Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

Müdafiə nazirini kimlər hədəfə çıxarıb: General Zakir Həsənovun ordudakı islahatları müqavimətlə qarşılanıb

Son günlər Azərbaycan Müdafiə Nazirliyində aparılan ciddi kadr dəyişiklikləri cəmiyyətin diqqətini yenidən bu sahədə nələrin baş verdiyini öyrənməyə kökləyib.  Xüsusən də müdafiə naziri Səfər Əbiyevin vəzifəsindən çıxarılaraq yerinə Zakir Həsənovun təyin edilməsindən sonra Orduda həyata keçirilən sürətli islahatlar və ölkədə müharibə, xüsusən də vətənpərvərlik əhval-ruhiyyəsinin get-gedə güclənməsi fonunda Müdafiə Naziriliyində indi yenidən başlamış kadr dəyişiklikləri bir neçə aspektdən diqqət çəkir.

Ordu ilə bağlı məlumatların mediadan qapalı saxlanması, düşmənin bu mövzudakı məlumatlardan ölkə əleyhinə istifadə etmək ehtimalı bir çox məsələlərin üzərindən sükutla keçilməsini şərtləndirsə də, cəmiyyət üçün açıq olan bəzi informasiyaların təhlili olduqca maraqlı müzakirələrə yol açıb: qısaca, onu deyək ki, hazırda aparılan kadr dəyişikliklərini Prezidentin Ordunu gücləndirmək istiqamətində Zakir Həsənovla başlatdığı islahatların növbəti davamı olaraq qiymətləndirənlər də var, Ordu daxilində bu islahatlardan narahat olanların özünümüdafiə üçün gördüyü tədbirlərin nəticəsi kimi dəyərləndirənlər də... Hətta məsələni Ordu üzərində gizli şəkildə aparılan Qərb-Rusiya savaşı kontekstində şərh edənlər də az deyil.

Bəs, əsil gerçəklikdə nə baş verir?

Şübhəsiz, aparılan dəyişikliklərin xarakterinə nəzər salanda, bəzi məqamlar avtomatik olaraq, öz-özünə çözülür və hər hansı mürəkkəb kombinasiyalar qurmağa və ya onu təhlil etməyə də ehtiyac qalmır.

Məsələn, son bir həftə ərzində Müdafiə Nazirliyində aparılan kadr dəyişiklikləri ilə bağlı yayılmış məlumatlara baxaq: “Ali Baş Komandan İlham Əliyevin qərarına əsasən, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi general-mayor Mirzə Almasov, Baş Hərbi İnspeksiyasının rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Fəxrəddin Cəbrayılov tutduğu vəzifədən kənarlaşdırılıb”. Maraqlıdır ki, bu xəbərdən 3 gün sonra isə Müdafiə Nazirliyində daha bir sensasiyalı kadr dəyişikliyi haqda məlumat yayılıb: “Müdafiə nazirinin müavini, Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi, general-mayor Qorxmaz Qarayev tutduğu vəzifədən azad edilib”.

Məlumatlarda göstərilir ki, nazir müavini Qorxmaz Qarayev vəzifəsindən azad olunaraq, Şəmkir korpusunun komandanı Rövşən Əkbərovun müavini təyin edilib. Q.Qarayevin yerinə isə polkovnik Fuad Məmmədov təyin olunub. General-mayor Mirzə Almasov və general-mayor Fəxrəddin Cəbrayılov müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə Ali Hərbi Akademiyada dərs deməyə göndəriliblər. Bundan əlavə, Müdafiə Nazirliyinin Mənəvi psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, polkovnik Rüfət Əmirov isə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi vəzifəsinə təyin olunub...

Beləliklə, vəzifədən çıxarılanların Müdafiə Nazirliyi sistemində hansı postları tutduqlarına və kimlərin kimlərlə əvəzləndiklərinə diqqət yetirmək kifayətdir ki, məsələnin kökündə nəyin yatdığı aydınlaşsın...

Qeyd edək ki, bu mövzuda yazı yazmaq istəyərəkən, məsləhətləşdiyimiz keçmiş hərbçilərdən biri Strateq.az-a qənaətlərimizi gücləndirəcək kifayət qədər maraqlı faktlar söyləyib. Həmin hərbçinin söylədiyinə görə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə keçirilən son toplantıda korrupsiya halının xüsusi müzakirə olunması faktı kadr dəyişikliklərinin xarakterinə işıq salmaqla bərabər, həm də Orduda çoxdandır gəzən “qruplaşmalararası rəqabət” mövzusunu da yenidən aktuallaşdırıb və hərbçilər məsələnin kökündə heç də hər hansı siyasi çalar axtarmırlar, əksinə baş verənləri “iqtisadi maraqların toqquşması” kontekstində yaranan vəziyyət kimi dəyərləndirirlər.

Sabiq hərbçinin dediyinə görə, Zakir Həsənov Müdafiə naziri təyin olunduqdan sonra onun Ordudakı ənənəvi idarəçilik sistemini dəyişməsi, xüsusən də Ordunun təchizatı məsələsində yol verilmiş maxinasiyaların kökünü kəsəcək addımlar atması, istər-istəməz, onu təkcə Səfər Əbiyevin yox, həm də Orduda dərin rişələrlə kök atmış, kadr təyinatı məsələlərində ciddi söz sahiblərindən olan daha iki generalın – Baş Qərargah rəisi Nəcməddin Sadıkovla, Azərbaycan Prezidentinin köməkçisi, 30 noyabr 2012-ci ildən isə Prezidenti Administrasiyası rəhbərinin müavini olan Vahid Əliyevin adamları ilə toqquşdurub: “Yeni nazirin prinsipiallığı, Müdafiə Naziriliyindəki bir sıra strateji yerlərdəki kadrları dəyişməsi və bu məsələdə də ancaq Prezidentin iradəsi ilə hərəkət etməsi, hesabatlılıq məsələsində də yalnız Ali Baş Komandanla kifayətlənməsi ona olan qısqanc münasibəti daha da gücləndirib. Nazir Zakir Həsənovdan narazı düşənlər yavaş-yavaş öz “day-daylarına” şikayətlə yetməyiblər, hətta əlaltından Zakir Həsənovun irəli çəkdiyi kadrların fəaliyyət sahəsindəki çatışmazlıqları da bir az da şişirdilmiş şəkildə yazılı şəkildə müxtəlif instansiyalar ötürməyə başlayıblar. Bunu Zakir Həsənov da yaxşı bilir və hətta Orduda yayılan məlumata görə, vəziyyəti ölkə rəhbərliyinə də məruzə edib. Elə Prezident də məsələni bildiyindən, son müşavirədə açıq şəkildə hər kəsə göstəriş verib ki, Zakir Həsənova köməklik etsinlər, heç kim ona maneçilik törətməyə cürət etməsin...”.

Mənbəmizin dediyinə görə, Zakir Həsənova maneçilik törədənlərin əsasən Nəcməddin Sadıkova və həmçinin Vahid Əliyevə yaxın hərbçilərdən ibarət olması artıq kimsəyə gizlin deyil və faktiki olaraq, onlar neçə vaxtdır yeni nazirə qarşı güclü müttəfiqə çevriliblər.

Mənbə buna misal kimi, bir xeyli əvvəl baş vermiş bir hadisəni də diqqətə çatdırıb: “Zakir Həsənov nazir təyin edildikdən sonra öz komandasını formalaşdırmaq istəsə də, daxildən Nəcməddin Sadıkovun, kənardan isə Vahid Əliyevin ciddi müqavimət və təzyiqləri ilə üzləşdi. Təsəvvür edin ki, hələ Səfər Əbiyevin dövründə məhz Vahid Əliyevlə Nəcməddin Sadıkovun təqdimatı və dəstəyi ilə general rütbəsinədək yüksələn Tərbiyəvi İşlər İdarəsinin rəisi Vaqif Məmmədov Zakir Həsənovun təyinatından az sonra birdən-birə “4 pillə” yüksəldildi. O, nazirlikdə 4 mühüm idarənin bazasında yaradılan “super qurum”a rəis gətirildi. Təbii ki, bu, Zakir Həsənovun iradəsindən tam kənar baş verdi. Yeni nazir isə balansı qorumaq və gərginliyin dərinləşməməsi üçün bu təyinata imza atdı. Ancaq diqqət edin, bu general həmin “super idarə”yə cəmi 3 aya qədər rəhbərlik edə bildi. Zakir Həsənov təxminən 1 ay sonra onu məcburi məzuniyyətə göndərdi. Məzuniyyətdən qayıtdıqdan sonra isə o, artıq “super idarə”nin rəisi deyil, “icraçı rəis” idi. Yəni Vaqif Məmmədova həmin “super qurum”un rəisliyi müvəqqəti həvalə olundu. Genaral Vaqif Məmmədov və onun hamiləri, dirəniş göstərsələr də, Zakir Həsənov geri çəkilmədi. Belə bir ərəfədə isə rəqib qruplar Zakir Həsənovu çox incə bir «oyun»la gözdən salmağa cəhd göstərdilər”.

Keçmiş hərbçi bu “oyun”un nədən ibarət olmasına da aydınlıq gətirib: “Ordu ilə bağlı video-rolik hazırlatmışdılar. Həmin rolikdə Ordu quruculuğunda mərhum Heydər Əliyevlə Ali Baş Komandan İlham Əliyevdən daha çox məhz Zakir Həsənova müqavimət göstərən generalların xidmətləri qabardılırdı. Təbii ki, roliki Müdafiə Nazirliyi hazırlatdığından, bu, qurumun rəhbəri kimi,  istənilən an nazir Zakir Həsənovun adına bağlanacaqdı və onun gözdən salınması üçün Ali Baş Komandana təqdim oluna bilərdi. Lakin həmin vaxt Naxçıvanda səfərdə olan nazir bu rolikdən xəbər tutur və dərhal da həmin rolikə məsul olan Vaqif Məmmədova sərt xəbərdarlıq edərək, onu vəzifəsindən uzaqlaşdırır. Beləliklə, general Vaqif Məmmədovun 4 idarəni özündə birləşdirən “super qurum”un rəisi postundakı icraçı rəis karyerasına da son qoyulur. Ancaq nazir Zakir Həsənov bu dəfə də vəziyyəti dramatikləşdirməmək üçün onu Azərbaycanın Özbəkistandakı səfirliyinə hərbi ateşe təyin edir. Diqqət edin, bir ildən çoxdur bu hadisə, yəni Vaqif Məmmədovun “super qurum”un rəhbərliyindən uzaqlaşdırlması və attaşe təyin olunması baş verib. Ancaq general Vaqif Məmmədov hələ də Özbəkistana getməyib. Düzdür, bunu maliyyənin ayrılmaması ilə izah edənlər də var. Ancaq avqustun 13-dən Müdafiə Nazirliyndə baş verən kadr dəyişiklikləri ortaya yeni şübhələr çıxarıb. Sanki, rəqib qruplar vəziyyətin dəyişəcəyinə ümid edərək, gözləyiblər, onun gedişini əngəlləyiblər...».

Zakir Həsənovun bütün gücü ilə ordunun itən nüfuzunu, əsgərlərin ruh yüksəlişini qaldırmağa, onların normal qidalanmasını təmin etməyə çalışdığını deyən mənbə təəssüflə bildirir ki, nazirin bu addımları rəqiblərinin iqtisadi maraqlarına toxunduğundan, son vaxtlar xüsusən də Nəcməddin Sadıkova yaxın korpus komandirləri bu istiqamətdə ona problemlər yaradıblar: «Baxın, Zakir Həsənov nazir təyin edilən kimi, Səfər Əbiyevin vəzifədən uzaqlaşdırdığı keçmiş döyüşçü Qorxmaz Qarayevi vəzifə başına gətirdi və ona orduda ən çox korrupsiyanın olduğu sahəni etibar etdi. Təsəvvür edin ki, Səfər Əbiyev onu vursa da, məhz Zakir Həsənov onun nazir müavini vəzifəsinə təqdimatını şəxsən verib. Üstəlik, Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi təyin edib. Bundan sonra orduya verilən bütün ərzaq növləri ciddi nəzarətə alınıb. Bəli, Zakir Həsənovun tapşırığı ilə Qorxmaz Qarayev kimsəyə malın keyfiyyətində güzəştə getməyib. Hətta orduya verilən bütün növ ərzaq və digər malların keyfiyyəti birə-beş artırılıb. Nazir Zakir Həsənov kimi, Qorxmaz Qarayevin özü də şəxsən mal və məhsulların keyfiyyətini yerində yoxlayırmış. Bu isə fürsətçil iş adamları və onların ordudakı himayədarlarının iqtisadi maraqlarına böyük zərbə demək idi. Təsəvvür edin ki, təhvil verilən ərzaq və digər məhsulların yoxlanışı zamanı Vahid Əliyevin, Nəcməddin Sadıkovun iradəsinə zidd olaraq elə şirkətlərin malları geri qaytarılıb ki, adlarını çəksəm, heyrətlənərsiniz. Elə bu cür prinsipiallıq son vaxtlar orduya verilən ərzağın keyfiyyətinin də xeyli dərəcədə yüksəlməsində ciddi rol oynayıb... Ancaq qeyd etdiyim kimi, nazirin bu prinsipiallığı rəqib qrupları daha da qəzəbləndirdi. Son nəticədə isə, Qorxmaz Qarayev hədəfə gətirldi. Bəli, bu gün Qorxmaz Qarayevin «vurularaq», xeyli aşağı vəzifəyə göndərilməsi birbaşa Zakir Həsənova xəbərdarlıq sayıla bilər. Sanki, nazirin ən etibarlı adamlarını korrupsiya ittihamı ilə «budamaq»la, ona mesaj verirlər. Etiraf etmək lazımdır ki, orduda iqtisadi maraqları olan qruplar qismən məqsədlərinə çatdılar da. Elə Qorxmaz Qarayevin yerinə təiyn edilən polkovnik Fuad Məmmədovun Vahid Əliyevin ən etibarlı adamlarından biri sayılması da az şey demir».

Məlumatlı şəxs son olaraq deyib ki, Zakir Həsənovun ordudakı təsirini azaltmaq, onu öz iradələrinə tabe etdirmək istəyən qruplar hazırda cəmiyyətə «vurulanlar»ın məhz yeni nazirə yaxın hərbçilər olduğunu qabardaraq, bunu Zakir Həsənovun əleyhinə çevirmək istəsələr də, ölkə Prezidenti son müşavirədə Orduda intriqa yaradan generallar haqda tam məlumatlı olduğunu və onları istənilən vaxt cəzalandıra biləcəyi əzmini nümayiş etdirib: “Mətbuatda yayılan məlumata görə, Prezident ordu generalları ilə keçirilən toplantıda “Kimliyinə və dünənə kimi hansı xidmətlərinin olmasına baxmayaraq, Müdafiə Nazirliyinin bir qrup vəzifəli şəxslərinə sonuncu dəfə xəbərdarlıq edirəm” ifadəsini işlədib. Bu, kimlərə ünvanlanıb, bəllidir. Eyni zamanda, Prezident müşavirədə iştirak edən generalların qarşısına müdafiə naziri Zakir Həsənovun apardığı işlərdə dəstək olmağı, ordunun döyüş hazırlığının yüksəldilməsində, zabit və əsgərlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması işlərində ona yardımçı olmağı, hərtərəfli kömək göstərilməsini bir vəzifə olaraq generalların qarşısına qoyub. Bu fakt özü də bir daha təsdiqləyir ki, Prezidentin Zakir Həsənova inam və etibarı çox böyükdür və rəqiblərinin onu «korrupsiya ittihamı» ilə ölkə rəhbərliyinin və cəmiyyətin gözündən salmağa çalışması çox çətin olacaq. Hətta ola bilsin ki, yaxın günlərdə bu istiqamətdə növbəti ciddi addımlar da atılsın – xüsusən də Nəcməddin Sadıkova güvənib dikbaşlıq edən bəzi korpus və briqada komandirlərinin də cəzalandırılacağı gözlənilir”.






18 Avqust, 2015  08:00 Baxılıb: 3495 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55