Qış mövsümünün ən aktual məsələsi olan dəm qazından zəhərlənənlərin və bu səbəbdən də dünyasını dəyişənlərin sayı artıb. Bu il də ölkə gündəmini zəbt edən əsas problemlərdəndir. Bir neçə gün öncə Bakıda bir ailədə dəm qazından iki nəfərin ölməsi məsələni yenidən diqqət mərkəzinə gətirib. Sözügüdən məsələnin ciddiliyini nəzərə alıb bu cür ölümlərin haradan və necə qaynaqalandığını öyrənməyə çalışdıq.
Bakı-Qaz İstehsalat İdarəsinin keçmiş əməkdaşı Nüsrət Qasımov Simsar.az-a açıqlamasında dəm qazından zəhərlənmə hallarının artmasında əsas günahkarın vətəndaşların özləri olduğunu bildirir. “Ölüm halları daha çox “pyatiminutka” kimi tanınan su qızdırıcısı və yaxud evi qızdıran sobalardan (əksər hallarda İranda istehsal olunmuş sobalardan) meydana çıxır”.
Ekspert deyib ki, qaz sobalarının borusu yalnız dəmirdən hazırlanmalı və mütləq bayıra çıxışı olmalıdır. “Çünki qaz sobalarının işlədiyi otaq, adətən, isti olsun deyə, tam qapalı vəziyyətdə saxlanılır. Nəticədə sobadan çıxan zərərli maddələr dar və qapalı otaqda toplanır və zəhərlənmə baş verir”.
N.Qasımov yanma məhsullarının tərkibindəki qalıqlardan da danışıb. “Yanma tam getməlidir. Yanma məhsulu yalnız karbon qazı və sudan ibarətdir. Əgər natamam yanma getsə, onun içərisində dəm qazı əmələ gəlir və bu, zəhərlənməyə gətirib çıxarır. Ancaq dəm qazının miqdarı 0,01 faizdən də aşağı olmalıdır”.
N.Qasımov hazırda əhaliyə verilən məişət qazının tərkibinin normal olduğunu deyir. Onun sözlərinə görə, məişət qazının tərkibində metan, etan, propan və butan var. Bu maddələr isə normal şəraitdə yanma qabiliyyətinə malikdir və yanma zamanı hər hansı zərərli maddələr buraxılmır. “Ancaq bir çox insanlar real təhlükədən ya bixəbərdir, ya da ehtiyat tədbirlərinə əməl etmək istəmirlər”.
Ekspert məişət qazının yanması üçün yanma şəraitinin olub-olmadığını necə müəyyənləşdirməyi izah edir. Onun sözlərinə görə, yanma cihazlarının içərisindəki aparatlar işlək vəziyyətdədirsə, zərərli maddələr otağa birbaşa sobanın içərisindən axa bilmir, aparat onu söndürür. Bu aparatlar işləmirsə, deməli, yanma tam getməyəcək. Ölüm halları daha çox “pyatiminutka” kimi tanınan su qızdırıcısı, və yaxud evi qızdıran sobalardan (əksər hallarda İranda istehsal olunmuş sobalardan) meydana çıxır. Bundan başqa, otağın havası tez-tez dəyişməli, bacalar il ərzində ən azı bir dəfə təmizlənməlidir. “Sorucu borular olmasa, bacalar təmizlənməsə, karbon qazı sıxışdırılaraq içəri daxil olur və bu adamı boğub öldürə bilər. Ona görə də boruların mütləq çölə çıxışı olmalıdır” – deyə, əlavə edib.
Ekspert deyir ki, binaların damındakı bacalar yağışdan-qardan sonra mütləq təmizlənməlidir: “Ancaq çoxları buna fikir vermir. Bəzən yaz-yay mövsümündə quşlar gəlib həmin bacalarda yuva qurur və beləliklə, bacanın ağzı qapanır. Belə şəraitdə yanma məhsulu otağa daxil olur və karbon qazı insanları boğur”.
Ekspert bildirir ki, qanunla bu işləri “JEK”lər və Mənzil-Kommunal Təsərrüfatı birlikləri görməlidir. Qışa hazırlıq tədbirləri çərçivəsində tüstü borularını və şaxtaları, evlərə gələn qaz xətlərini texniki yoxlanışdan keçirməli və onun qeydiyyatını aparmalıdır: “Bu xidmət sahəsi indi də fəaliyyət göstərir. Ancaq “JEK”lər yarasız quruma çevrilib, hər şeyə dırnaqarası baxırlar”. Bu məsələdə “Azəriqaz” Səhmdar Cəmiyyəti də məsuliyyət daşıyır. Nüsrət Qasımov deyir ki, bu qurum əhaliyə keyfiyyət standartlarına uyğun qaz verir. Ancaq məişət qazının mənzillərə necə gedib çıxması, təhlükəsizlik qaydalarına əməl olunub-olunmaması da gözlənməlidir və yalnız bundan sonra evlərə qaz verilə bilər.
Azəriqaz vətəndaşlara xəbərdarlıq etdi – Bacalarınızı təmizləyin
Məsələ ilə bağlı “Azəriqaz” Səhmdar Cəmiyyəti ilə əlaqə saxlamağa çalışdıq. Qurumun mətbuat katibi Araz Ağayev isə bildirir ki, Nazirlər Kabinetinin 2013- cü il 12 may traixli qərarına əsasən qaz sobalarından ehtiyatla istifadə etmək vətəndaşların vəzifələrinə daxildir. Qaz qurğuları texniki pasportda göstərilmiş tələblərə uyğun olaraq, təhlükəsizliyi təmin etməlidir.
“Qaz sobalarından istifadə edən vətəndaşlar hava dəyişmə xətlərinin normal işləmə prosesini nəzarət altında saxalmalıdırlar. Payız-qış mövsümü başalamamışdan əvvəl qaz qurğusunun işə salınmasından dərhal sonra qazın yanma məhsullarını tüstü bacalarının ötürülməsini havanı sovurmasını yoxlamalıdırlar. İstifadəçilər qaz qurğularının konstruksiyasın özbaşına müdaxilə etməməlidirlər. Hər il qış mövsümü başladıqda Azəriqaz Səhmdar Cəmiyyəti tərəfindən qaz qurğularına baxış keçirilir. Qaydalara dügün riayəıt etmək isə istehlakçıların üzərinə düşür”.
Aysel Kərimova
DİGƏR XƏBƏRLƏR