“Yalnız partiya daxilində belə bir bayramı keçirməyin əleyhinəyəm”
Novruz bayramı yaxınlaşdıqca əhalinin bayramla əlaqədar sosial-iqtisadi durumu, əhval-ruhiyyəsi gündəmə gəlir. Kimisinin ac qalması, kimisinin toxundan ölməsi və bu kimi bütün günahlar az qala bayramın üstünə atılır.
Siyasilərin nayramı necə keçirəcəyi də oxucuların maraq dairəsindədir. Buna görə də, simsar.az siyasilərin Novruz bayramını harda və necə keçirəciyini öyrənib.
Millət vəkili, professor Musa Qasımlı Novruz bayramını ilin ən gözəl günü, bayramı hesab edir: «Bu bizim qanımızdan, canımızdan, tarixi, dini kökümüzdən gəlir. Sovet dövründə bu bayramı bizə unutdurmağa çalışsalar da, bacarmadılar. Vətənpərvər şəxslərin vasitəsilə bu bayram 60-ci illərin sonundan başlayaraq Azərbaycanda dövlət səviyyəsində qeyd olunmağa başladı. Bu gün Novruz bayramı Azərbaycanın bütün yerlərində, ailələrdə yüksək səviyyədə qeyd olunur. Norvuz ruzi-bərəkət, sevinc, təbiətin oyanması bayramıdır. Mən bu bayram münasibətilə bütün Azərbaycan xalqını və sizi tədbrik edirəm.
Politoloq Qabil Hüseynli Novruz bayramını digər bayramlardan üstün tutur: «Novruz bizim milli bayramımızdır. İstər-istəməz insanın yadına uşaqlıq xatirələri düşür. Bakıda Novruzun dadı qalmayıb. Hərə öz yuvasına çəkilib ailəsilə bayramı qeyd edir. Kəndlərdə bayramı elliklə bir yerdə qeyd edirlər. Norvuzun ən maraqlı hissəsi papaqatmadır. Qapı-qapı gəzib evlərə papaq atardıq. Kasıb adamlar papaqlara daha çox pay qoyardılar. Varlılar isə yerkökü və çürük alma verirdilər».
Q.Hüseynli bildirdi ki, Novruzla bağlı xatırladığı ən maraqlı hadisə atdığı «bələmə»nin elektrik naqillərin üstünə düşməsidir: «10-12 yaşım olarlı. Hamı kimi məftilə bağlanmış parçanı benzində isladıb yandırardıq və göyə tullayardıq. Mənim tulladığım «bələmə» elektrik naqillərinin üzərinə düşdü. Qorxdum ki, qısa qapanma olacaq, işıqlar sönəcək və hər kəs məni danlayacaq. Xöşbəxtlikdən «bələmə» tez düşdü».
Millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa da Norvuz bayramını evində, ailəsilə birgə qeyd edəcək: «Norvuzun dərin tarixi, fəlsəfi və dini kökləri var. Bu bayram ruhumuza hopub və mən deyərdim ki, müqəddəsləşib. Novruzda ocağın yandırılması, od üstündən hoppanmaq, papaqatmaq artıq araşdırma mövzularına, folklor nümunələrinə çevrilib. Hesab edirəm ki, Norvuz bayramı elmi cəhətdən işlənilməlidir və ounun daha yüksək səviyyədə keçirilməsi üçün yeni layihələr, təkliflər verilməlidir».
Millət vəkili Qalib Salahzadə Novruz bayramını ailəsi və seçicilərilə birlikdə keçirəcəyini dedi. Onun sözlərinə görə, hər ölkənin milli, tarixi bayramı var: «Məsələn, xristian dünyasına, Avropaya, Rusiyaya yeni il yaraşır. 31 dekabrda bu ərazilərdə bayram ab-havası yaşanır. Amma Azərbaycanda nə qədər çalışsaq da belə, həmin ab-havanı yarada bilmirik. Çünki təbii deyil. Novuz bayramını isə hətta ayın tarixini unutsaq belə, havadakı xoş qoxudan, təravətdən, təbiətin oyanmasından hiss edirik».
Q.Salahzadə bayram münasibətilə bütün Azərbaycan xalqını, o cümlədən Simsar.az-ın kollektivini təbrik edir.
AXCP sədrinin müavini Razi Nurullayev Novruzun Azərbaycanda ən çox sevilən, xüsusilə də uşaqların səbirsizliklə gözlədiyi bayram olduğunu dedi: «Hər kəs kimi mənim də xatirəmdə Novruz bayramı daha çox uşaqlıq sevgisi, xatirəsi kimi qalıb. Düzdür, indinin özündə də bu bayram gələndə sevinirəm, amma uşaqlıqdakı kimi yox. Bu il Novruz bayramını ailəmlə, yaxın qohumlarla bir yerdə keçirəcəm. Əlbətdə ki, partiyadakı, sosial şəbəkələrdəki dostlarıma da vaxt ayıracam və onları da təbrik edəcəm. Yeri gəlmişkən Simsar.az sayıtının kollektivini də bu bayram münasibətilə təbrik edirəm».
Müsavat Partiyası başqanının müavini Arzu Səmədbəyli partiyada Novruz şənliyinin keçiriləcəyini dedi: «Hər il olduğu kimi bu ildə Müsavat Partiyası Novruz şənliyini keçirəcək, partiya üzvləri, həbsdə olan partiyadaşlarımızın ailələri təbrik olunacaq».
ADP sədri Sərdar Cəlaloğlu hesab edir ki, Novruz bayramı xalqla birgə keçirilməlidir: «Yalnız partiya daxilində belə bir bayramı keçirməyin əleyhinəyəm. Şərt deyil ki, partiyada süfrə açıb, üzvlərlə birgə oturub yeyib-içəsən. Bu gün münasibətilə şəhərə gəzintiyə çıxmaq da mümkündür».
S.Cəlaloğlu bildirdi ki, Norvuz bayramı gələndə həmişə Babək rayonunun Cəhri kəndindəki uşaqlıq illəri yadına düşür: «Bayram axşamı kənd tamaşaları hazırlayardıq. Üz-gözümüzü bəzəyərdik, kimisi qadın paltarı geyər, kimisi bığ qoyardı. Qapı-qapı gəzib ev sahiblərinə sürprizlər hazırlayırdıq. Gecədən sonra isə dava-dalaş başlayardı. Qonşu kəndin uşaqları ilə dalaşardıq. Acı və şirin anları ilə birgə Norvuz bayramı mənim üçün əziz bayramdı».
S.Cəlaloğlu təəssüflə bildirdi ki, bu gün Bakıda bir çox uşaq Norvuz bayramını kompyuter, televizor qarşısında keçirir: «Baxırsan ki, insanlar bayram günü saatlarla facebookda oturub fikirlərini yazır, nəyəsə baxırlar və s. Bu mənə çatmır. Facebook, digər sosial şəbəkələr həmişə var. Bayram isə ildə bir dəfə olur. Gərək, bu sevinci, bu günü lazımınca dəyərləndirəsən».
RUSLAN
DİGƏR XƏBƏRLƏR