Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Azərbaycanda neft gəlirləri hara yönəldilir? - Araşdırma

Kütləvi turizmin inkişafına, yoxsa…

Azərbaycanın neft ixracından əldə etdiyi gəlirlərin sürətli artımı, heç şübhəsiz ki, ölkə iqtisadiyyatının inkişafinı təmin edən ən mühüm amillərindən biridir. Dövlət başçısının 2011-ci il iyulun 12-də Nazirlər Kabinetinin ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bəyan etdiyinə görə, ölkəmizin strateji valyuta ehtiyatları durmadan artmaqdadır. Belə ki, 2011-ci ilin əvvəlindən bəri Azərbaycanın strateji valyuta ehtiyatları 9 milyard dollar artaraq, hazırda 38 milyard dollar təşkil edir. Bu, Azərbaycan hökumətinə ölkənin ən mühüm problemlərindən biri olan – iqtisadiyyatın diversifikasiyası problemini həll etmək üçün gözəl imkanlar yaradır. Problem isə yalnız həmin imkanlardan səmərəli şəkildə istifadə etməkdən ibarətdir.
Mütəxəssislərin rəyinə, Azərbaycan iqtisadiyyatının diversifikasiyasına nail olunmasının ən perspektivli istiqamətlərindən biri turizmin inkişafıdır. Onlar hesab edirlər ki, məhz turizm sahəsi neft ehtiyatlarının tükənməsindən sonra ölkəni stabil şəkildə xarici valyuta ilə təmin edə biləcək əsas mənbələrdən biri ola bilər. Azərbaycanın zəngin coğrafi landşaftı, ölkədə rəngarəng iqlim qurşaqlarının olması, eləcə də çoxsaylı qədim tarixi-mədəni abidələrinin mövcudluğu turizmin ən müxtəlif növlərinin inkişafı üçün əlverişli imkanlar yaradır.

Ərəb ölkələrindəki inqilablar Azərvaycana müsbət təsir edib

Eyni zamanda, nəzərə almaq lazımdır ki, son aylar ərzində beynəlxalq aləmdə baş verən hadisələr, ilk növbədə, ərəb ölkələrindəki inqilablar, Avropa və Rusiyadan olan turistlərin Yaxın Şərqdəki ənənəvi turizm mərkəzlərinə olam marağının azalmasına səbəb olmuşdur. Bir sıra yerli mütəxəssislər güman edirlər ki, belə bir vəziyyətdə rusiyalı turistlərin təxminən 10-15%-ni Azərbaycanın turizm obyektlərinə cəlb etmək üçün potensial imkan vardır. Bu isə ən azından bir neçə yüz min adam və onların Azərbaycan büdcəsinə verəcəyi milyonlar deməkdir. Lakin gəlin baxaq - Azərbaycanın həmin potensialı gerçəkliyə çevirmək imkanı nə dərəcədə realdır?
Doörudur, birmənalı şəkildə demək olmaz ki, Azərbaycan hökumətində bu sahənin inkişafının əhəmiyyətini lazımılnca dəyərləndirmirlər. 2011-ci ilin rəsmi şəkildə Azərbaycanda “turizm ili” elan olunması da bunu bir daha təsdiqləyir. Lakin bəla burasındadır ki, bir çox başqa sahələrdə olduğu kimi turizmin inkişıfı üçün atılan addımlar kampaniya xarakteri daşıyır və ən yaxşı halda iqtidarın növbəti piar-aksiyasından başqa bir şey deyildir. Ən başlıcası isə, turizmin inkişafı üçün Azərbaycanda seçilmiş strategiya kökündən yanlışdır. Bu mənada tan qətiyyətlə demək olar ki, belə yanlış siyasətin gələcərdədə davam etdirilməsi turizmin Azərbaycan iqtisadiyyatının əsas sahələrindən birinə çevrilməsi şansını sıfıra endirəcəkdir.
Əlbəttə, inkarolunmaz faktdır ki, son illərdə bu sahənin inkişafına xeyli sərmayə qoyulur ki, bunun da xeyli hissəsini neft gəlirləri təşkil edir. Lakin qoyulmuş sərmayələrin müqabilində heç də həmişə lazımı effekti əldə etmək mümkün olmur ki, bunun da bir neçə səbəbləri vardır. Birincisi, Azərbaycanda turizmin inkişafına ayrılmış vəsaitlərin xeyli hissəsi ölkədə dəbdəbəli premium-klass otellərin inşasına yönəldilir.
Bu yaxınlarda Bakının Badamdar qəsəbəsində növbəti beşulduzlu “Kempinski” otelinin təntənəli açılışı oldu. Mədəniyyət və turizm naziri Ə. Qarayevin bildirdiyinə görə, cari ilin sonuna kimi Bakıda daha 4 yeni beşulduzlu otelin istifadəyə veriləcəyi gözlənilir. Azərbaycan rəsmiləri da son dövrlərdə ölkədə inşa olunan 5 ulduzlu otellərin sayı barədə fəxrlə danışırlar və bunu turizmin inkişafının göstəricisi kimi qələmə verməyə çalışırlar. Lakin bu kökündən yanlış yanaşmadır, çünki həmin beşulduzlu otellər Azərbaycanda kütləvi turizmin inkişafına ciddi təkan vermək iqtidarında deyildir. Belə ki, bu tip otellərin xidmətindən istifadə etmək imkanında olan insanların sayı çox məhduddur.

5 ulduzlu oteller 2-3 ulduzlu otellərdən çoxdur

Nəzərə almaq lazımdır ki, bütün dünyada kütləvi turizmin əsaını sıravi istehlakçıya nisbətən ucuz qiymətə xidmətlər təklif edən iki və üç ulduzlu otellər təşkil edir. Bakıda və Azərbaycanın bölgələrində isə belə otelləri barmaqla saymaq olar. Məhz bu amil Azərbaycanda turizmin inkişafına mane olan ən mühüm səbəblərdən biridir. Bu azmış kimi, onlar təklif etdikləri xidmətlərin əvəzində həddən artıq yüksək qiymətlər tələb edirlər.
Məsələn, Bakının və Azərbaycanın bölgələrindəki üçulduzlu otellərində 1 gecə qalmaq minimum 60-70 dollara başa gəlir. Halbuki, Parisin Opera məhəlləsində eyni tipli otelin qiyməti 1 nəfər üçün cəmi 40 avro təşkil edir. Ümumiyyətlə, Azərbaycandakı otellərdəki qiymətlər nəinki Avropa otellərinin qiymətlərindən geri qalmır, bir çox hallarda hətta onları üstələyir də. Hərçənd ki, sıravi Azərbaycan vətəndaşının alıcılıq qabiliyyəti və gəlir səviyyəsini avropalılar ilə müqayisə etməyə belə dəyməz. Avropa ölkələri və qonşu Türkiyə ilə müqayisədə Azərbaycan otellərindəki xidmətin səviyyəsinin qat-qat aşağı olmasını da bura əlavə etsək, onda tam qanunauyğun haldır ki, “turizm il”ində belə azərbaycanlılar ölkə xaricində istirahət etməyə üstünlük verirlər.
Bu vəziyyəti dəyişməkdən ötrü isə Azərbaycanda turizmin inkişafı strategiyasına ciddi dəyişikliklər etmək tələb olunur. Sərmayələr və neft gəlirləri, ilk növbədə, cıravı vətəndaşlar üçün nəzərdə tutulmuş nisbətən ucuz iki- və üçulduzlu otellər şəbəkəsinin genişləndirilməsinə yönəldilməlidir. Bu baxımdan bütün dünya geniş yayılmış hostellərin Azərbaycanda da yaradılmasına böyük ehtiyac var.
Ədalət naminə qeyd etmək lazımdır ki, Azərbaycanın turizm obyektlərindəki yüksək qiymətlərin əsas səbəbi heç də sahibkarların tez və böyük gəlir əldə etmək istəyi deyil, ölkədə tüğyan edən korrupsiya hallarıı və müxtəlif yoxlamalardır. Mütəxəssislərin hesablamalarına görə, müxtəlif dövlət strukturlarının Azərbaycanın turizm obyektlərində həyata keçirdiyi əsassız yoxlamalar bu sahədə qiymətlərin təxminən 20-30% artmasına gətirib çıxarır.
Xarici turistləri Azərbaycanda istirahətdən çəkindirən ən mühüm səbəblərdən biri də ölkədə təyyarə biletlərinin qiymətlərinin və aeroport rüsümlarının yüksək səviyyəsədə olmasıdır. Müqayisə üçün deyək ki, Tiflisdən İstambula 79 avroya uçmaq mümkün olduğu halda, Bakı-İsatmbul reysinə təyyarə biletinin quyməti isə bundan təxminən 4 dəfə bahadır.


Aviabiletlərin bahalığı turistlərin gözünü qorxudur

Təyyarə biletlərinin şişirdilmiş qiymətləri Azərbaycanda istirahət etmək arzusunda olan az saylı xarici turistləri belə öz planlarından əl çəkməyə vadar edir. Məsələn, rusiyalı turist 500-600 dollara Türkiyədə 1 həftə ərzində dincələ bilər. Bu məbləğə 3 ulduzlu oteldə qalmaq, gündə 2 dəfə yemək, aeroportdan transfer və Moskva-Antalya-Moskva təyyarə biletinin qiyməti daxildir. Halbuki, təkcə Moskva-Bakı-Moskva təyyarə biletinin qiyməti elə 500-600 dollar təşkil edir. Azərbaycanın turizm şirkətlərindən bəziləri Bakı aeroportundan otelə və əksinə tarnsfert üçün əlavə olaraq 100 dollar tələb edirlər. Halbuki, Türkiyənin əksər otellərində bu xidmət növü tamamilə pulsuzdur.
Digər tərəfdən, Bakının Binə hava limanında aeroport rüsumu 36 manat təşkil etdiyi halda, ABŞ aeroportlarında həmin rüsum cəmi 12-15 dollardır. Bakıdakı aeroport rüsumunun məbləğinə İspaniyadan Mərakeşə üçmaq mümkündür (biletin qiyməti – 26 avrodur). Əgər Bakı aeroportunda istisnasız olaraq bütün xidmətlərdəki (sərhəd, gömrük, yüklərin verilməsi və s.) süründürməçiliyi də bura əlavə etsək, onda ölkədə turizmin inkişaf səviyyəsinin aşağı olmasına təəccüblənməyə belə dəyməz.
Azərbaycanda turizmin inkişafına mənfi təsir göstərən amillərdən biri də ölkənin nəqliyyat infrastrukturunun lazımi səviyyədə olmamasıdır. Hərçənd ki, ölkənin nəqliyyat şəbəkəsinin inkişafına yönəldilən neft gəlirlərinin həcmi artıq milyonlarla deyil, milyard dollarlarla ölçülür. Bu onunla izah olunur ki, həmin sahənin inkişafına yönəldilən sərmayələrin effektivlik dərəcəsi həddindən artıq aşağı səviyyədədir.
Məsələn, Azərbaycan kimi kiçik ölkələrdə avtomobil yolları şəbəkəsinin inkişafı həlledici əhəmiyyət kəsb edir. Lakin son illərdə bu sahəyə külli miqdarda vəsait yönəldilsə də, Azərbaycanda əsas avtomobil magistrallarının qənaətbəxş səviyyədə olmasını iddia etmək mümkün deyildir. Belə ki, son illərdə istifadəyə verilmiş və inşasına milyonlar xərclənmiş Bakı-Quba və Ələt-Hacıqabul magistrallarının artıq ciddi təmirə ehtiyacı vardır. Kürdəmirı-Qazax və Ələt Astara avtomobil yollarının yenidən qurulması isə illərlə davam edir.
Neft gəlirlərinin Azərbaycanın bölgələrindəki hava limanlarının yenidən qurulmasına yönəldilməsi isə israfçılıqdan başqa bir şey deyildir. Məsələn, Gəncə, Zaqatala və Lənkəran aeroportlarının yenidən qurulmasına milyonlar xərclənsə də, onlar özünü doğrultmadı. Belə ki, həmin şəhərlərdən Bakıya həyata keçirilən təyyarə reysləri rentabelli deyidir və hər belə reysdə təyyarədə cəmi 3-4 sərnişin olur. Yerli təyyarə reyslərinə biletlətlərin ucuzlaşması belə çətin ki, bu sahədəki vəziyyəti dəyişsin. Bu acı təcrübəyə baxmayaraq, Azərbaycan hökuməti Qəbələ şəhərində daha bir beynəlxalq aeroport istifadəyə verməyə hazırlaşır. Hərçənd ki, artıq bu gün tam əminliklə demək olar ki, Qəbələ aeroportunu da Lənkəran və Zaqatala hava limanlarının taleyi gözləyir. Çoz güman ki, Qəbələ aeroportunun fəaliyyəti Azərbaycanın məlum oliqarxlarına və onların qonaqlarına xidmət göstərməklə məhdudlaşacaq. Halbuki, əsasını neft gəlirləri təşkil edən bu milyonlardan sıravi ölkə vətəndaşlarının gəlirlərinə uyğun turizm obyektlərinin inşasına yönəltmək olardı.
Yuxarıda deyilənlərdən belə nəticə çıxarmaq olar ki, Azərbaycanda neft gəlirlərindən kütləvi tirizmin inkişafı üçün deyil, Azərbaycan rəsmilərinin və oliqarxlarının əcnəbi qonaqları qarşısında lovğalanması üçün gərəkli olan dəbdəbəli beçulduzlu otellərin və digəq infrastruktur obyektlərin inşası üçün istifadə olunur.

M.Qəhrəmanlı








6 Avqust, 2011  15:07 Baxılıb: 1339 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner