Simsar. az xəbər verir ki, tanınmış azərbaycanlı müğənni Nuri Sərinləndirici və onun əvəzolunmaz duet ortağı Jane Şirokih ötən gün Bakıda möhtəşəm konsert proqramı ilə çıxış ediblər.
Nurinin Azərbaycan üzrə yaradıcı layihələrinə rəhbərlik edən populyar teleaparıcı və rejissor, Lider TV-nin siması Lamiyyə Ələkbərqızının təşkilatçılığı Yaşıl Teatrın səhnəsində baş tutan “De ki, sevirəm” adlı proqram həm də 31 may məzun gününə həsr olumuşdu.
Konsertin aparıcılığını da çiyinlərinə götürən Lamiyyə, tamaşaçıları sadiq dostu və həmkarı Zabir Əliyevlə birlikdə salamladı.
Səmimiyyətləri ilə publikanı ələ almağı bacaran aparıcılar çox keçmədi ki, Sərinləndirici və Şirokihi səhnəyə dəvət etdilər.
Yaşıl Teatrın səhnəsində mövsümə açılış edən ulduzlar ilk çıxışları ilə əsl coşqu yaratmağa müvəffəq oldular.
Moskvanın populyar "MainStream" qrupunun musiqiçilərinin ifasından ilhamlanan səbəbkarlar, tamaşaçı alqışından qətiyyən korluq çəkmədilər.
Konsertə özəl papaq, mayka və bayraqlar da hazırlanmışdı ki, onlar da Nuri fan-klubunun ən fəal üzvlərinə paylanmışdı.
Jane-nin yunan və türk bəstəsini səsləndirməsindən sonra Nurinin duet ortağını mahnının zil yerini təkrar akapella oxutması yadda qalan məqamlardan biri oldu.
Həmçinin klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun azyaşı qızının məşhur “Darıxdım” hitini oxuması tamaşaçıların sürəkli alqışları ilə mükafatlandırıldı.
Lamiyyə ilə Zabir gözlənilmədən bir qrup məzunu səhnəyə dəvət edərək bayramlarını təbrik etdilər. Aparıcıların “Tələbə” mahnısını ifa etmələri sürprizlərdən bol olan gecəyə xüsusi rəng qatmış oldu.
Nuri və Jane canlı olaraq ümumilkdə 24 mahnı oxudular.
Onların bir neçə mahnısı Azərbaycan Dövlət rəqs ansamblının, Fatimə Fətəliyevanın rəhbərlik etdiyi qrupun, həmçinin "Talant" rəqs qrupunun üzvlərinin hazırladıqları xüsusi rəqs nömrələri ilə izləyicilərə təqdim olundu.
Sevilən ulduzların zala enərək tamaşaçılara daha yaxın olmalarını məxsusi vurğulamaq lap yerinə düşər. Nuri onunla şəkil çəkdirmək istəyən heyranlarının arzularına biganə yanaşmadı.
"De ki, sevirəm" adlı proqramı dinləməyə gələnlər arasında yetərincə məşhur simalar da var idi.
Başda ölkənin əsas prodüseri Mr.Tolik (Tarix Əliyev) olmaqla sənətçilər - Könül Kərimova, Cabar Musayev, Vüqar Meyxana (Əbdülov), rəqqasə Fatimə Fətəliyeva, Xatun, Roza Zərgərli, teleaparıcılar - İlhamə Bədəlova aktyor nişanlısı Murad Fətullah, Aynur Hacıyeva, şairə Leyli həyat yoldaşı bəstəkar-aranjemançı Hakan Erol başqaları gəlişləri ilə Nuri və Jane-nin sevincinə şərik olduqlarını nümayiş etdirdilər.
Nuri konsertin sonunda söz verdi ki, gələn il mütləq sevənləri ilə Heydər Əliyev Sarayının səhnəsində yenidən görüşəcək.
Qeyd edək ki, konsertin informasiya dəstəyi Simsar.Az, Trend.Life, Show.Az saytlarına məxsus idi.
Şahin Cavadsoy
Fotolar: Ruslan Teymurfulatov
DİGƏR XƏBƏRLƏR