Azərbaycan Dillər Universitetində (ADU) uzun illər universitetdə çalışmış, görkəmli alim, pedaqoq Cəfər Cəfərovun anadan olmasının 110 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib. Universitetin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, ADU-nun Ümumi dilçilik kafedrasının professoru Fəxrəddin Veysəlli və Kitabxana İnformasiya Mərkəzinin bölmə müdiri Güllüzar Məmmədovanın birgə təşkilatçılığı ilə keçirilən dəyirmi masada universitetin Elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov, Tərbiyə işləri üzrə prorektor, professor Ələddin Əliyev, Tərcümə fakültəsinin dekanı, dosent Vilayət Hacıyev, Linqvokulturologiya kafedrasının müdiri, professor Məsməxanım Qazıyeva, Müasir fransız dili kafedrasının müdiri, professor Bilal İsmayılov, universitetin professor-müəllim heyəti, kitabxananın əməkdaşları və yubilyarın tələbələri iştirak edib.
Öncə görkəmli alim Cəfər Cəfərovun əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Fəxrəddin Veysəlli Cəfər Cəfərovun yaradıcılığı və pedaqoji fəaliyyəti haqqında danışıb. O, Cəfər Cəfərovun elmi-metodiki, tərcüməçilik və leksikoqrafik istiqamətdə gördüyü işlərdən bəhs edib. F. Veysəlli C. Cəfərovun anadan olmasının 100 illik yubileyi ilə əlaqədar ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov, həmçinin yubilyarın tələbələrinin ürək sözləri və alimin 3 məqaləsindən ibarət “100 il: C. Cəfərov (1904-2004)” adlı toplunun nəşr olunduğunu söylədi. Alimin pedaqoq kimi tələbələrinə nümunə olduğunu deyən F. Veysəlli C.Cəfərovun yetirmələrinin onun adını daim uca tutduqlarını, onunla fəxr etdiklərini bildirib.
Daha sonra dəyirmi masa iştirakçıları görkəmli alim Cəfər Cəfərov haqqında fikirlərini söylədilər, xatirələrini bölüşüblər.
Qeyd edək ki, Cəfər Mehdi oğlu Cəfərov 22 dekabr 1904-cü ildə Bakı şəhərində hərbçi ailəsində anadan olub. 1912-1917-ci illərdə Bakı şəhəri A.P. Yemilyanov adına gimnaziyada, 1918-1920-ci illərdə Bakı şəhəri IV kişi gimnaziyasında orta təhsil alıb. Orta təhsilini başa vurduqdan sonra Azərbaycan Politexnik İnstitutunun Mühəndislik fakültəsinə daxil olub, lakin müəyyən səbəblərdən təhsilini Almaniyada davam etdirib. 1922-ci ildə Almaniyanın Berlin Universitetinin nəzdində fəaliyyət göstərən Alman dilinin Tədrisi İnstitutuna daxil olub, burada təhsilini bitirdikdən sonra Berlin Kommersiya İnstitutunda təhsilini davam etdirib və buranı 1926/27-ci illərdə bitirib. 1927-ci ildə hərbiyə cəlb olunub. 1937-ci ildə Təkminləşdirmə İntitutunun nəzdində fəaliyyət göstərən Xarici dil müəllimlərinin hazırlanması üzrə kurs keçib. 1937-ci ildən V. İ. Lenin adına APİ-nin Xarici dillər fakültəsində çalışıb. 1941-1943-cü illərdə Böyük Vətən Müharibəsində iştirak edib. 1943-cü ildə yenidən V. İ. Lenin adına APİ-də pedaqoji fəaliyyətini davam etdirib. 1948-ci ildən Azərbaycan Pedaqoji Xarici dillər İnstitutunun Praktik alman dili kafedrasında baş müəllim, 1948-ci ildə Alman dili fakültəsinin dekanı, 1949-1972-ci illər Alman dilinin fonetikası kafedrasının müdiri vəzifələrində çalışıb. Fonetikanın nəzəri və metodiki mövzularında 22 məqaləsi nəşr olunub, respublikanın orta və ali təhsil müəssisələri üçün alman dili üzrə dərsliklərin həmmüəlifi, “Almanca-Azərbaycanca lüğət”in redaktoru və həmmüəlifidir, çoxlu sayda tərcümələrin müəllifidir.
1956-cı ildə İnstitutda Texniki vasitələrin tədrisi laboratoriyası, 1950-ci ildə isə onun təşəbbüsü ilə Xarici dillərin fonetikası kafedrası yaradılıb. İnstitutun ictimai həyatında aktiv fəaliyyət göstərən C. Cəfərov yaxşı müəllim olduğu qədər yaxşı tədqiqatçı, həmçinin İnstitutun partiya üzvü olub. O, eyni zamanda dilmanclıq fəaliyyəti ilə də məşğul olub.
Əmək və müharibə veteranı Cəfər Cəfərov “Şərəf nişanı” ordeni, “Böyük Vətən Müharibəsində göstərdiyi şücaətə görə”, “Əmək fəaliyyətindəki xidmətlərinə görə”, “Əmək veteranı” medalları ilə təltif olunub, Azərbaycan SSRİ-nin əməkdar müəllimi fəxri adına layiq görülüb, çoxlu sayda təşəkkürnamələri var.
Cəfər Cəfərov özlərindən sonrakı nəslin elmə və təhsilə yiyələnmələri üçün ondan öyrəndiklərini, əldə etdikləri bilik və bacarıqları əsirgəmədən gənclərə aşılayan böyük alim ordusu yetişdirib. F.Veysəlli, S.Babayev, S.Abdullayev, F.Aslanov, O.İbrahimoğlu, Ə.Qubatov, Z.Quliyev, F.Zeynalov, Ə.Hüseynov, A.Babayev, H.Quliyev, Q.Məşədiyev, İ.Məmmədli, Y.Xəlilov, Ə.Hüseynov, S.Abdullayev, H.Arzulu, Ş.Şabanov, F.Aslanov, V.Hacıyev, D.Veysəlova, F.Hacıyeva, F.Əlimirzəyeva, M.Səfərov, S.Zeynalova, N.Seyidəliyev, Y.Mürşüdov, S.Adışeva, U.Aslanova, habelə hal-hazırda dünyasını dəyişmiş N.Ağazadə, S.Pepinova, T.Əhmədova, Ə.Əliyeva, Ş.Abdullayeva, Ç.Qurbanlı, B.Həsənov, İ.Məmmədov, Z.Ağayev kimi tanınmış və görkəmli ziyalıların adlarını çəkmək olar.
DİGƏR XƏBƏRLƏR