.
Azərbaycanda ilk balet bəstələyən Əfrasiyab Bədəlbəyli 19 aprel 1907-ci ildə Bakı şəhərində, xalq maarifçisi Bədəlbəy Bədəlbəyovun və məşhur Şah Qacar nəslinin təmsilçisi Rəhimə xanımm ailəsində anadan olub. Ali Pedaqoji İnstitutun nəzdindəki məktəbdə, Bakı Teatr Texnikumunda, Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində, Leninqrad Konservatoriyasının nəzdindəki musiqi məktəbində təhsil alıb.
20 yaşında Cəfər Cabbarlının "Od gəlini" pyesinə yazdığı musiqi sənətsevərlər tərəfindən yüksək qiymətləndirilib. Xeyli müddət Moskva və Leninqrad opera və balet teatrlarında dirijor assistenti kimi fəaliyyət göstərib. 1938-ci ildən ömrünün sоnunadək Azərbaycan Dövlət Оpera və Balet Teatrında dirijоr işləyib.
Əfrasiyab Bədəlbəyli Azərbaycanda ilk baletin müəllifidir. O, 33 yaşında ikən "Qız qalası" baleti ilə musiqi tariximizdə ilk Azərbaycan baletinin əsasını qoyub.
1912-ci ildə Əfrasiyab Bədəlbəyli 6-cı rus-müsəlman məktəbinə daxil olur və 1916-cı ildə, tədris olunan bütün fənlərdən "əla" qiymətlərlə məktəbi bitirir.
"Od gəlini" musiqisinin müvəffəqiyyətinə sevinən C.Cabbarlı bundan sonra yazdığı "Sevil" pyesinə də musiqi bəstələməyi Əfrasiyab Bədəlbəyliyə tapşırır.
1930-cu il may ayının 15-də Əfrasiyab Bədəlbəyli türk operalarına dirijorluq etmək üçün M.F.Axundov adına Dövlət Böyük teatrına işə qəbul olunur.
1931-cu ildə bəstəkar C.Cabbarlının "Almaz", daha sonra isə "1905-ci ildə" və "Yaşar" pyeslərinə, 1933-cü ildə A.Afinogenovun "Qorxu", 1934-cü ildə M.F.Axundovun "Hacı Qara", 1935-ci ildə isə "Müsyo Jordan" əsərlərinə musiqi bəstələyir. Əfrasiyab Bədəlbəyli professional musiqi təhsili almaq məqsədi ilə 1932-ci ildə Moskva konservatoriyasının dirijorluq fakültəsində oxumağa yola düşür. Professor K.Saracevin sinifində təhsil alan gənc bu sənətin incəliklərinə mükəmməl yiyələnir. Ali məktəbdə oxuduğu zaman o, 8 variasiya, violonçel və fortepiano üçün sonatina, fortepiano üçün etüd, simfonik orkestr üçün III hissəli süita, 2 violino, alt və violonçel üçün kvartet bəstələyir.
1940-cı il 23 aprel tarixində Əfrasiyab Bədəlbəyliyə "lncəsənət sahəsində görkəmli fəaliyyətinə görə Respublikanın "Əməkdar incəsənət xadimi" fəxri adı verildi.
1941-ci ildə Əfrasiyab Bədəlbəyli bəstəkar dostu B.Zeydmanla birlikdə bir pərdəli "Xalq qəzəbi" operasını (libretto müəllifləri İ.Oratovski və Ə.Məmmədxanlı) yaradır. 50-ci illərin birinci yarısında opera və balet teatrında yaradıcılıq baxımından böyük canlanma hökm sürürdü. Belə ki, onilliyin ilk üç ili ərzində üç gözəl səhnə əsəri – Soltan Hacıbəyovun "Gülşən", Qara Qarayevin "İldırımlı yollarla" baletləri və Fikrət Əmirovun "Sevil" operası tamaşaçıların mühakiməsmə təqdim olunub. Bunlardan ikisi – "Gülşən" baleti və "Sevil" operasının səhnəyə yol tapması Əfrasiyab Bədəlbəylinin adı ilə bağlı idi. Sənətkar hər iki əsərin ilk tamaşasının dirijoru olub. 1971-ci ilin oktyabnnda sənətkar Xor Cəmiyyətinin sədri vəzifəsinə seçilir. Uzun illər boyu "Elm və həyat" jurnalının, "Ədəbiyyat və incəsənət" qəzetinin redaksiya heyətinin üzvü olan Ə.Bədəlbəyli mətbuat orqanlarının səhifələrində ressenziyalar, tənqidi və problematik məqalələr çap etdirib. Ə.Bədəlbəyli 1976-cı ildə 69 yaşında yanvar ayının 9-da vəfat edib.
Simsar.az
DİGƏR XƏBƏRLƏR