Unudulmaz “Bayatılar”ın müəllifinin ad günüdür
Bu gün Bəstəkar Eldar Mansurovun 60 yaşı tamam olur. Bəstəkar doğum günündə arzularını Simsar.az-la bölüşdü: “Mənim 60 yaşım tamam olur, bu yaşımda ən böyük arzum can sağlığıdır. Ailəmlə ömürümboyu xoşbəxliyimi yaşamaq istərdim. Yaradıcılığımda yeniliklər etmək niyyətim var, İnşallah hər şey daha yaxşı olacaq. Ad günümü həmişə olduğu kimi ailəmlə, yaxınlarımla birgə keçirəcəm. Heç vaxt dəbdəbəni xoşlamamışam”.
Qeyd edək ki, Eldar Mansurov 1952-ci il fevralın 28-də Bakıda İçəri şəhərdə musiqiçi ailəsində anadan olub. 1968-1972-ci illərdə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin fortepiano sinfində, 1974-1979-cu illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsində professorCövdət Hacıyevin sinfində təhsil alıb. "Yeddi gözəl" rok-operası, "Kleopatra" və "Olimp" rok-baletləri, 5 simfoniya, "Mahur-hindi" simfonik muğamı, skripka və simfonik orkestr üçün konsert, bir çox simfonik, kamera və xor əsərlərinin müəllifidir. Bir sıra filmlərə və tamaşalara musiqilər bəstələyib, 3000-dən artıq mahnı və instrumental musiqinin müəllifidir.
Bəstəkar Eldar Mansurovun "Bayatılar" mahnısını ilk dəfə 1989-cu ildə о vaxt Azərbaycan estradasının gələcək ulduzu Brilliant Dadaşova ifa etdi. "Bayatılar" dərhal populyarlıq qazandı və artıq 1990-cı ildə "Melodiya" şirkəti tərəfindən val şəklində böyük tirajla çap olunaraq keçmiş sovet məkanında geniş yayıldı.
Artıq 20 ildən çoxdur ki, "Bayatılar" müxtəlif interpretasiyalarda səslənir və dünyanın məşhur musiqiçiləri tərəfindən disklərə yazılır. Son illərdə "Bayatı" demək olar ki, Avropanın bir çox ölkələrində remix üslubunda yeni çalarlarla, "hip-hop" ritmində və hər xalqın öz dilində səslənir. Yunanıstanda Keti Qarbinin "Esena mono", Türkiyədə Seray Severin "İçim yanıyor" mahnılarını və başqalarının ifalarını buna misal göstərmək olar. Sonralar Türkiyənin "Çalarsaat" qrupu "Bayatılar"ı "Zalim" adı ilə rok üslubunda ifa ediblər. 2006-cı ildə "Bayatılar" mahnısı bir neçə yeni variantda səslənib.
Bizdə Simsar.az olaraq bəstəkarımızı təbrik edir, ona uzun ömür, can sağlığı, yaradıcılığında uğurlar arzu edirik.
Simsar.az
DİGƏR XƏBƏRLƏR