“Yar aman, yar” mahnısını ilk dəfə eşidəndə bəyənməmişdim”
İstanbul səfərimizdə Türkiyənin tanınan rok-popçusu Mişa ilə reportaj etdik. Bu imkanı bizə yenə də dəyərli Ayşə Birgül Yılmaz təşkil etdi. Mişanı yəqin bizdə də xatırlayanlar var. İki il əvvəl “Yar aman, yar” adlı azəri mahnısı ilə buzdə populyar olmuşdu. Onunla çalışdığı özəl klinikada görüşdük.
- Anladığım qədəri ilə müğənnilikdən başqa da peşəniz var.
- Bəli, həm də çənə cərrahiyam.
- Əvvəl hansı ilə məşğul olmağa başladız?
- Erkən yaşımda ikən musiqi ilə məşğul olmağa başladım. İngiltərədə diş həkimi və çənə cərrahı təhsili aldığım vaxtlar da musiqiyə ara vermədim. Türkiyəyə döndükdə 2004-cü ildə Ayşə Birgül Yılmazın dəstəyi ilə “Bana şans dile” adlı ilk albomum çıxdı. Pop-rok tərzini çox sevdiyimdən o janrda oxuyuram. Daha sonra 3 albomum işıq üzü gördü.
- O zaman Ayşə xanımın protejesi sayılırsız.
- Elədir. Bütün albomlarımın hazırlanmasında Ayşə xanım yardım etdi. Onun vasitəsilə albomlarımda azəri mahnıları yer aldı.
- İlk oxuduğunuz azəri mahnısı hansıdır?
- Sizin xalq artistinin İlhamə Quliyevanın repertuarından olan “De görüm, neyləmişəm” mahnısını oxumuşam.
- Bir ara Azərbaycanda tanındız. Amma davamı gəlmədi.
- Azərbaycanda tanınmağım yenə də Ayşə xanımın, üstəlik bəstəkar Gövhər Həsənzadənin sayəsində oldu. Gövhər xanımı çox sevirəm. Çox önəmli musiqiçi, bəstəkardır. İnsan kimi də möhtəşəm birisidir. Bir şeyi etiraf edim. Gövhər xanımın “Yar aman, yar” mahnısını ilk dəfə Ayşə xanım mənə dinlədəndə o qədər də ürəyimcə olmamışdı. Amma o, israrla deyirdi ki, oxu. Mahnını bir neçə dəfə dinlədikdən sonra, nəhayət aşiq oldum və oxumaq qərarına gəldim. Ayşə xanım onu türkcəyə çevirdi. O şəkildə oxudum və həqiqətən də mahnı Türkiyədə də sevildi.
- Mahnını oxumazdan əvvəl Gövhər xanımı şəxsən tanıyırdız?
- Şəxsən tanımırdım. Telefonda danışmışdıq. Amma o, Türkiyədə tanınan bəstəkar olmuşdu. Çünki mahnılarını bizim bir neçə sənətçimiz oxumuşdu. İki il əvvəl Bakıya gedəndə özü şəxsən bizi hava limanında qarşıladı. Bizi, demək olar ki, Azərbaycanın hər yerində gəzdirdi. Qonaqpərvərliyinə heyran oldum. Yeməklərinizi xüsusilə bəyəndim. Ən çox da osetrin balığından hazırlanmış ləvəngini bəyəndim.
- Nə əcəb Gövhər xanımın mahnılarını oxumağa davam etmədiz?
- Olacaq, planımda var. Gövhər xanımın olduğu hər proyektdə olmaq istərəm. İş bacarığını hədsiz sevirəm. Bakıda “Yar aman, yar” mahnısına 6 gün ərzində klip çəkərkən bizə o qədər dəstək verib, yardımçı oldu ki! Hər işimizin asan ərsəyə gəlməsi üçün çalışdı.
- Populyarlığınız Türkiyədə nə dərəcədədir?
- Deyə bilmərəm ki, hədsiz populyaram. Amma müəyyən dinləyici kütləm var. Əslində mən gecə klublarında, xüsusən də içki içilən yerlərdə səhnəyə çıxmıram. Musiqimin içkiylə bərabər paylanmasını xoşlamıram.
- Hansı işinizdən daha çox məmnunsuz?
- Hər ikisindən. Məsələn, diş çəkərkən musiqinin sayəsində bunun stressindən qurtuluram.
- Daha çox hansı ünlülərinizi dinləyirsiz?
- Rokçuları çox dinləyirəm. Onların arasında Özləm Tekin də var. Bir zaman bərabər də çalışmışdıq. İlk albomumda duetimiz vardı.
Azər Nəsibov
DİGƏR XƏBƏRLƏR