Elxan Mansurov ad günüdə Simsar.az-a danışdı
Bu gün əməkdar artist, xanəndə, tarzən Elxan Mansurovun ad günüdür. Xanəndənin 59 yaşı tamam olur. Sənətçi doğum günündə Simsar.az-a arzularından danışdı: “Arzular çoxdur, ömür getdikcə, insan dünyaya gəldiyi gündən nəyisə arzulayır, o arzularla yaşayır, yerinə yetməsi üçün çalışır, biri yerinə yetir, o biri arzu başlayır. İndi ailəmlə bağlı arzularım var nəvələrimlə, ancaq təbii ki, ən əsası can sağlığıdır.
Ümumiyyətlə, fevral ayı bizim ailəmiz üçün əlamətdar aydır, atamın, qardaşımın, mənim ad günümdə - bu aydadır. İndi 59 yaşım tamam olur, kiçik bir yığıncaqla qeyd edəcəyik. 60 yaşa bir addım qalıb, İnşallah 60 yaşı daha böyük bir yığıncaqla keçirərik. 59 yaşımın tamam olmasına baxmayaraq, qocalıq hiss etmirəm. Çox gümrah, sağlam olmağa çalışıram. Özümlə məşğul oluram, sağlamlığıma diqqət edirəm. İnsan nə qədər yaşlansa da, öz daxili aləmində həmişə gəncliyini saxlamalıdır”.
Xatırladaq ki, Elxan Mansurov Azərbaycan muğamlarının bilicisi və mahir ifaçısıdır. O, uzun illərdir ki, dövrü mətbuatda, radio və televiziyada silsilə verilişlərdə muğamlarımızın təbliği ilə məşğul olur. Atası Bəhram Mansurovdan sonra klassik muğam ifaçılığı ənənəsini qoruyub saxlayan yeganə tarzəndir.
O, 1955-ci il fevral ayının 21-də Bakıda, musiqiçi ailəsində doğulub. Tar çalmağı uşaq yaşlarından atasından öyrənib. 1975-ci ildə Asəf Zeynallı adına orta musiqi məktəbinin, 1983-cü ildə isə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tar sinfini bitirib. 42 ildir ki, M.F.Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının orkestrində solist-konsertmeyster vəzifəsində işləyir. Bu müddət ərzində muğam operalarına bir çox müğənniləri baş rollara hazırlayıb.
E.Mansurov 2005-ci ildə "əməkdar artist" fəxri adına layiq görülüb.
Bizdə Simsar.az olaraq gözəl sənətçini təbrik edir, ailəsi ilə birlikdə uzun-ömür can sağlığı arzu edirik.
DİGƏR XƏBƏRLƏR