Paulo Coelho bir zamanlar satanistmiş
O, Culya Robertsin ən sevdiyi yazardır. Dünyada kitabları 100 milyondan çox tirajla satılır. Bir gün böyük yazıçı olmaq üçün illərlə dua-cadu edib, hətta Şeytanla müqavilə belə imzalayıb. Söhbət dünyaca məşhur yazıçı Paulo Coelhodan gedir. Bu həqiqəti isə onun “Bir savaşçının yaşamı” adlı avtobioqrafiyasından öyrəndim. Yaxın oturun sülh elçisi kimi tanınan “ Kimyagər”, “Veronika ölmək istəmir”, “Portobello cadısı” və “Əlif” kimi kitabların yetişkin ruhlu yazarının qaranlıq və ürkütücü həyat hekayəsini danışacam.
Bu günə qədər onun yalnız “Kimyagər” əsərini oxudum. Dünyanın bir çox ölkələrində xüsusilə qadınlar tərəfindən ən yaxşı əsər kimi qiymətləndirilən və ən çox alınan bu əsəri açığı o qədər də ədəbi hadisə hesab etmirəm. Təbii ki, bu yazıda sizə Paulo və onun yaradıcılığı haqqındakı düşüncələrimi paylaşmaq kimi bir cəhdim yoxdur. Bu günlərdə məşhur yazarın avtobioqrafiyasını oxudum və yazdıqlarından daha çox maraqlı, olduqca hərəkətli bir həyatı olduğunu dərk etdim.
Paulo gənclik illərinin bir hissəsini Rio de Janeyroda bir psixiyatriya klinikasında keçirib. Qəbul etdiyi sakitləşdiricilər və elektro-şok müalicəsi onun ruhundakı fırtınanı azaltmaq əvəzinə, əksinə daha da şiddətləndirib. Xəstəxanadan çıxdıqdan sonra jurnalist kimi fəaliyyət göstərən yazıçı qısa müddət sonra musiqiçi Raul Seixasla tanış olur və onlar birlikdə populyar mahnılara imza atırlar. Yazıçı, həm də uzun müddət narkotik maddədən istifadə edirmiş. Jurnalist işlədiyi illərdə bir çox yalan xəbərlər yazdığını da etiraf edir. Məsələn reportaj üçün John Lennonun evinə qərarlı şəkildə daxil olduğu günü o vaxtlar belə yazıb: “Lennon əvvəl könülsüzdü, amma kim olduğumu anlayınca məni içəri dəvət etdi və saatlarla söhbət etdik. Sonda isə məni qapıya qədər ötürdü”. Amma illər sonra Paulo o gün yaşanan həqiqəti indi belə etiraf edir: “Sərt baxışlı qapıçı o gün mənə binadan içəri addım atmağa belə icazə verməmişdi”.
Bu avtobioqrafiyada yazılanlar brazilyalı yazarın qaranlıq və vəhşi həyatını açıq və dürüstcə göz önünə sərir. Fernando Morais, kitaba “Can” Nəşriyyatının seçdiyi “Bir savaşçının yaşamı” adını qoysa da bu kitabın əsl adının “Cadügər” olduğunu da qeyd etməyi unutmur.
Yazar kitabı yazmaq üçün nə az, nə çox düz üç il Paulo Coelhonun izinə düşür. Öz sözləri ilə desək onun həyatını didik-didik edir. Şəxsi münasibətlərini qurdalayıb, vəsiyyətini oxuyub, istifadə etdiyi dərmanları öyrənib, ciblərini qarışdırıb və eşq macəralarının “meyvəsi” ola biləcəyini düşündüyü uşaqlarını axtarıb. Ən əhəmiyyətlisi isə Coelhonun qırx ildir tutduğu gündəliyini incələyib və yazarın altmış illik həyatına sığdırdıqlarını bir yapbozun hissələri kimi birləşdirərək onun kitablarının cəmindən daha təsirli bir iş ortaya çıxarıb. Morais hissələrinin əksəriyyətinin Coelhonun sevgililərinin adını daşıyan kitab haqında bunları söyləyir: “ Bu kitabın içində hər şey var... Seks, şiddət, narkotika, az da olsa cinsi azlıq, rockn roll və satanizm”. Burda satanizm ifadəsi diqqəti xüsusilə cəlb edir. Necə yəni dünyada sülh eliçisi kimi tanınan, yetkin ruhlu yazar Paulo Coelho ilə satanizmin nə əlaqəsi ola bilər?
Coelhonun 200 cildlik gündəliyini oxuyub onunla qarşılıqlı söhbət edərək o üz, bu üzlü 100 kaset dolduran Moraisin gəldiyi nəticə budur ki: Paulo Coelho bir zamanlar satanistmiş. İllərlə cadugərlik etmiş, hətta heyvan qurban edərək, cadular edərək bu şəkildə dünyanı dəyişdirmək məqsədi ilə Şeytanın Kilsəsinə belə girib. Ən böyük arzusunun həyata keçməsi üçün, yəni böyük bir yazıçı ola bilmək üçün ruhunu Şeytana satmağı belə təcrübədən keçirib. Təcrübədən keçirib deyirəm, kim bilir bəlkə də bunu bacarıb. Nəticədə o artıq çox varlı və məşhur bir yazardır. Coelho sonradan dəhşətli hadisələr yaşadığı üçün qorxaraq Şeytanla müqaviləsini ləğv edir. Yenə o dönəmdə Roman Polanskinin hamilə arvadı Şaron Tatei və dostlarını qətl edən Çarles Mansonun ömür boyu həbs cəzası alması xəbərindən sonra öz gündəliyində “İnsanlar Mansonu anlamadıqları üçün çarmıxa çəkirlər” deyə qeyd edib.
Anlayacağınız bu gün şirin təbəssümü ilə sülhdən barışdan söz edən Paulo Ceolhonun bu qədər qaranlıq keçmişi var. İşin qəribə tərəfi odur ki, onun oxuyucuları gündəliklərini əlimizdəki avtobioqrafiyadakılar xaricində heç zaman oxuya bilməyəcəklər. Çünki Paulo ölümündən sonra gündəliyinin yandırılmasını vəsiyyət edib. Morais Coelhonun cinsi təcrübələrinin də şok edici olduğunu söyləyir. Ancaq o bunların çoxunu kitaba salmayıb. Məsələn, gündəliklərindən birində yazıçı hələ yetkinlik çağındakı sevgilisi ilə onun yaşlı, iflic və dinsiz bir qohumunun önündə necə sekslə məşğul olduqlarını yazıb. Kitabdan öyrəndiyimiz qədəri ilə yazıçının cavanlığında ortalıqda lüt gəzmək kimi bir adəti də varmış.
Bu yazıdan sonra sizin onun haqqında nə düşündüyünüzü bilmirəm. Mənim içimdən isə sadəcə dürüstlüyü üçün Paulo Coelhonu təqdir etmək gəlir. Dəyişmək hər kəsin haqqıdır. Sanıram bu qədər fırtınalı bir ruhun yazdığı kitabları oxumağa dəyər.
Günel Musa
DİGƏR XƏBƏRLƏR