Böyük Qara Qarayevin 96 illiyidir
Bu gün Azırbaycanda klassik musiqidən söz gedəndə ilk növbədə hamının ağlında Qara Qarayev canlanır. Onun “Yeddi gözəl”, “İldırımlı yollarla” baleti, “Leyli və Məcnun” simfonik poeması klassik musiqi sahəsində yeni canlanma yaradıb. Qara Qarayev 1918-ci il fevralın 5-də Bakı şəhərində məşhur həkim-pediatr Əbülfəz Qarayevin və Sona xanım İskəndər qızının ailəsində anadan olub. Ata tərəfi Abşeronun Fatmayi kəndindən, ana babası İskəndər bəy Axundov isə Şamaxının məşhur nəsillərindən idi. Bu ailə 20-ci əsrin Bakı ziyalıları kimi çox da zəngin deyildi. 1926-cı ildə Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi məktəbinə qəbul edilib. 1930–cu ildən Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi texnikumunda professor Georgi Şaroyevin fortepiano sinfinin tələbəsi, 1935–ci ildən isə Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq (Leopold Rudolf) və Azərbaycan xalq musiqisinin əsasları (Üzeyir Hacıbəyov) siniflərinin tələbəsi olub. 1937–ci ildən Azərbaycan Bəstəkarlar İttifaqına üzv qəbul edilib. 1952–ci ildə Azərbaycan Bəstəkarlar İttifaqı idarə heyətinin sədri seçilib. 1953–cü ildə Leninqrad Dövlət Kiçik ("Malıy") opera teatrında "Yeddi gözəl" baletinin ilk tamaşası qoyulub. 1963–ci ildə Leninqrad Kiçik ("Malıy") opera teatrının qastrolları zamanı Qahirədə "Yeddi gözəl" baletinin tamaşaya qoyulması ilə bağlı Misir Ərəb Respublikasında səfərdə olub. 1964-cü ildə SSRİ Böyük teatrının qastrolları zamanı "İldırımlı yollarla" baletinin tamaşaya qoyulması ilə bağlı "Varşava payızı" çağdaş musiqi festivalında iştirak edib. 1965-ci ildə "Antoni və Kleopatra" tamaşasına yazdığı musiqiyə görə, M.F.Axundov adına Mukafatın laureatı, aprelin 21-i Moskvada, iyunun 2-i Bakıda Üçüncü simfoniyanın ilk ifası baş tutub. 1967-ci ildə "İldırımlı yollarla" baletinə görə Lenin mükafatı və Lenin ordeni ilə təltif olunub. 1968-ci ildə aprelin 21-də Qorki (indiki Nijni Novqorod) şəhərində, aprelin 28-i Moskvada Violino ilə simfonik orkestr üçün Konsertin ilk ifaları olub. 1969-cu ildə "Yeddi gözəl" baletinin və "Leyli və Məcnun" simfonik poemasının musiqisinə balet tamaşasının göstərilməsi ilə bağlı Parisdə keçirilən ümumdünya rəqs festivalına, sovet mədəniyyət və incəssənət ustaları arasında Yaponiyaya səfər edib.
Kino musiqilərində də özünü göstərən Q.Qarayev klassikaya çevrilən əsl sənətkarlıq nümunələri yaradıb. “Leyli və Məcnun”, “Tarixin ibrət dərsi”, “Uzaq sahillərdə”, “Bir məhəlləli iki oğlan” və s. kinofilmlərə, “Nikbin faciə”, V.Şekspirin “Antonio və Kleopatra” dram tamaşalarına yazdığı musiqi onun yaradıcılığının parlaq səhifələrini təşkil edir.
1978-ci ildə Sosialist Əməyi Qəhrəman adını alıb, Ümumdünya müəllif hüquqları agentliyi konqresinin iştirakçısı kimi Parisdə səfərdə olub. Moskva operetta teatrında "Çılğın qaskoniyalı" müziklinin ilk tamaşası qoyulub.
1982-ci il mayın 13-də Moskva şəhərində dünyasını dəyişib. Bakıda dəfn olunub.
Turanə İbrahimi
DİGƏR XƏBƏRLƏR