Nazirliyə ümumilikdə 102 müraciət daxil olub
Təhsil Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, Ali və orta ixtisas təhsili müəssisələrində 2011-2012-ci tədris ilinin qış və yay imtahan sessiyalarında tələbələrin biliyinin obyektiv qiymətləndirilməsinin təmin edilməsi, yarana biləcək neqativ halların aradan qaldırılması məqsədilə “Qaynar xətt” xidmətinə müraciətlər edilib. Müvafiq məsələlərlə əlaqədar “Qaynar xətt” xidmətinə və Təhsil Nazirliyinin Korrupsiyaya qarşı mübarizə üzrə işçi qrupuna 2012-ci ilin yanvar və iyun aylarında daxil olan müraciətlər nazirliyin əməkdaşları tərəfindən, həmçinin bir sıra qeyri-hökumət təşkilatlarının könüllülərinin iştirakı ilə araşdırılıb.
Ali təhsil müəssisələrindən daxil olan şikayət xarakterli müraciətlərdə daha çox məzunların diplom ala bilməməsi, imtahanların təşkili, tələbələrin təqaüdünün gecikdirilməsi, imtahan üçün pul tələb edilməsi, imtahan nəticələrindən narazılıq, diplomun gecikdirilməsi, diplom üçün rüsum tələb olunması, tələbələrin imtahana buraxılmaması, tədrisin düzgün təşkil edilməməsi, tələbənin biliyinin düzgün qiymətləndirilməməsi, imtahan suallarının tələbələrə verilməməsi, tələbələrə tədris ədəbiyyatının satışı, dekanlardan, kafedra müdirlərindən şikayət, tələbə bileti üçün rüsum tələb olunması, kurs işinin düzgün qiymətləndirilməməsi, imtahana buraxılma üçün pul tələb olunması, diplomun düzgün yazılmaması və digər məsələlərdən bəhs olunur.
Təhsil Nazirliyinin "Qaynar xətt" xidməti xüsusilə qış və yay imtahan sessiyaları dövründə ali təhsil müəssisələrində yaradılmış imtahan qərargahları və "Qaynar xətt" xidmətləri ilə birgə işləyib, aşkarlığı və şəffaflığı təmin etmək üçün imtahanların gedişi prosesinə QHT və KİV nümayəndələri dəvət olunub. İmtahan sessiyalarında həyata keçirilən tədbirlər nəticəsində imtahanlarda əvvəlki illərə nisbətən, şəffaflıq və obyektivlik xeyli artıb, şikayətlərin sayı isə azalıb. Şikayət xarakterli müraciətlərin sayına görə ali təhsil müəssisələri üzrə - Azərbaycan Müəllimlər İnstitutu və onun filiallarından 14, Bakı Dövlət Universitetindən 13, Azərbaycan Dövlət Pedaqoji Universitetindən 9, Sumqayıt Dövlət Universitetindən 9, Azərbaycan Dillər Universitetindən 8, Azərbaycan Dövlət İqtisad Universitetindən 3, Azərbaycan Texnologiya Universitetindən 3, Azərbaycan Dövlət Neft Akademiyasından 2, Gəncə Dövlət Universitetindən 2, Azərbaycan Turizm Universitetindən 2, Azərbaycan Dövlət Aqrar Universitetindən 2, Bakı Slavyan Universitetindən 2, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetindən 1, Lənkəran Dövlət Universitetindən 1, Azərbaycan Texniki Universitetindən 1, Azərbaycan Rəssamlıq Akademiyasından 1, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasından 1, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetindən 7, Qafqaz Universitetindən 4, Bakı Avrasiya Universitetindən 3, Bakı Asiya Universitetindən 3, Qərb Universitetindən 3, Təfəkkür Universitetindən 3, Bakı Biznes Universitetindən 2, Odlar Yurdu Universitetindən 1, Azərbaycan Kooperasiya Universitetindən 1, Azərbaycan İctimai-Siyasi Universitetindən 1 olmaqla ümumilikdə 102 müraciət daxil olub. Bu isə 2011-ci ildə ali təhsil müəssisələrindən daxil olmuş müraciətlərlə müqayisədə 35 faiz azdır.
Simsar.az
DİGƏR XƏBƏRLƏR