Mərhəmət hissi yox olub,
Qəlbi daşlaşıb bəşəriyyətin
Yetim malıyla tox olub,
Cismi bərkiyib əksəriyyətin.
İnsan bu qədər qan tökərmi?
İnsan böylə vəhşiləşərmi?
Bunu Yaradan götürərmi?
Məncə, götürməz.
Ya Rəbbim, dünyanı xilas elə...
Misralar Samir Salamın “Çağrı” mahnısındandır. Simsar.az xəbər verir ki, müğənni italiyalı sənətçi Adriano Çelentanonun “Confessa” mahnısının musiqisinə müraciət edib. Bu mahnını ilk dəfə 2-3 ay əvvəl eşitdiyini deyən Samir Salam musiqinin ona çox təsir etdiyini bildirib. “Musiqini eşidən kimi beynimdə sözlər yarandı. Qərar verdim, bu musiqiyə mahnı hazırlayım. Adriano Çelentanonun mahnısında sevgi mövzusudur, mənim oxuduğum mahnıda isə bəşəri fəlakətlər, insan tərəfindən törədilən qırğınlar, soyqırımlar və s. öz əksini tapıb”, - deyən sənətçi mahnı üçün hazırlanan klip haqqında da məlumat verib: “Klipin ideyası tanınmış rejissor Şahin Zəkizadəyə məxsusdur. Qəhrəmanımız isə balaca Əlidir. Klipdə Əli tarix boyu baş verən hadisələri özündə əks etdirən video çarxa baxır. Nəticədə isə onun ruhunda müəyyən dəyişikliklər yaranır. Biz klipin sonunda bu dəyişiklikləri göstərməyə çalışacağıq”.
İlk dəfə özünü mahnısına çəkiləcək klipdə rejissor kimi sınadığını deyən Samir Salam, bu işdə gənc operator Mahdi Yaqubovun ona böyük köməklik göstərdiyini qeyd edib. “Mehdi mənim ilk klipimin operatoru olub. Qərara gəlmişik, özümüzü rejissor kimi sınayıb, öz işimizi ortaya qoyaq”, - deyən sənətçi işin yaxşı alınacağına ümid etdiyini sözlərinə əlavə edib.
Sonda layihənin həyata keçməsində göstərdiyi köməyə görə “Yeni Yurd” İctimai Birliyinin sədri, “Azərbaycan qadını” layihəsinin rəhbəri Mahirə Əsədovaya minnətdarlığını bildirən Samir Salam klip hazır olduqdan sonra təntənəli təqdimat mərasiminin keçiriləcəyini söyləyib.
Vüsal Məmmədzadə
DİGƏR XƏBƏRLƏR