Hindistanın müstəqilliyi uğrunda mübarizə aparan İndira Qandi 1917-ci ildə 19 noyabrda anadan olub.O, siyasi aləmin içində böyüdüyü üçün gənc yaşlarında təcrübəli siyasətçi kimi formalaşıb. Bu da Hindistanın müstəqilliyi tarixində ona dördüncü baş nazir olmaq imkanı verib. Hindistanın Pakistanla münasibətlərinin normallaşdırılmasında önəmli rol oynamış və bununla da qarşıdurmanın bölgə xalqlarına xeyir gətirmədiyini sübut edib. Bir neçə dəfə siyasətdən uzaqlaşdırılsa da, o, siyasi aləmə öz möhürünü vura bilib. Siyasət və siyasi aləmlə o qədər qaynayıb-qarışmışdı ki, bu yolda oğlunu qurban versə də, yenə mübarizəsindən əl çəkməyib.
Yeniyetmə ikən Hindistanın əfsanəvi qəhrəmanı, ölüm aclığı keçirən Mahatma Qandinin yatağının başında oturaraq, onun üçün həyəcan keçirən qız uşağı kimi beynəlxalq aləmin diqqətini özünə cəlb etdi. Amma o, Mahatma Qandinin məhrumiyyətlərini öz üzərində hiss edə-edə, onun üçün göz yaşları tökə-tökə daha da mətinləşdi. Ölkəsinin ilk qadın baş naziri oldu. Əvvəlcə demokratiya qəhrəmanı, sonra diktator və bunun ardınca yenidən sivil inkişaf tərəfdarı kimi siyasi səhnədə at oynatdı. Həyata keçirdiyi islahatlarla Hindistanın inkişafına nail olaraq ölkəni aclıq və yoxsulluqdan qurtardı. Super güclərlə mübarizələrdə ortaya qoyduğu çevik siyasət ölkəsini müxtəlif təhlükələrdən xilas etdi. Hiss edəndə ki, başqa dövlətlərə arxayın olmaqla ölkənin təhlükəsizliyini qoruyub saxlamaq mümkün deyil, Hindistanı nüvə silahı olan ölkəyə çevirmək üçün cəhdlərə baş vurdu və istəyinə nail oldu. Sui-qəsdin qurbanı olanadək Hindistan siyasəti onunla nəfəs aldı.
Bütün dünyanın rəğbətini qazanan və müxtəlif dillərdə danışan, milyonlarla insanın sevimlisinə çevrilən azadlıq mübarizi və ünlü siyasətçi İndira Qandi idi. Baba Nehru ingilis müstəmləkəçiliyinə qarşı çıxan millətçi Hindistan Beynəlxalq Konqresinin aparıcı liderlərindən biri idi. İndiranın atası Cəvahirləl Nehru da öz atasının yolu ilə gedərək, Hindistan Müstəqillik Hərəkatının liderinə çevrilib. İndira anadan olanda atası müstəqillik hərəkatına qoşulur. Uşaq ikən evlərində keçirilən siyasi toplantıların şahidi olan İndira o zamanın ən məşhur simalarından olan Mahatma Qandi ilə yaxından tanış olmuş və onun təsiri altına düşərək siyasətə qatılıb. 1959 və 1960-cı illərdə o, Milli Konqresin rəhbəri seçildi. Ancaq bunun atasının nüfuzuna xələl gətirdiyini və onun haqqında pis fikir formalaşdırdığını nəzərə alaraq, 1962-ci ildə keçirilən seçkilərdə iştirak etmədi. 1964-cü ildə atası vəfat etdi. Ölkənin cənubunda hind dilində danışmayan əyalətlərdə hind dilinin rəsmi dövlət dili kimi işlədilməsinə qarşı üsyanlar baş verdi. Qandi bu səbəbdən də üsyan edən əyalətlərin ən iri şəhərlərindən hökumət əleyhinə çıxışların yatırılmasına başçılıq etdi. Bu onu daha da şöhrətləndirdi. Artıq onun hakimiyyət zirvəsinə gedən yolu açılmışdı. 1966-cı ildə keçirilən parlament seçkilərində Qandi rəqibi Morarji Desaini qabaqlayaraq qələbə çaldı. Bununla da o, ölkənin müstəqilliyi tarixində 4-cü və ilk qadın baş nazir oldu.
İndira Hindistanı nüvə dövlətinə çevirdi. Hindistanın sosializm blokuna doğru meyl etməsi və SSRİ-nin yardımı ilə ölkədə onlarla yeni müasir müəssisənin inşası Qərbin narazılığına səbəb oldu. Qandi diplomatik məharətini işə salaraq Hindistanın nüvə silahı əldə etməsinin Moskva üçün də önəmli ola biləcəyi barədə SSRİ rəhbərliyini inandıra bildi. O dövrdə İndira ətrafındakılara: "Biz özümüz öz ayaqlarımız üzərində durmağı və təhlükəsizliyimizi təmin etməyi bacarmalıyıq" -demişdi. Məhz SSRİ-dən aldığı hərbi texniki yardım 1974-cü ildə Hindistana yer altında "Gülümsəyən Budda" adlı nüvə bombasını sınaqdan çıxarmağa imkan verdi. Bu hadisə beynəlxalq aləmdə böyük şok yaratdı. Nüvə silahını əldə etməklə Hindistan Pakistandan və başda ABŞ olmaqla Qərb dövlətlərindən, həmçinin Çindən gələn təhlükəni birdəfəlik aradan qaldırmış oldu. Qandi həm də Hindistanın aclıqdan qurtarması üçün bütün cəhdlərini işə salaraq, SSRİ-dən aldığı yardımlarla kənd təsərrüfatını inkişaf etdirdi. 1977-ci ildə seçkilər keçirildi. Lakin seçkilərdə iştirak edən xalq "Artıq yetər, söz millətindir!" şüarını irəli sürərək müxalifətdə olan Canata Partiyasına səs verdi. Beləliklə, hakimiyyətə Desainin rəhbərlik etdiyi Canata Partiyası gəldi. İndira seçkilərdə məğlub olsa da ruhdan düşmədi. Hakimiyyətə gələn qüvvələrin xalqın etimadını doğrulda bilməmələri Qandinin xeyrinə işləyən amilə çevrildi. 1979-ci ildə keçirilən seçkilərdə Qandi yenidən qələbə çaldı. Hakimiyyətə qayıdan Qandi bu dəfə Pəncab əyalətində yaşayan əhalinin əksəriyyətini təşkil edən siqhlərin mərkəzdən ayrılma cəhdlərinin qarşısını almalı oldu. Pəncabda həyata keçirilən qanlı əməliyyatlar dünyada Qandini nüfuzdan saldı.
1984-cü ilin oktyabr ayının 31-i idi. İndira Dehlidəki Safdarjunq küçəsindəki baş nazirliyin binasında İngiltərədən onunla müsahibə götürməyə gələn telejurnalist Peter Ustinovu qarşılamağa hazırlaşırdı. Ustinov Satvant və Beant Sinqhlər tərəfindən mühafizə edilən qapıdan keçərək içəri daxil oldu. Qandi qonağı qarşılamaq üçün ayağa qalxdı. Bu zaman hər iki mühafizəçi silahlarını Qandiyə çevirərək ona atəş açdılar. Nəticədə, Qandi 33 güllə yarası alaraq yerindəcə can verdi.
Qandinin cənazəsi noyabrın 3-də Mahatma Qandinin xatirəsinə ucaldılan Raj Qal abidəsi önündə yandırıldı.
Turanə İbrahimi
DİGƏR XƏBƏRLƏR