.
“Şeron” qrupunun ifa etdiyi müəllifi Hüseyn Abdullayev olan “Susma” mahnısının video-roliki qrupun başına bəla olub. Buna görə, hətta qrup üzvlərinin Bandottel”ə çağırıb orada döyüldükləri barədə xəbərlər yayılıb. Xəbəri təkzib edən Şeronçular yayılanların uydurma olduğunu bildirmişdilər. Daha sonra “klipi” yayılan saytlardan sildirməyə cəhd etmiş, lakin cəhdləri boşa çıxmışdı. Bu gün qrup üzvləri mətbuat nümayəndələrini bir araya toplayıb mahnının video-rolikinə etirazlarını bildiriblər.
Qrupun üzvü Ülvi Cəfərov etiraz edərək deyib ki, mahnı vətənpərvər mövzuda oxunub, lakin mahnıya başqa görüntülərin verilməsi onun motivini tamamilə dəyişib: “Son vaxtlar bu “kliplə” bağlı qrup ətrafında qalmaqal yaranıb. Bu mahnını biz vətənpərvər mövzuda oxumuşuq. Lakin təəssüflər olsun ki, bu klipə hansısa mitinqdən çəkilmiş görüntülər verilib. Bu düzgün deyil. Yaxşı olardı ki, bu mahnıya Xocalı soyqırımı, işğal olunmuş torpaqlarla bağlı klip çəkiləydi. Biz indiyə qədər bəstəkar Hüseyn Abdullayevin bir neçə mahnısını ifa etmişik, lakin ilk dəfədir ki, bu cür halla rastlaşmışıq”.
Qrupun üzvü Məlik Hacıyev isə qeyd edib ki, “çəkilən klipdən” onlara qarşı olan haqsızlıq edildiyinə görə, mahnıdan imtina edirlər: “Çünki klipdəki görüntülərdən bizim xəbərimiz yoxdur. Bu mahnıdan öncə bir neçə mahnı ifa etmişik. Biz istərdik ki, o mahnıya Qarabağ hadisələrindən görüntülər qoyulaydı. Mətbuatda informasiyalar yayılıb ki, guya, bu mahnıdan sonra bizə təzyiqlər var və bizi televiziyalara buraxmırlar. Bəyan edirik ki, bizə qarşı heç bir təzyiq yoxdur və olmayıb. Biz müğənniyik və mahnını vətənpərvər bir mahnı kimi oxumuşuq. Bizim bu görüntülərdən xəbərimiz yoxdur”.
Təəssüfedici məqam o oldu ki, qrup üzvləri ümumiyyətlə görüntülərin Bakıda baş verdiyindən xəbərsiz idilər. Qeyd edək ki, bir müddət əvvəl Bakının Fəvvarələr meydanında “Əsgər ölümünə son” aksiyasında yaşananlar və oradan lentə alınmış görüntülər sözügedən video-rolik kimi “Susma” mahnısının üzərinə yığılıb. Görünür qrup üzvlərinin başı toylara o qədər qarışıb ki, ölkədə nə baş verdiyindən də xəbərsizdirlər. Üstəlik də “biz müğənniyik, siyasətə qarışa bilmərik”-deyib, özlərinə haqq qazandırmaqdan çəkinmədilər. Onlara ünvanlanmış “Bundan sonra Hüseyn Abdullayevin mahnılarını oxuyacaqsızmı?”-sualına tərəddüdlə “araşdırıb, sonra ola bilsin oxuyaq”-deyə, cavab verdilər.
Konfransın sonunda qrup üzvləri “Susma” mahnısına “çəkilən klipdən” imtina etdiklərini bəyan etdilər. Halbuki imtina etməyə əsas yoxdur, çünki iddia etdikləri kimi, mahnıya o görüntülərin yığılmasından xəbərsizdirlər. Lakin deyilənə görə mahnının müəliifi o görüntülərin mahnı üzərinə yığılmasından məmnundur…
Qrup üzvləri mətbuat konfransının sonunda İlham Əliyevin siyasətini dəstəklədiklərini və gənclərə göstərdiyi diqqətə görə, təşəkkürlərini bildiriblər.
Azər
DİGƏR XƏBƏRLƏR