.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) martın 17-də Respublikanın bütün peşə liseylərinin sonuncu sinfində təhsil alan şagirdlər üçün buraxılış imtahanları keçirəcək. TQDK-nın mətbuat xidmətindən Simsar.az-a verilən xəbərə görə, peşə liseylərində yekun qiymətləndirmə TQDK tərəfindən ilk dəfə olaraq aparılır. Respublikanın 23 şəhər və rayonunda keçiriləcək imtahanlarda 4910 peşə liseyi məzununun iştirakı nəzərdə tutulur. Ümumilikdə 29 imtahan mərkəzində baş tutacaq imtahanları idarə etmək üçün 38 imtahan rəhbəri, 428 zal nəzarətçisi ayrılıb. İmtahan bütün binalarda eyni vaxtda, 12:00-da başlanacaq.Şagirdlər imtahana İmtahana buraxılış vərəqəsini və şəxsiyyəti təsdiq edən sənədin əslini gətirməlidirlər. Buraxılış imtahanları test üsulu ilə 2 fənn üzrə - ana dili və riyaziyyat fənlərindən keçirilir. İmtahan 2 saat müddətində aparılır. Hər bir fənn üzrə 30 test tapşırığı (cəmi 60 sual) təqdim olunur və bu sualların cavablandırılmasına 1.5 saat vaxt ayrılır. Son 30 dəqiqə ərzində isə imtahan iştirakçıları təqdim olunacaq mövzu üzrə yazı işini yerinə yetirirlər. Test suallarının hər biri 1 balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Yazı işinin nəticəsi balla qiymətləndirilmir, yalnız xüsusi hallarda əlavə göstərici kimi nəzərə alınır.
Qeyd edək ki, TQDK tərəfindən buraxılış imtahanlarına hazırlaşan şagirdlərə kömək məqsədilə Ana dili və Riyaziyyat fənlərindən test tapşırığı nümunələri və təqdim ediləcək yazı işlərinin mövzuları Komissiyanın internet saytında yerləşdirilib.
DİGƏR XƏBƏRLƏR