Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

ADI KÖÇKÜNLƏRİN, DADI YERLİLƏRİN – Araşdırma

Məcburi köçkünlər üçün tikilən mənzillərin pulla satıldığına dair iddialar var 

Azərbaycana daxil olan neft pullarının xərclənmə mənbələrindən biri də “Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirləri” layihəsidir. Neft Fondundan birbaşa maliyyələşmə nəticəsində layihəyə 2001-ci ildən indiyədək ümumilikdə 765,0 milyon manat, o cümlədən cari ilin 1-ci yarımilliyi üzrə 47,2 milyon manat vəsait ayrılıb.
Bu ilin büdcəsindən ümumilikdə 140 milyard manatın ayrılması planlaşdırılıb. Ayrılmış vəsait hesabına Azərbaycanın müxtəlif bölgələrində enerji, qaz, su təchizatı və digər zəruri sosial və texniki infrastruktur sistemləri ilə təmin edilən yeni yaşayış qəsəbələrinin salındığı bildirilir. Fondun saytında göstərilir ki, bu müddət ərzində 17 709 ev, 4 musiqi məktəbi, 39 uşaq bağçası, 5 xəstəxana, 4 tibb məntəqəsi, 7 ambulatoriya, 23 feldşer-mama mərkəzi, 35 icma mərkəzi, 10 yanğınsöndürmə deposu, 44 inzibati bina, 33 rabitə qovşağı, 8 baytarlıq məntəqəsi, 31 hamam, 1 olimpiya idman kompleksi, 207 artezian quyusu, 127 su anbarı, 40 nasos stansiyası, 495 yüksək gərginlikli və kiçik transformatorlar, 20 elektrik yarmstansiyası tikilib, 596,5 kilometr yol çəkilib, 559,1 kilometr su, 1,0271 kilometr elektrik, 1084 km qaz, 29,8 km kanalizasiya xətti çəkilib, 10,453 km irriqasiya işləri görülüb.
Qeyd olunan tədbirlərin maliyyələşdirilməsi üçün ayrılan vəsaitlər Dövlət Neft Fondu tərəfindən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, habelə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən təqdim edilmiş və müvafiq qaydada əsaslandırılmış sifarişləri əsasında adı çəkilən qurumların dövlət xəzinədarlığındakı hesablarına köçürülür və sonra sifarişçi təşkilatlar tərəfindən podratçı təşkilatlara ödənilir. Məcburi köçkünlərin sosial, mənzil-məişət vəziyyətinin yaxşılaşdırılması və məşğulluğunun təmin edilməsi tədbirləri ilə bağlı işlərin sifarişçisi kimi Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu çıxış edir. Sifarişçi təşkilat layihələrin icrasına cari nəzarəti həyata keçirir, müvafiq tenderlərin keçirilməsini və digər müvafiq prosedurların aparılmasını təmin edir, yerlərdə açılmış ofisləri vasitəsilə işlərin icrasını təşkil edir və əlaqələndirir. Təəssüflə qeyd etməliyik ki, bir neçə dəfə sorğu verilməyinə rəğmən tikilən evlərin, salınan yolların, infratruktur obyektlərinin dəyəri ilə bağlı dəqiq məlumat almağımız mümkün olmayıb. Maraqlıdır ki, komitədən bu rəqəmləri fonddan ala biləcəyimiz bildirilir, fonddan isə komitənin adı çəkilir. Qeyd edilməli olan vacib məqamlardan biri də odur ki, Neft Fondunun, büdcənin və Qaçqın və Məcburi Köçkünlərlə İş üzə Dövlət Komitəsinin açıqlamalarının hər birində layihə üzrə ümumilikdə ayrılmış vəsaiti ifadə edən rəqəmlər müxtəlifdir. Məsələn, komitə sədri Əli Həsənov bu ilin əvvəlində keçirdiyi mətbuat konfransında indiyədək layihə üzrə 860 milyon manat ayrıldığını bildirmişdi. Neft Fondunun saytında 2011-ci ilin iyulun 1-nə olan statistikaya əsasən isə bu rəqəm 765 milyon manatdır. Hər bir halda söhbət təxminən 1 milyard dollardan getsə də, təəssüflər olsun ki, Neft Fondundan maliyyələşən digər layihələrdə olduğu kimi, bu layihədə də şəffaflıqdan danışmaq qeyri-mümkündür. Qaçqın və məcburi köçkünlər üçün salınan qəsəbələrlə, tikilən evlərlə bağlı ictimaiyyətə heç bir detallı məlumat verilmir. Tikinti layihələrini hansı şirkətlər reallaşdırıb, onlar hansı tenderlər nəticəsində müəyyənləşib, bir mənzil neçəyə başa gəlib, bir məktəb, xəstəxana və s. bu tip obyektə nə qədər vəsait xərclənib, bu kimi suallar hər zaman açıq qalıb. Salınan qəsəbələrlə, tikilən evlərlə bağlı bütün açıqlamaların, məlumatların eksklüziv müəllifi rolunda Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi və (“Qaçqınkom”) qurumun sədri çıxış edir. Lakin açıq qalan suallarla ona edilən müraciətləri çox təəssüflər olsun ki, Əli Həsənov da cavablandırmır.

Qaçqın evləri neçəyə başa gəlir?
Layihə başlayandan bəri Ağdam, Füzuli, Biləsuvar, Goranboy, Sabirabad, Ağcabədi, Beyləqan, Qəbələ rayonlarında qaçqın və məcburi köçkünlər üçün bütün infrastrukturu ilə birlikdə yaşayış qəsəbələri salınıb, Azərbaycanın digər bölgələrində, o cümlədən Şəmkir, Ağstafa, İsmayıllı, Oğuz, Şəki, Gədəbəy rayonlarında, Naxçıvan Muxtar Respublikasında, Bakı, Sumqayıt, Yevlax şəhərlərində, Mehdiabad, Ramanı, Pirşağı və Fatmayı qəsəbələri ərazisində məcburi köçkünlər üçün yaşayış evlərinin, müvafiq sosial-mədəni və digər obyektlərin tikintisi həyata keçirilib. Dəqiqləşdirilməmiş məlumatlara görə isə rayonlarda məcburi köçkünlər üçün tikilən evlər üçün büdcədən bir neçə dəfə çox vəsait silinir. Qəsəbələrdən birinin tikintisində iştirak edən mütəxəssisin sözlərinə görə, həmin evlər otaq sayından asılı olaraq təxminən 8-10 min manata başa gəlir. Lakin rəsmi sənədlərdə minimum 15 manat silinir. Yəni ən az iki otaqlı mənzillərə pul silinir ki, orada da söhbət real dəyərdən əlavə 5 min manatdan gedir. 3 otaqlılar isə büdcəyə 18 min manata “başa gəlir”.
Məsələ ondadır ki, qəsəbələrin açılışı, binaların təhvilvermə mərasimlərində məişət əşyaları ilə təchiz olunmuş evlər təqdim olunur, lakin araşdırmalar göstərir ki, əslində məcburi köçkünlərə verilən evlər tamamilə boş olur. Həmin mənzillərin keyfiyyətindən danışmaq isə yersizdir desək, yanılmarıq. Bu layihənin icrasına 2001-ci ildən başlanıb. Müşahidələrimizə əsaslanıb deyə bilərik ki, 7-8 il əvvəl tikilib istifadəyə verilən evlər artıq məcburi köçkünlərin özləri tərəfindən yenidən inşa edilib.
Məcburi köçkünlər üçün tikilən mənzillər pulla satılır
Qaçqın və məcburi köçkünlər üçün tikilən mənzillərlə bağlı problem yalnız onların keyfiyyətsiz inşa edilməsində, yaxud büdcəyə “baha başa gəlməsində” deyil. Məsələ ondadır ki, adı məcburi köçkünlərin olan evlər onların özlərinə pulla satılır. Özü də nə az, nə çox, büdcədən silinən pulların yarısı dəyərində. Məsələn, Ağdamın Quzanlı kəndində salınan qəsəbədən ev almaq üçün məcburi köçkünlərdən 5-8 min manat rüşvət istəmələri barədə mətbuatda dəfələrlə məcburi köçkünlərin özlərinin açıqlamaları dərc edilib. Araşdırmalarımız zamanı üzə çıxan maraqlı məqamlardan biri də hər rayon üzrə ayrıca qiymətin olmasıdır. Yevlaxda bu rəqəm 3,5-4 min, Goranboyda 3 min, Mingəçevirdə 5-7 min manat təşkil edir. Hər qəsəbədə bəlli sayda mənzillərin “yuxarılar”ın adamları üçün nəzərdə tutulduğu bildirilir. Həmin mənzillərin kirayə verildiyi deyilir. Hətta konkret rəqəmlər də var. Məsələn, Quzanlıda qaçqın və məcburi köçkünlər üçün tikilən 698 mənzildən 75-i kənardan gələn insanlara satılıb. Həmin evləri alan adamlar isə qaçqın olmayıb Bakıda, Beyləqanda, Bərdədə, Yevlaxda yaşayanlardır. Halbuki Ağdam ərazisində Dördyol və Mamırlı kəndlərində hələ də qarğıdan evlərdə ağır vəziyyətdə yaşayan qaçqınlar var. Hər şeydən acınacaqlısı odur ki, o insanlar həmin evləri alıb ağzını bağlayıb gediblər.
Rəsmi yalanlar...
Bir neçə gün əvvəl Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində geniş tərkibli kollegiya iclası keçirilib və cari ilin ilk yarısına yekun vurulub. Bir araşdımaçı marağı ilə komitənin iclasla bağlı açıqladığı mətnə göz gəzdirdik. Bəlkə də bu dəfə bizi maraqlandıran suallara cavab taparıq deyə. Amma yenə də nəticəsiz qaldı. Heç bir informasiya yükü olmayan, xərclənən milyonların, yüz milyonların qaranlıq taleyinə işıq salmayan, söz yığınından ibarət bir mətnlə üzləşdik. Guya ölkədə uğurlu iqtisadi siyasət həyata keçirilir və qaçqınlar, məcburi köçkünlər bu siyasətdən yüksək səviyyədə faydalanırlar. Siz də oxuyun: “Hesabat dövrü ərzində Azərbaycan respublikası Prezidentinin 2011- ci il 21 fevral tarixli sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin 2004- cü il 1 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” na Əlavələrin təsdiq edildiyi xüsusi vurğulanan kollegiyada bildirilmişdir ki, adı çəkilən Əlavələrdə 2015- ci ilədək məcburi köçkünlərin sosial müdafiəsini gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə uzunmüddətli, kompleks vəzifələr müəyyənləşdirilmiş və ötən müddət ərzində Komitə tərəfindən bu istiqamətdə bir sıra işlər görülmüş və tədbirlər həyata keçirilmişdir.
Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun struktur bölmələri ilə qarşılıqlı fəaliyyət nəticəsində 742 nəfər daimi işlə təmin olunmuş, 258 nəfərə işsizlik statusu verilmiş, 296 nəfərə işsizlik müavinəti təyin edilmişdir. 284 nəfər əmək bazarının müasir tələbləri əsasında peşə hazırlığı kurslarına cəlb olunmuşdur”.
Vəssalam... Qaçqın və məcburi köçkünlərə qayğı ilə bağlı sadəcə bu qədər məlumata malik ola bildik
Neftçilərin Hüquqlarını Müdafiə Komitəsi






5 Avqust, 2011  14:33 Baxılıb: 1563 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner