“Bizi özünüzə Simsar bilin” şüarı ilə fəaliyyətə başlayan Simsar.az saytının bu gün 3 yaşı tamam oldu. Simsar.az-ın ad gününü qeyd edən kollektiv öz ürək sözlərini və arzularını dilə gətirdi:
Baş redaktor İradə Nurəddinqızı: “3 il bundan əvvəl jurnaldan sonra saytı yaratmaq qərarına gəldik. Məqsədimiz insanlara təmiz, hay küysüz xəbər çatdırmaq idi. Buna nail olduq, xəbərin simsarı olmaq, simsarlıq etmək niyyətimizlə bir yola çıxdıq. Yolun hələ başındayıq, hələ qarşıda görüləcək çox işlər proyektlər var. Təbii hər media qurumuna olan kimi bizə də qısqanclıqla yanaşanlar oldu. Simsarın gözəl kollektivi ilə öhdəmizə düşən işi layiqincə yerinə yetirməyə çalışıb, istəyimizə nail oluruq. Kollektivimizin kiçik olmasına baxmayaraq digər saytlarla portallarla ayaqlaşa bilirik. Bütün kollektivə bu yolda uğurlar arzu edir, hər bir əməkdaşımızı təbrik edirəm!”
Redaktor Elmar Hüseynov: “Artıq 3-cü ilə keçib ki, Simsar ailəsinin üzvüyəm. Burdakılara həmişə öz ailəmin bir üzvü kimi yanaşmışam. Artıq 2 ildir Simsar.az saytının redaktoruyam. Ardıcıl olaraq ölkədən və dünyadan xəbər verən Simsar.az saytı qısa zaman kəsimində özünə məxsus oxucu auditoriyası toplayıb. Simsar.az-ın özünəməxsusluğu ondan ibarətdir ki, burada əsasən verilən xəbərin dəqiqliyi və səviyyəsi nəzərə alınır. Ona görə də, biz kütləyə işləmirik. Bizə oxucunun çoxluğu yox, keyfiyyəti önəmlidir. Simsar.az-da olduğum müddətdə burda baş verən xeyli hadisələr haqda danışa bilərəm. Arzu edirəm ki, Simsar.az-ın 30 yaşını Azərbaycanın bütün ictimai-siyasi xadimlərilə Qarabağda keçirək”.
Redaktor Aqşin İbrahimi: “Artıq iki ilə yaxındır buradayam. Kollektivimizin mehriban və dürüst olması ürəyimcə olan məqamlardandır. Yadda qalan hadisələrə gəlincə, Sahibkarlığın İnkişafına Dəstək İctimayi Birliyinin açılış mərasimini təşkil etməyimiz böyük və uğurlu proyekt idi. Ümumiyyətlə, müsahibələr, iş görüşləri və bu kimi hallarda yaddaqalan məqamlar çox olub. İşdən kənar fəaliyyətlərimiz da öz-özlüyündə gözəldir. Rayonlara gəzintilərimiz, "Şah İsmayıl Klubu"ndakı söhbətlərimiz, Ramazan ayında oturub irfani məsələlərə vaxt ayırmağımız da unudulmazlar sırasındadır. Arzum, Simsar kollektivinin gördüyü iş müqabilində daha çox və keyfiyyətli oxucu kütləsi qazanmaqdır”.
Şöbə müdiri Günel Musa: “Simsar.az da işə başladığım gün saytın ad günü ərəfəsinə düşdü. Kollektivin isti münasibəti mənə özümü Simsar ailəsində rahat, doğma hiss etdirdi. Ümid edirəm ki, Simsarın növbəti ad günlərini birlikdə qarşılayacağıq. Müşahidələrim sevgi, sayğı və doğmalıqdır”.
Müxbir Turanə İbrahimi: “1 ildən çoxdur ki, Simsar-da işləyirəm. İlk daimi iş yerimdi desəm, yalan olmaz. İş yerim mənim üçün tamam fərqli bir dünyadı. Bura gələndə adi universitet tələbəsi idim. İşlədiyim müddətdə universiteti bitirdim, diplom aldım. Sevdiyim insanla ailə qurdum. Hər xoşbəxt anımı iş yoldaşlarımla bölüşmüşəm. İndi onlar da mənim doğmalarımdı. Düşünürəm ki, nə vaxtsa bu günlər üçün çox darixacam. Birlikdə bayramları, ad günlərimizi qeyd etmişik. Belə iş yerim olduğuna görə, çox xoşbəxtəm. Mənim burda işləməyimə vəsilə olan qrup yoldaşım Nuranəyə xüsusi təşəkkürlər. Yadda qalan anlarım çox olub. Müsahibələrdə sual vermək yerinə dayanmadan gülməyim, diktafonun qoşulmasını unutmam, telefonla açıqlama aldığım adamın kişi və ya qadın olduğunu dəyişik salmağım, müsahibimi 3 saat çöldə gözləməyə qədər – hər şey başıma gəlib. Bunların bəzilərinə əsəbləşsəm də yaddaqalan olub”.
Müxbir Aynur Bayramova: “Simsar.az-ı 3 yaşı münasibətilə təbrik edirəm. 30 yaşını qeyd etsin, uğurları bol olsun. Burda mənim üçün ən yadda qalan məqam isə qrup yoldaşlarımla həmkar kimi işləməyimdir. “
Müxbir Vüsal Məmmədzadə: “5 aydır Simsar.az-dayam. Bu müddət ərzində ilk təcrübəm olan iş yerimdə çox şey öyrənmişəm. Belə deyim, jurnalistikada ilk addımlarımı Simsar.az-da atmışam. Məncə, ötən 5 ay uğurlu alınıb. Mənə xoş olan əsas məqam isə mehriban münasibətimizdir. Bir-birimizə işlərimizdə kömək etməyimiz, bir-birimizi başa düşməyimiz redaksiyamızı isti ev mühitindən fərqləndirmir. Buna görə, hər kəs həvələ çalışır.
Yadımda qalan hadisə isə, əslində, bir az gülməlidir. Bir müsahibəm var idi. Müsahibədən sonra diktofona baxdım, heç nə yazmayıb. Texnikadır, nə edəsən?! Müsahibə çox maraqlı alınıdığından, demək olar, nöqtəsinə qədər hər şey yadımda idi. Qonağımı yola salıb, tez gəlib yazdım. Pis də alınmadı. Deyərdim, o birilərindən daha yaxşı alındı”.
Müxbir Aysel Kərimova: “Təbrik edirəm Simsar.az kolektivini. Uğurlarımız davamlı olsun!”
Tərcüməçi-müxbir Mələk Abbaszadə: “Artıq 5 aydır ki, burda işləyirəm. Demək istədiyim odur ki, saytın kollektivi çox cana yaxın və səmimidir. Mən burda özümü 5 ay yox, 5 il işləmiş kimi hiss edirəm. Məni burda çox doğma və mehriban qarşıladılar. Elə bu günə qədər də, onların mənə olan isti münasibəti qorunub saxlanıb. Mənim üçün ən yadda qalan gün Yeni İli qeyd etdiyimiz gün oldu. Jurnalımızın redaktoru Ülviyyənin təsisçisi olduğu oyunda mənə düşən şərtə görə “Facebook”-da status yazmalı oldum. O status məni həm ağlatdı həm güldürdü. Simsar.az kollektivini saytımızın 3 yaşının tamam olması münasibətilə təbrik edirəm!”
Operator Sara Rüstəmova:”Kollektivimiz çox mehribandı. Hər kəs işə həvəslə, məsuliyyətlə yanaşır. Müdirimiz də daxil olmaqla kollektivimiz çox səmimidir. Bu baxımdan, şanslıyıq. Mənim üçün ən yaddaqalan anlardan biri saytımızın administratoru Səxavətin ad günüdür. Səxavətin mənə neçə yaş verərsiz, sualına jurnalımızın redaktoru Ülviyyənin cavabından sonra Səxavət şoka düşdü. Qəbələyə getməyimiz isə daha bir yaddaqalan hadisələrdən biridir”.
Administrator Səxavət Abbasov: “Simsar.az saytının kollektivini təbrik edirəm”.
Simsar jurnalının redaktoru Ülviyyə Cövdətqızı: “Hər şeyə baxmayaraq bir ailə kimi olmaq və “Simsar”da olmaq çox xoşdur. 3 yaşın mübarək olsun Simsar.az!”
“Simsar” jurnalının müxbiri İsmət Ələkbərqızı : “Simsar imanlı insanların toplaşdığı bir ailədir. Bu ailəyə tuş gəlməyimi Allahın mənə bir lütfü kimi qəbul edirəm. Bu ailənin hər bir üzvünə ailə səadəti və uğurlar diləyirəm”.
“Simsar” jurnalının dizayneri Yanuş Romanenko: “Hörmətli Simsar.az saytının kollektivi, Simsar.az saytının ad günü mübarək olsun! Mənim ən maraqlı günüm Simsar.az kollektiviylə Hacıkəndə getdiyimiz gündür”.
Mələk Abbaszadə
DİGƏR XƏBƏRLƏR