Dilya: “Nə xoşbəxtsiz ki, Bakı kimi şəhərdə yaşayırsız”
Bu gün Bakının istirahət məkanlarının birində populyar ulduz Xəyyam Nisanov “Bakı-Moskva” adlı sayca 4-cü albomunun təqdimat mərasimini keçirdi. Müğənninin musiqi prodüsseri, tele-aparıcı, eyni zamanda, bir neçə hit mahnıların söz və musiqi müəllifi Murad Arifin təşkil etdiyi mərasimdə albomla yanaşı Xəyyamın eyni adlı mahnısına çəkilmiş klip də təqdim olundu. Ritmik mahnının müəllifi də elə Murad Arifin özüdür. Moskvada yaşayan həmkarımız rejissor Anar Abbasovun ekranlaşdırdığı klipdə Xəyyamın tərəf müqabili kimi Rusiyanın “RuTV” musiqi kanalının aparıcısı Dilya rol alıb. Həm Moskvada, həm də paytaxtımızda çəkilən klip də mahnı kimi xoşagəlimlidir.
Təqdimatda Xəyyamı təbrik etmək üçün xalq artisti Faiq Ağayev, əməkdar artist Abbas Bağırov, ölkənin ən çox dinlənilən müğənnisi Röya, əməkdar artist, rəqqasə Məryəm Süleymanova, ən tanınan media nümayəndələri Seymur Zəkəryayev, Feliks Vişnevetskiy, Lalə Yusifqızı, Yeganə Rzaxanova, Zülfiyyə Qurbanova, radio-DJ-lər İlahə Şıxlinskaya, Gülnar, prodüsser Tolik və digər tanınan simalar iştirak edirdilər. Klip nümayiş olduqdan sonra hər bir qonaq xoş söz söyləyərək, yaradıcı heyətə uğurlar dilədi.
Qeyd edək ki, “Bakı-Moskva” albomunda Murad Arifin müəllifi olduğu eyni adlı mahnı ilə yanaşı “Ürəyimsən” (Xəyyam feat. Tünzalə Ağayeva), “Boom”, “İstanbul” (bossa nova versiyada), “İstidir” mahnıları, eləcə də musiqisi Vaqif Mustafazadəyə, sözləri Emil Əfrasiyab oğluna aid “Yollar”, söz və musiqisi Alik Qasanova aid “Ne moqu bez Baku”, musiqisi Vaqif Gərayzadəyə, sözləri Teymur Məmmədova aid “Qırma ümidimi”, söz və musiqisi İsmayıl Əsədovun olan “Ağ mələyim”, “Bala nərgiz” xalq mahnısı və digər mahnılar yer alıb.
Tədbirin sonunda ürək sözlərini söyləyən rusiyalı qonaq Dilya təqdimat iştirakçılarına “nə xoşbəxtsiz ki, Bakı kimi şəhərdə yaşayırsız”-dedi.
Azər Nəsibov
DİGƏR XƏBƏRLƏR