Dünya şöhrətli müğənni ailəsi ilə birgə Avstriyadadı
Bu gün Azərbaycanın və SSRİ-nın xalq artisti, dünya şöhrətli müğənni Zeynəb Xanlarovanın doğum günüdür. Sevimli müğənnimizin 75 yaşı tamam olacaq.
Müğənninin köməkçisi Mələk xanımın Simsar.az-a veridiyi məlumata görə, Zeynəb Xanlarova yubileyini ölkədən kənarda – Avstriyada qeyd edəcək. Zeynəb xanım doğum günü ilə yanaşı,Yeni İli və Dünya Azərbaycanlılarının Həmrəylik Gününü Vyanada keçirəcək.
Müğənni Avstriyaya ailə üzvləri ilə birlikdə gedib. 10 nəfərdən ibarət heyət srağa gün təyyarə ilə yola düşüb.
Z.Xanlarova 73 yaşını da ölkədən kənarda İsveçrədə keçirib.
“Simsar.az” saytı və “Simsar” jurnalının kollektivi sevimli xanəndəni doğum günü münasibətilə təbrik edir, ona uzun ömür, cansağlığı və yeni uğurlar arzulayır.
Zeynəb Yəhya qızı Xanlarova 28 dekabr 1936-cı ildə Bakıda dünyaya göz açıb. M.Ə.Sabir adına Bakı Pedaqoji Məktəbini (1956) və A.Zeynallı adına Bakı Musiqi Texnikumunu (1961) bitirib. 1961-ci ildən Opera və Balet Teatrının solistidir. O, 1975-ci ildə Azərbaycan Respublikasının xalq artisti, 1980-ci ildə SSRİ xalq artisti adlarına, 1985-ci ildə isə Azərbaycan SSR dövlət mükafatı laureatına layiq görülüb. Z.Xanlarova dünyanın ən möhtəşəm konsert salonlarında, radio dalğalarında milyonlarla ürəyi fəth edən sehrkar bir səsə malikdir. Bu səsi ilə Azərbaycanı bütün dünyada tanıdıb. Qastrol səfərləri zamanı dilindən, dinindən, əqidəsindən asılı olmayaraq hər yerdə - Avropada, Asiyada, Afrikada, Amerikada eyni hərarətlə qarşılanır, eyni coşqunluqla alqışlanır. O, Yəmən, Əfqanıstan, Əlcəzair, Türkiyə və bir sıra başqa ölkələrdə yüksək təltiflərə, "Şərəf nişanı", "Xalqlar dostluğu", "Şöhrət" ordeni, "İstiqlal" ordenlərinə layiq görülüb. Zeynəb Xanlarova əvəzsiz bir ifaçı olmaqla yanaşı, Azərbaycan Akademik Opera və Balet Teatrının səhnəsində baş rollar oynayıb, sənət möcüzələri yaradıb. Onun Leylisi, Əslisi, Şahsənəmi teatr tariximizin səhifələrində adəbi qalacaq obrazlardır. Onun XX əsr Azərbaycan ifaçılıq sənətində bəlkə də heç kəsin heç zaman qalxa bilməyəcəyi bir zirvəsi var. Repertuarında muğam (Şahnaz, Mahur, Qatar, Bayatı-Şiraz və s.), təsnif və Azərbaycan xalq mahnıları, Azərbaycan bəstəkarlarının və Şərq xalqlarının mahnıları geniş yer tutur. Azərbaycanın qadın xanəndələri arasında "Çahargah" muğamının ilk ifaçılarındandır. O həmçinin bir sıra mahnıların müəllifidir. Zeynəb Xanlarova Azərbaycan SSR Ali Sovetinin (XI - XII çağırış) deputatı olub, Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır
DİGƏR XƏBƏRLƏR