.
Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı bu gün insanlarla dolu idi. Zalda Şəfiqə xanımın mahnıları səslənirdi. Bu mahnıların sədaları altında heç kəs xoş hisslər keçirmirdi. Hər kəs ağlayırdı. Çünki bu gün hər birimiz dahi bəstəkarımız Şəfiqə xanımı itirmişdik. Şəfiqə xanım sonuncu dəfə səhnədə idi. Bu həm də onunla birgə səslənən musiqilərin sonu idi.
Bəs onu son mənzilə yola salmağa kimlər gəlmişdi?
Millət vəkili Qənirə Paşayeva, Əməkdar artist Aybəniz Haşımova, xalq artisti Canəli Əkbərov, Gülyanaq Məmmədova, Gülyaz Məmmədova, xalq artısti Nəzakət Teymurova, əməkdar artist Bəsti Sevdiyeva, əməkdar artist Firuzə İbadova, əməkdar artist Tünzalə Ağayeva, əməkdar artist Nüriyyə Hüseynova, xalq artisti Zöhrə Abdullayeva , xalq artisti bəstəkar Nəriman Məmmədov, bəstəkar Nailə Mirmmədli, Arif Qazıyev, Faiq Sücəddinov, Ombudsman Elmira Süleymanova iştirak edirdilər.
Vida mərasimi Şəfiqə Axundova haqqında çıxış ilə başladı. Mərhum sənətkarın bacısı Rəfiqə Axundova həyata çox bağlı insan oldğunu bildirdi: “Həyata o qədər məhəbbəti var idi ki... Onu bizim məhəbbətimiz yaşadırdı. Onu bircə dəfə də olsun ağlayan görməmişdim. O həmişə şən idi, rəhmətə gedəndə yanındaydım. O, çox xoşbəxt qadın idi: “Ona görə ki, onu hökumət də sevirdi, xalq da. O, Azərbaycan musiqisi üçün çox şey edib. Öz həyatını musiqiyə həsr etmişdi. Prezidentimiz İlham Əliyevə və Heydər Əliyev fondunun prezidenti Mehriban xanıma təşəkkür edirəm. Qənirə Paşayeva onlara xəbər verən kimi lazımi şərait yaradıldı”. R.Axundova deyib ki, Şəfiqə Axundova yaşamaq, yazıb-yaratmaq istəyirdi: “İnanırdıq ki, Şəfiqə xanım ölməyəcək, yaşayacaq. Amma əfsus ki, əcəl onu bir saniyə içində apardı. O, həyatla dolu idi, yaşamaq, yazıb-yaratmaq istəyirdi. Qənirə Paşayevaya və Aybəniz Haşımovaya da təşəkkür edirik. Onlar məni tək qoymadılar.Ölməmişdən əvvəl Aybəniz Haşımova bacıma bidirdi ki, bir az mahnı oxumaq istəyirəm .Şəfiqə xanım dedi oxu. Aybəniz xanım “Həyat sən nə şirinsən”-i ifa etdi. Sonra Şəfiqə xanım ağladı və dedi ki, mən hələ yaşamaq istəyirəm. Qoymayın mən ölüm. ”
Sonra mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev çıxış etdi. Nazir müavini bildirdi ki, “Şəfiqə xanım Azərbaycan xalqının canlı tarixi idi. O, yaşadığı müddətcə Azərbaycan musiqisini həmişə zirvələrə qaldırmışdı. Amma bu gün Azərbaycan xalqı onu itirdi. Bütün Azərbaycan xalqının başı sağ olsun. Ulu öndərimiz Heydər Əliyevin bir sözü vardı “Şəfiqə xanımdan bir dənədir. Onun kimi birisi hələ bu dünyaya gəlməyəcək. Azərbaycan çox şeyini itirdi. Hələ dərk eləmir. Dalbadal bu cür görkəmli sənətkarların ölümü bizi çox üzür”.
“Şəfiqə xanımın xəstə olduğunu bilirdim. Amma onun ölümünü belə tez gözləmirdim. Məni ən çox kədərə boğan bəlkə də Şəfiqə xanımın öz 90 illiyini görməməsidir. O, 90 illiyi həvəslə gözləyirdi. Biz çox şey itirdik. Elə bir sənətkarımız rəhmətə getdi ki, bundan sonra onun yerini heç kim doldura bilməz”. Bunu isə Ombudsman Elmira Süleymanova dedi.
Əməkdar artist Aybəniz Haşımova da mərhum bəstəkar haqda fikirlərini Simsar.az-la bölüşüb. O, Şəfiqə Axundovanın vəfatını Azərbaycan musiqisinə ağır itki kimi qiymətləndirib: “Azərbaycanın çox böyük insanı dünyasını dəyişib. Musiqimizi yetim qoyanlardan biri oldu, onun yoxluğu musiqimizə çox böyük ağrıdır, itkidir. Onun yeri həmişə görünəcək. İstər insan kimi, istərsə də sənətkar kimi. Amma düşünürəm ki, Şəfiqə xanım xoşbəxt sənətkardır. Çünki hər sənətkar onun kimi sənətinin gücünü sübut edə bilmədi. Bu baxımdan xoşbəxtdir ki, dövlətimiz, prezidentimiz, xalqımız onu bu qədər sevib. Allah rəhmət eləsin. Xalqımızın başı sağolsun”.
Millət vəkili Qənirə Paşayeva xalq artistinin son günlərindən də danışıb: “Şəfiqə xanım son günlərində Üzeyir bəyi xatırlayır, ondan danışırdı. Ona nə qədər borclu olduğunu deyirdi. Onun kimi müəllimlərin çox olmasını istəyirdi. Həmişə məsləhət verirdi ki, necə insan olmaq lazımdır. Onun üçün kim nə etsə, adi tibb bacısından həkimə qədər hər kəsə dəfələrlə təşəkkür edərdi. Düşünürəm ki, gənc sənətçilər Şəfiqə xanımdan çox şey öyrənə bilər”.
“Onun mahnıları həyatın özü idi. Şəfiqə xanım həm, sənətçi kimi həm də insan kimi çox gözəl biriydi. Heç kim onu əvəz edə bilməz. Biz ailəvi dost idik”. Bunu isə əməkdar artist Gülyanaq Məmmədova bildirib. O həmçinin bunları da əlavə edib ki, mənim üçün çox ağırdı. Elə bil ki , əzizimi itirmişəm. Şəfiqə xanım mənim əm həm müəllim həm də ki, ən yaxın dostum idi. O, həyatda çox əzablar çəkmişdi. Amma bir gündə şikayət etdiyini eşitməmişdim. Oğlu Talehin ölümünü biz ondan gizlədirdik. Amma öyəndi. Öyrəndikdən sonra belə qismətinə şikayətlənmədi”.
Bəstəkarlar ittifaqının katibi Sərdar Fərəcov da çıxış edərək mərhum həmkarı haqqında fikirlərini səsləndirib: “O, dahi Üzeyir bəyin sonuncu tələbələrindən idi. O, xoşbəxt sənətkar kimi yaradıcılığa başlayıb. Ömrünün sonuna kimi müəlliminin amalına, ideyalarına sahib idi. Üzeyir bəyin ən böyük arzusunu reallaşdırdı, Şərqdə opera yazan ilk qadın oldu”.
S.Fərəcov Şəfiqə Axundovanın bəstəkar fəaliyyəti haqqında danıaşarkən deyib ki, o, hər janrda uğurlu nümunələr yaradıb: “O, təkcə bəstəkar deyildi, həm də gənclər üçün ideal idi. Bununla bərabər Şəfiqə xanımın yaradıcılıq yolunu izlədikcə müxtəlif janrlarda əsərlər yaratdığını görürük. Mövcud olan musiqi janrlarının hamısına müraciət edib, uğurlu nümunələr yaradıb. Yaradıcılığının şah damarı mahnı janrı idi. O, heç vaxt unudulmayacaq. Azərbaycan xalqı üçün həmişə yaşayacaq. Ruhu şad olsun”.
Vida mərasimində Ailə, Qadın və Uşaqlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova da çıxış edib, Şəfiqə Axundovanı Azərbycanın qadın tarixinin gğzəl incilərindən biri adlandırıb: “Azərbaycanın qadın tarixi çox zəngindir. Tarixmizdə qadın xadimlərimiz ilə fəxr etmişik. Bu gün də biz qadın tarixmizin gözəl incilərindən biri Şəfiqə xanımla vidalaşırıq. Mədəniyyətimizə ağır itki oldu”.
Xalq artisti Canəli Əkbərov da Şəfiqə Axundovanın ölümünü ağır itki kimi dəyərləndirib: “Üzeyir bəyin son beşiyi olan Şəfiqə Axundova böyük hörmət və ehtirama layiq xanımdır. O, istər dövlət, istərsə də xalq tərəfindən sevilib”.
C.Əkbərov vurğulayıb ki, mərhum bəstəkar Azərbaycan mədəniyyətinin gülüstanına çevrilmişdi: “Yaradılcığını elə qurdu ki, o, Azərbaycan mədəniyyətinin gülüstanına çevrildi. Mən sevinirəm ki, onun əsərinin baş qəhrəmanı olmuşam. “Gəlin qayası”nda oynadığım Camal onun həmişə diqqətində idi. Bundan başqa oniun bəstələdiyi mahnıları da ifa etmişəm. Mən fəxr edirəm ki, onun qardaşı kimi həmişə onla ünsiyyətdə olmuşam. Allah qəni-qəni rəhmət etsin”.
Aynur Bayramova
Ftotoqraf Nuranə
DİGƏR XƏBƏRLƏR