Elə qadın tanımazsan ki, qızılı sevmədiyini desin. Brilyant, təbii daş-qaşlarla bəzədilmiş zinət əşyalarından heç bir qadın imtina etməz. Tarix boyu qızıl əşyalar zəriflik və incəlik göstəricisi hesab olunsa da, günümüzdə bu hal dəyişib. Qadınların çoxu qızıla həddindən artıq önəm verməyə başlayıblar. Hətta buna “qızıl hərisliyi” adı da vermək olar. Qadınlarn qızıl əşyalara düşkünlüyünün sosioloji və psixoloji səbəblərini araşdırmağa çalışdıq.
Ən uzunömürlü metal
İlk olaraq qızıl haqqında qısa məlumat vermək istərdik. Qızıl digər metal əşyaları kimi deyil. Təbiətdə az tapılır, gözəlliyi, parlaqlığı ilə seçilir. Karroziyaya uğramır, uzunömürlüdür. Metalların içərisində çəkiclə döyülməklə ən asan şəklə salına biləndir. Ona istənilən formanı vermək olar. Məhz bu cəhəti onu zərgərlik üçün ən məşhur metal edib. Əsrlər boyunca qadınların sevimli zinət əşyaları qızıldan olub. Bu əşyalar onların cəmiyyətdə və ailədəki yerini göstərib. Zənginliyin göstəricisi hesab olunub. Bu indi də belədir. Qızıl çox yumşaq metaldır. Bu səbədən zinət əşyalarının düzəldilməsində çətinlik yaranır. Bildiyimiz “qızıl”ın tərkibində metalın özündən başqa mis, nikel və gümüş qarışığı da olur. Zərgərlər qızılın saflığını karat adlı vahidlə ölçürlər. Saf qızıl 24 karatdır. Özünə xas sarı rəngi var. Bununla yanaşı ağ və çəhrayı qızıla da rastlamaq olar. Bu qiymətli metal müalicəvi xassəyə də malikdi. Qəzıl ən qədim dərmanlardan sayılır. Gününmüzdə də, stomatologiyada, revmatizmin, depressiyanın, təzyiqin müalicəsində, xroniki yorğunluğun aradan qaldırılmasında istifadə olunur. Qızılın hətta yara sağaltmaq xüsusiyyəti də var.
“Alıcılıq qabiliyyəti yaxşıdı”
Bütün bu özəlliklərə görə qızıl dünya bazarında həm keyfiyyət, həm də kəmiyyət baxımından hər zaman dəyərli olub. Azərbaycanın toy adətlərinə görə, toyda gəlinə xeyli qızıl əşyalar hədiyyə edilir. Bu səbəbdən qızıl zinət əşyalarının əhalimiz üçün xüsusi önəmi var. Qızıl zinət əşyaların satıcısı Rəsul Hüseynov qızıl bazarının hər zaman yaxşı olduğunu deyir. Alıcılıq qabiliyyətindən şikayətçi deyil. “Qızılların qiyməti əyarına görə dəyişir. Əyar əşyanın tərkibindəki qızılın faizi ilə ölçülür. “750”-italyan, “888”-ərəb, “585”-Türkiyə əyarıdı. İtalyan qızılının qramı 40-45, ərəb 58-60, türk 38-40 manatadı. Alıcılar daha çox türk qızılına maraq göstərirlər. Qiymətlərə istehsalçı firmaların, istifadə olunmuş daş-qaşların da təsiri var”.
R. Hüseynov qadınların qızıl əşya zövqlərinin dəyişdiyindən də danışır. “Əvvəllər iri həcmli qızıl əşyalar çox satılırdı. İtalyan qızılından zəncir boyunbağlarını çox alırdılar. İndi daha çox incə modellərə maraq artıb. İncə qolbağı, boyunbağı və üzüklər yaxşı satılır”.
Qızıl sevgisinin səbəbi?
Psixoloq Günel Aslanova səbəbi belə izah edir. “Müasir dövrdə qadınların davranışlarına qərb mədəniyyətinin sürətlə və kor-koranə şəkildə mənimsənilməsi, feminizasiya, cəmiyyətin müxtəlif sosial təbəqələrdən təşkil olunması kimi amillər təsir edir. Qızıl əşyalara düşkün qadınların özlərini təsdiq etmə problemi olur. Onlar digər insanlar tərəfindən necə qiymətləndirildiklərini, ətrafda necə təəssürat doğurduqları bilmək istəyirlər. Əksəriyyətində demonstrativlik (özünü nümayiş) xüsusiyyəti var. Bu səbəbdən zinət əşyalarından aşırı şəkildə istifadə edirlər”. G.Aslanova deyir ki, Kütləvi İnformasiya Vasitələri (KİV) sayəsində zinət əşyaları haqqında informasiyalılıq çox yüksəkdir. Bu halı da yaxşı adlandırmaq olmaz. “Aztəminatlı və təminatsız ailələrdən olan gənc qadınların sosial-iqtisadi durumu ürəkaçan deyil. Onlar çox zaman ağır işlərdə işləməyə məcbur olurlar. Cazibədar dəbli geyimlərə, kosmetika və zinət əşyalarına əlləri çatmır. Bəzən həmin qadınlarda həsəd, paxıllıq, tənhalıq, atılmışlıq kimi neqativ hisslər yaranır. Bu zaman onlarda qəddarlıq, aqressivlik müşahidə edilir”.
“Özlərini təsdiq etmək istəyirlər”
Sosioloq Cavid İmamoğlunun sözlərinə görə, nəyəsə həddindən artıq maraq göstərmək həm insanın psixi durumundan, həm də sosial amillərdən asılı ola bilər. “Azərbaycan reallığında qadınlar arasında sosial təsir mexanizmləri çox güclüdü. Sosial təsirin formalarından ən güclüsü KİV-di. Adətən qadınlarımız evdar, kişilərimiz isə evdən kənar işlərlə məşğul olurlar. Televiziya kanallarının gündəlik mövzularına diqqət etsəniz, bu aşırı təsirlərin hardan qaynaqlandığı aydınlaşacaq. Əgər verlişlər insanların sosial dünyagörüşünün pozitiv inkişafı istiqamətində hazırlansaydı, bu günün mövzusu zinət əşyası olmazdı. Digər səbəb isə cəmiyyətin təsiridi. Qadınlar zinət əşyası ilə özlərini təsdiq etmək istəyirlər. Əgər qadının əhatə dairəsində olan insanların sosial dünyagörüşü zinət əşyaları və dəbdəbəli geyim çərçivəsi ilə məhdudlaşırsa, təbii ki, onun da davranışı məhz o cür olacaq. İnsan zinət əşyaları ilə, bər-bəzək ilə, dəbdəbə ilə həyatını əhatə edirsə, artıq bundan narahat olmaq lazımdı”.
Günel Səfərova
DİGƏR XƏBƏRLƏR