ç
Bu gün Azərbaycanda Milli Kino Günüdür. Kinomuzun keçmişi aydındır. İndiki dövrdə isə tənəzzüldə olan kinonun inkişafına çalışılır. Gələcəyinin necə olacağı isə sual doğurur. Simsar.az milli kinomuzun gələcəyi haqda sualla kino işçilərinə müraciət etdi:
Kinossenarist İntiqam Hacılı deyir ki, Azərbaycan kinosunun gələcəyi müstəqil şəkildə film çəkənlərin əlində olacaq. Sifarişlə “nikbin janrda” film çəkənlərin yox. “Asif Rüstəmov, Çingiz Rəsulzadə, Tahir Əliyev, Elvin Adıgözəl kimi rejissorlara çox güvənirəm. Tammetrajlı “Kuklalar”, “Özgə vaxt”, “Sarı gəlin”, qısametrajlı “Ev”, “Düyün”, “Arxası qibləyə”, “Sərçələrin payı”, “Oyuncaq” filmlərindən əsl kinonun qoxusu gəlir. İndi bəzi gənclər çəkməyə başlayıblar. Onlar dediyim kimi sifarişsiz, öz dəst-xəttlərini yaratsalar, əminəm ki, 3 il müddətində yaxşı kino nümunələri ilə rastlaşacağıq.
Azərbaycanın xalq artisti Rasim Balayev kinomuzun gələcəyi Mədəniyyət və Turizm Nazirliyinin əlindədir dedi. “Hər bir sənətin inkişaf və tənəzzül dövrü olur. Bizdə hələlik tənəzzül dövrüdür. Kino da yəqin nə vaxtsa inkişaf edəcək. Mən gənc aktyorlardan heç kimi tanımıram. Ancaq gənc aktyorların üzə çıxarmaq lazımdır. Özü də elə belə yox.Yaxşı aktyor iş prosesində yetişir. Aktyoru əvvəlcə kiçik rollara çəkdikdən sonra onun potensialını müəyyən etmək olar. Bütün keçmiş aktyorlar da belə yetişib. İş düzgün qurulmadıqda elə məsələn, indiki kinolarda hansı aktyor yetişə bilər?! Heç kim. Ona görə də, nə kinolar qaneedicidir, nə də aktyorlar. Mən müasir fimlərdən heç birinə baxmıram. Çünki əsəbləşmək istəmirəm”.(gülür)
Cinema” Gənc Kinematoqrafçılar Mərkəzinin sədri Fehruz Şamıyev isə, kinomuzun gələcəyinin 25-40 yaşlı insanların əlində olduğunu bildirir. “Son dövrlərdə cavanların çəkdikləri bir neçə iş diqqətimi cəlb edib. Bu da Mədəniyyət və Turizm Nazirliyi xətti ilə “Bu meydan, bu ekran” layihəsi ilə bağlıdır. Bu layihə çox uğurlu idi və nazirliyin ən yaddaqalan işlərindən biri oldu. Niyə dayandırıldı, bilmirəm. Hər il 3-5 film çəkilirdi və layihə 6 il dayanmadan davam etdi. Həmin layihə çərçivəsində yaşı 35-ə qədər olan gənc rejissorlar film çəkiblər. Bu filmlərin içərisində çox keyfiyyətli, dünya kino bazarına çıxacaq nümunələr var. “Düyün”, “Mayak”, “Ev” filmləri Avropa telekanallarına satılıb və gəlir əldə edilib. Orta və yaşlı nəsil imtahan verdi və nəticələr gözlənilən olmadı. Yəni gənc nəslə ümidim var. Onlar hələ ki, qısametrajlı filmlər çəkirlər. Ümid edirəm onlara tammetrajlı filmlər tapşırılacaq”.
Günel Səfərova
Ülviyyə Cövdətqızı
DİGƏR XƏBƏRLƏR