin müəllifi olan şair tərcüməçi kimi də özünü sınayıb, rus ədəbiyyatından azərbaycan dilinə tərcümələr edib. Azərbaycan Yazıçılar İttifaqının üzvü olub.
Bakı Pedaqoji texnikumunda müəllim, Bakı Teatr texnikumunda direktor, Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda direktor müavini, "Ədəbiyyat qəzeti"nin redaktoru, Uşaqgəncnəşrdə redaktor, Azərbaycan Yazıçılar İttifaqında şeir üzrə məsləhətçi vəzifələrində işləyib.
1990-cı il iyulun 3-də Bakıda vəfat edib və doğma kəndində dəfn edillib.
Xatirə
DİGƏR XƏBƏRLƏR