Yubilyarın şərəfinə Mahnı Teatrında tədbir düzənləndi
Ötən gün Rəşid Behbudov adına Mahnı Teatrında Milli Konservatoriyanın baş müəllimi, xanəndə Qəzənfər Abbasovun 50 illik yubileyi ilə əlaqədar tədbir keçirildi. Tədbirdə Azərbaycan Milli K onservatoriyasının rektoru, xalq artisti, professor Siyavuş Kərimi, muğam kafedrasının müdiri, “İstiqlal” ordenli xalq artistləri, professor Arif Babayev, professor Əlibaba Məmmədov, şərqşünas alim, akademik Vasim Məmmədəliyev, görkəmli alim Rəhim Müseyibov, xalq artistləri, “Şöhrət” ordenli professor Canəli Əkbərov, professor Ağaxan Abdullayev, Milli Məclisin Ağcabədidən olan deputatı Tahir Rzayev, professor, musiqişünas Ramiz Zöhrabov, xalq artistləri Firuz Əliyev, Mənsum İbrahimov, Nəzakət Teymurova, Aygün Bayramova, Zabit Nəbizadə, şair-publisist Əli Rza Xələfi, əməkdar artistlər Gülyaz Məmmədova, Nuriyyə Hüseynova, Firuz Səxavət, Zakir Əliyev, Valeh Rəhimov, astroloq Firudin Qurbansoy və digər görkəmli şəxslər iştirak edirdilər. Tədbiri giriş sözü ilə aktyor Əli Nur açdı. Bir az Qəzənfər Abbasov yaradıcılığından söz açıb, sonra tədbiri idarə etməsi üçün səhnəyə şair, dramaturq, publisist İnqilab Nadirlini dəvət etdi. İ. Nadirli öz növbəsində tamaşaçıları yubilyarın qısa tərcümeyi-halı ilə tanış etdi. Çıxışının sonunda müəllifi olduğu “Mənim doğma muğamatım” adlı poemasından bir parça oxudu. Tədbir ərəfəsində iştirak edən tanınmış qonaqlar səhnəyə dəvət olunaraq Q.Abbasov haqda ən gözəl fikirlərini bölüşdülər. Hər deyilən xoş sözlərdən, ünvanlanan təbrikdən sonra yubilyarın tələbələri, istedadlı muğam ifaçıları Nigar Şabanova, Çingiz İbişov, Səbinə Ərəbli, Nasir Atapur, Rəna Qafarova, Tural Salmanov, Xəyalə Abdullayeva, latviya vətəndaşı Leyla Əliyeva muğam parçaları ilə çıxış edib, yubiley gecəsinə daha da gözəl rəng qatdılar. Gecənin sonunda söz yubilyara verildi. Öz növbəsində gələn qonaqlara təşəkkür edib, müdhiş ifasında “Vilayəti”ni səsləndirdi. Tədbir xoş ab-hava ilə sona çatdı.
“Simsar” kollektivi adından görkəmli pedaqoq Qəzənfər Abbasovu təbrik edir, həmişə uğurlar qazanmasını diləyirik.
Azər Nəsibov
DİGƏR XƏBƏRLƏR